Medianews.az
Naxçıvan Konstitusiyası dəyişir, yeni idarəetmə modeli <span style=color:red>tətbiq olunur
305 baxış

Naxçıvan Konstitusiyası dəyişir, yeni idarəetmə modeli tətbiq olunur

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib. Medianews.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. İclasa sədrlik edən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin olunmasını zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Layihənin müzakirəsi ilə bağlı deputatlardan Təhminə Babayeva və Əziz Qasımov çıxış ediblər. Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul olunub. Medianews.az xatırladır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hazırkı tərkibi ötən il sentyabrın 1-də keçirilmiş seçkidə formalaşıb. Sentyabrın 26-da yeni tərkibdə ilk iclas keçirilib, Bəxtiyar Məmmədov sədrin birinci müavini, Arzu Abdullayev sədrin müavini seçilib. Bəxtiyar Məmmədov sədrin səlahiyyətlərini də həyata keçirir. Dairələr üzrə seçilən 45 üzvdən ibarət Ali Məclisin səlahiyyət müddəti 5 ildir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. Bölgədə qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini yerli Nazirlər Kabineti həyata keçirir. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Bölgənin baş nazirini ölkə prezidentinin təqdimatı ilə Ali Məclis təyin edir. 2022-ci il dekabrın 21-dən Ali Məclisin sədri postu boşdur. Həmin gündən sədrin səlahiyyətlərini birinci müavin Azər Zeynalov, 2023-cü il oktyabrın 5-dən müavin Anar İbrahimov icra edib. 2022-ci il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəliyini təsis olunub. Səlahiyyətli nümayəndə postunu Fuad Nəcəfli tutur. Naxçıvanın muxtariyyətinin rəsmi tarixi 1924-cü il fevralın 9-dan hesablanır. Status Rusiya və Türkiyə arasında Moskva müqaviləsi (16 mart 1921-ci il), Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi (13 oktyabr 1921-ci il) ilə rəsmiləşib. Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edib. Bu zaman Azərbaycanın həmin himayəni heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti qoyulub. Qars müqaviləsinə görə, Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlib.

Bizə qoşulun