Medianews.az
Almaniyada azərbaycanlı IT mütəxəssisləri birləşir -
160 baxış

Almaniyada azərbaycanlı IT mütəxəssisləri birləşir - Unikal platforma YARADILIR

Almaniyada yaşayan və Azərbaycan əsilli IT mütəxəssislərini bir araya gətirən yeni platforma fəaliyyətini genişləndirir.

Bu barədə Almaniyada yaşayan Bank sahəsində İT üzrə ixtisaslaşmış, İqtisadçı Murad Cəlalov məlumat verib.

Platforma Azerbaijan Digital Experts Group (ADEG) adlanır və Almaniyanın müxtəlif regionlarında yaşayan azərbaycanlı IT mütəxəssislərini vahid peşəkar şəbəkə altında birləşdirməyi hədəfləyir.

Sözügedən qrup IT sahəsində çalışan azərbaycanlı mütəxəssislər, proqram təminatı arxitektorları, tərtibatçılar, məsləhətçilər, tələbələr və bu sahəyə marağı olan peşəkarlar üçün şəbəkələnmə və bilik mübadiləsi məqsədi daşıyır.

Qrupun əsas fərqləndirici cəhətlərindən biri görüşlərin Almaniyanın tək bir şəhərində deyil, müxtəlif metropol və regionlarında təşkil olunmasıdır. Hər görüş fərqli şəhər və regionlarda keçirilir və hər bölgə üzrə ayrıca lokal icmalar formalaşdırılır.

Təşkilatçıların sözlərinə görə, bu yanaşma Almaniyanın iş bazarının coğrafi xüsusiyyətləri ilə bağlıdır. Belə ki, ölkədə böyük IT və texnologiya şirkətləri bir mərkəzdə cəmləşməyib. Şirkətlərin baş ofisləri Berlin, Frankfurt, Münhen, Köln, Essen və digər şəhərlərdə yerləşir. Bu da Almaniyada yaşayan azərbaycanlı mütəxəssislərin müxtəlif regionlara səpələnməsinə səbəb olur və çox zaman onların bir-birindən xəbərsiz qalması ilə nəticələnir.

Platformanın əsas məqsədi ilk mərhələdə regionlar üzrə azərbaycanlı IT mütəxəssislərini tanış etmək, peşəkar əlaqələr qurmaq, daha sonra isə bu regional qrupları bir-biri ilə əlaqələndirməkdir. Uzunmüddətli hədəf isə bütün regionları bir araya gətirən genişmiqyaslı ümumrespublika tədbirinin təşkili hesab olunur.

Qeyd edək ki, bu təşəbbüs Almaniyada azərbaycanlılar arasında IT sahəsi üzrə yaradılan ilk sistemli platformalardan biridir. Qrup fəaliyyətinə hələ ötən ilin oktyabr ayından başlayıb və bu istiqamətdə ardıcıl iş aparır. Son dövrlərdə oxşar təşəbbüslər yaradılsa da, təşkilatçılar bu platformanın ideya və icra baxımından ilkin və orijinal layihə olduğunu bildirirlər.

Hazırda qrup Almaniyanın müxtəlif regionlarında yaşayan azərbaycanlı IT mütəxəssislərini bir araya gətirməyə davam edir və gələcəkdə daha geniş tədbirlərlə çıxış etməyi planlaşdırır.

Qrup haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azerbaijan Digital Experts Group (ADEG) Eventbrite səhifəsi vasitəsilə iştirak edə və ya birbaşa Rüstəm Əhmədbəyli, Emin Həsənov və Murad Cəlalov ilə əlaqə qura bilərlər.

https://www.eventbrite.de/o/azerbaijan-digital-experts-group-108348016971

Bizə qoşulun