Medianews.az
Gül camalımız haqda
158 baxış

Gül camalımız haqda

img1389634
Bizdə heyranlıq bildirən bir ifadə var: “Yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə”. Məncə, biz bu ifadəni artıq iqtidara, onun uğurlu daxili və xarici siyasətinə nəzərən səsləndirsək, yeridir. İqtisadi durum ağırdır, yemək-içmək azalır, ancaq dekorativ gözəlliyimiz ki, hələ yerindədir! Çıxıb bulvarda pinqvin binaların fonunda ac qarına çoxlu şəkil çəkdirsək, ermənilərin bağrı çatlayar. 
Neft Şirkətinin istiqraz buraxması da çox xoş oldu, çünki mənə nənəmi xatırlatdı. Rəhmətlik arvad 1992-ci ildə ölüb, sağlığında, sovetlərin 80-ci illərində isə əsas məşğuliyyəti axmaq kommunist mətbuatında hərdən çıxan istiqraz nömrələrini axtarmaq idi. Demək, sovet hökuməti pis vaxtlarda camaata maaş əvəzinə çoxlu istiqraz-zad sırımışdı, sonra əlinə bir qədər neft pulu keçəndə bunu guya qaytarırdı, əslində isə lotoreya kimi oynayırdı - kimin istiqrazının nömrəsi uduşa düşsə, ona qəpik-quruş pullar verirdilər. Yazıq arvad da hər dəfə bu “zayom” çıxan qəzetləri əmimlə birgə qarşısına qoyub rəqəm tutuşdururdu. Çox az hallarda nəsə düşürdü.
İndi “gətirin 1000 dollar verin, sizə Neft Şirkətinin 1 istiqrazını sataq” söhbəti təxminən həmin məsələdir. Xeyir ola? Tutaq ki, kimsə aldanıb apardı yastığın altındakı pulu verdi, sonra Neft Şirkətinin dəyəri daha da düşdü - pulu kim qaytaracaq? Çünki burada qarant-zad yoxdur. Daha doğrusu, iqtidar bəyan edib ki, Neft Şirkətinin buraxdığı istiqrazın qarantı elə Neft Şirkəti özüdür. Bəh-bəh... Nə gözəl iqtisadiyyatdır. Mən bankdan beş manat pul alsam, əlli nəfəri zamin durmağa məcbur edirlər, sonra mən ölsəm, pulu o yazıqlardan tuturlar, ancaq özlərində qarant elə özləridir. Millət də yedi dərhal. Aydın məsələdir ki, bu istiqrazlar da oliqarxlara-filana zorla sırınacaq.
Yeri gəlmişkən, poçtumda Mehralı İsgəndərov adlı oxucumuzun təxminən bu temada maraqlı məktubu var, gəlin, oxuyaq: “Mən dövlətçiliyə kölgə salmaq istəmirəm. Ancaq millət olaraq anlamadığımız məsələ var ki, düşünməyə dəyər. (Yazıq camaatı gör necə sıxışdırıblar, bir kəlmə sözünü demək üçün də planetin o başından fırlanıb gəlir - Z.H.) Məsələn, mən və xanımım təqaüdçüyük. Təqaüdlər hər ayın əvvəli, yəni ayın 1, ya 2-sində verilməlidir. Lakin ayın 8-10-da, hətta elə olur 15-20-nə çəkir. Bu gecikməyə görə bank olaraq heç kimə heç bir faiz ödəmirlər. Lakin biz hər ayın 6-sı elə həmin banka kredit borcumuzu ödəməyə gedəndə gecikməyə görə nəinki hər günə, hətta hər saata görə faiz hesablayıb pul tuturlar. Əcəba, bizim dövlət bankı bildiyimiz bu bankın fırıldağından doğrudanmı prezidentin xəbəri yoxdur? Yox, xəbəri varsa, niyə tədbir görmür?”
Təəssüf ki, oxucu bankın adını yazmayıb, ancaq mənə də təəccüblü gəldi: belə dələduzluğu necə eləmək olar axı? Sən özün təqaüdçünün hesabına pulu vaxtında keçirmirsən, sonra isə başqa krediti ödəyərkən gecikməyə görə elə onun özündən cərimə tutursan. Nə deyim. Bu həyasızlığı təsvir eləməyə qələmim acizdir. Cabir müəllim demişkən, qoy millətdə ruh yaşasın!
Belə halların yaranması millətin öz günahıdır, ora-bura yozmağın mənası yoxdur. Misal üçün, təzəlikcə Lənkəranda bir hadisə olmuşdu, icra başçısı yuxarı balla universitetə girən tələbələri toplayıb onların hərəsinə bir elektrik çayniki vermişdi. İstəsə vedrə də bağlayardı, neyləmək olar? Məni isə başqa şey düşündürdü.
Hamı sosial şəbəkədə bu səfeh icra başçısını tənqid edirdi və demək olar hamıda motiv bu cür idi: nə üçün o, belə ucuz mükafat veribdir? Niyə xalqdan oğurladığından daha çox ayırmayıb və sairə?
Halbuki o icra başçısının normal dövlətdə ixtiyarı yoxdur kiməsə hədiyyə versin. Camaat, media basıb onun gözünü çıxardar, deyərlər, pulu hardan almısan?! Biz isə oğurluğa pis baxmırıq, təki bizə də ordan pay düşsün. Düşəndə də babat pay olsun, xırda-mırda dilənçi payına razı deyilik. Vəziyyət budur. Çayniki başçının başına çırpmaq əvəzinə, samovar istəyirik. Ona görə də nəlbəkimiz də yoxdur millət olaraq...

Bizə qoşulun