“Yazmadığım şeirləri
Pozuram ömrüm uzunu.
Gəzmədiyim şəhərlərdə
Azıram ömrüm uzunu.
Toyda ağlamağım gəlir,
Yasda gülmək tutur məni.
Yasda sevinirəm, sağam!..
Toyda ölmək tutur məni".
(Ramiz Rövşən)
İndi söz əlaqədar təşkilatlarındır. Mən bunu həmişə axırda yazıram, bəs niyə indi əvvələ düşdü? Yazını oxuyun, anlayacaqsınız.
Vaxtilə ölkənin ən bərkgedən yapistlərindən biri olmuş Sirus Təbrizli indi kimin yadına gəlir? Yəqin heç kimin. Onlar hamısı unudulacaqlar. Bunun pis, ya yaxşı olduğunu deyə bilmərəm. Ancaq mən Sirus bəyi tez-tez xatırlayıram, çünki bu adam YAP sədrinin müavini ola-ola həmin partiyanı kəskin tənqid eləmiş adama, yəni mənə şəxsən zəng vurub yazılarıma görə təşəkkürünü bildirmişdi. Təzadlı adam idi. Elə özünə də demişdim. “Bəy dediyin nədir, bəyənmədiyin nə” misalını çəkmişdim. Xüsusilə YAP-ın yaradılmasında rolunu xüsusi vurğulayırdı, bir dəfə onu buna görə də tənqid eləmişdim, yazmışdım nə ilə fəxr edirsən? Yaratdığın nədir axı? O zaman da zəng vurub xeyli danışmışdı, guya YAP-ın yaradılma vaxtı ilə sonrakı vaxtlarının fərqləndiyi haqda uzun nağıllar danışmışdı.
Bu günlərdə yapistlər arasında yüngülvari dava düşəndə məhz o yazımı xatırladım. YAP-ın qocaman nümayəndələrindən Maksim Musayevin “quyruğu” qapı arasında qalıb, Xızının icra başçısı onun öz nəvələrinə tikdiyi idman salonunu sökdürüb, indi Musayev keçmiş xidmətlərindən-zaddan dəm vurub icra başçısının əleyhinə danışırdı. Hətta arada saxtakarlıq edib özünü “91-lər” siyahısına salmışdı. (Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün 1992-ci ilin oktyabrında müraciət imzalayan 91 nəfərdən söhbət gedir). YAP mətbuat xidmətindən isə Maksim müəllimi kəskin tənqid elədilər, dedilər o, heç vaxt 91-lər siyahısında olmayıb, ümumiyyətlə partiya quruculuğunda öz xidmətlərini çox şişirdir.
Doğrudan da, xalq nə hayda, bunlar nə hayda... Sanki matah bir partiya qurublar, sanki milləti ağ günə çıxarıblar, indi də “kim daha çox əziyyət çəkdi bu yolda” davası edirlər. Mən o vaxt Sirus bəyə demişdim, indi burda təkrar yazıram: əgər YAP-ın qurulmasında hansısa xidmətim olsaydı, utandığımdan bunu heç yerdə deməzdim.
Bir-iki günə müstəqilliyimizin bərpasının 25 illiyi tamam olacaqdır, bu da həmin “utanmaq kateqoriyasına” daxildir. Şəxsən mən 89-91-ci illərdə iştirak elədiyim mitinqlərə görə indi xəcalət çəkirəm, çünki nəticə yoxdur. Torpağımız itirilib, iqtisadiyyatımız SSRİ-nin 70-ci illər səviyyəsindən aşağı düşüb, siyasi həyatda repressiya sovet KQB və milisinin repressiyasından min dəfə artıqdır. Bəs bu müstəqilliyimiz nədə görünür? Bayraq, gerb, pul və sairədə? Gerbi çörəyə yaxıb uşağa vermək olmur. O cümlədən, bu üçrəngli bayrağın altında çıxarılan hoqqalar Sovet Azərbaycanı bayrağı altındakılardan iyrəncdir. Üstəlik, 25 il sonra xalqı yenə zorla pambıq yığmağa basırlar. Müstəqillik bunun üçün lazım idi? Neynirəm o qızıl teşti ki, içinə qan qusacağam?
Bir uşaqdan yazmışdılar: sözləri, cümlələri sürətlə tərsinə oxuyurmuş. Bunu qeyri-adi qabiliyyət, təhsilimizin uğuru kimi göstərmişdilər. Hətta təhsil naziri Mikayıl müəllim Sabirabada pambıq qozası yığmağa gedərkən avtobusdan düşüb uşağa bir dənə “Millətin gələcəyi” fəxri fərmanı da vermişdi. Çox rəmzi uşaq idi. Hər şeyin “tərsinə dövran elədiyi”, yaxşı ilə pisin, xeyirlə şərin yer dəyişdiyi, atın qabağına ət, aslanın qabağına ot qoyulduğu bir sistemdə tərsinə oxumaq, əlbəttə, böyük istedad sayılacaqdır. Hətta bayrağı da çox zaman tərs asırıq. Düz oxuduq, bizdən bir şey çıxmadı, bəlkə tərs oxuyaq, nəsə alındı...
Riyaziyyatda bir tərs-mütənasiblik anlayışı var. Mütənasiblik iki kəmiyyətdən biri artanda o birinin də artmasıdırsa, bu tərs-mütənasiblikdə kəmiyyətin biri artanda o biri azalır. Siyasi elmə tərs-müstəqillik anlayışı gətirib buna misal olaraq Azərbaycanın müstəqilliyini göstərə bilərik: dövlətin müstəqilliyi artdıqca, vətəndaşın müstəqilliyi azalıb.
17.10.2016, 07:09
260 baxış
Zamin Hacı
Tərs müstəqilliyin düsturu