Rəhbərlik rayonlarda icra başçılarını xarici investor cəlb eləməyə çağıran günün səhərisi daha 3 iri xarici şirkət Azərbaycan bazarını tərk etdiyini bildirdi. Bunlardan biri neft-qaz sənayesinə, o biri yeyinti, ərzaq məhsullarına aid idi, üçüncüsü isə vaxtilə ölkəmizdə maşınqayırmadan tutmuş ticarətə qədər hər işə burun soxmuşdu.
Gəmi batanda onu birinci siçovullar tərk edirlər. Bilmirəm bu nə dərəcədə doğru informasiyadır - heç batan gəmini canlı olaraq görmədim. Bizim regionda gəmi batanda onu birinci kapitan, şturman və bosman tərk edir. Özü də camaatı ayaqlayaraq. Başlı başını saxlasın - el müdrikliyimiz belə əsaslandırmışdır.
Ümumiyyətlə, fikir versəniz bizdə istənilən alçaqlığa el müdrikliyi, ağsaqqal fikri ilə dayaq tapmaq olur. Misal üçün, öz aləmində eşələnən, xalqa, cəmiyyətə nifrətlə yanaşan mizantroplarımızın sevimli şüarı budur: “El üçün ağlayan göz kor olar”. O fikri vaxtilə deyən ağsaqqalın bəlkə də belə çirkin məqsədi olmayıbdır, ancaq kimdir bunu düşünən?
Əlqərəz, normal iqtisadi mühit olmadığından hamı burdan qaçır, üstəlik, mərkəzi hakimiyyətin və nazirlərin təmin edə bilmədiyi xarici investisiya axınını hansısa karikatur icra başçısının düzüb-qoşacağını fikirləşmək gülməlidir.
Normal iqtisadi mühit deyərkən nəyi nəzərdə tuturam? İlk növbədə, qanunlar işləməlidir, müstəqil məhkəmə, korrupsiyadan uzaq hüquq-mühafizə orqanları olmalıdır. Xarici iş adamı da bunu görüb gələcək.
Yoxsa adamlar qəzeti açırlar, görürlər Azərbaycan korrupsiya reytinqlərində ən pis yerdə, məhkəmələr heç Avropa Məhkəməsinin də qərarlarını saymır, Çovdarov adlı general 62 biznesmeni soyub, vaxtilə iş görməyə gələn “Barmek”in müdiri saçını boyayıb qaçıb və sairə. Sən biznesmen olsan belə yerə gələrsənmi? Düzgün adam gəlməz, əlbəttə, bulanıq suda balıq tutmaq istəyən beş-on fırıldaqçını, dələduzu çıxmaq şərtiylə heç kim gəlməz. Necə ki, özəlləşdirmə vaxtı Kojeni soyadlı beynəlxalq lotu gəlmişdi.
Bank sektoru çöküb, adamlar adicə dollar tapıb ala bilmir, batan kreditlər, intihar edənlər, dağılan tifaqlar, açarı itirilən devalvasiya, zənciri qıran inflyasiya...
Ölkənin iqtisadi problemləri birdirmi-beşdirmi? Ən pisi isə, bu problemləri aradan qaldırmağa nə siyasi iradə görünür, nə alababat komanda. Bir ayağı ayrı yerdə olan onurgasız hökumət başçısı və uşaqlarını bir-biriylə evləndirib korrupsiya mafiyasını möhkəmləndirən məmur tayfası ilə nə qurmaq olar ki? Uzağı xaricdə toyxana açmaq mümkündür.
Eyni problemi Rusiya da yaşayır. Təzə informasiya açıqlandı: Rusiya Maliyyə Nazirliyi avqust ayında dövlət büdcəsi kəsirini qapamaq üçün öz ehtiyatlarının 18 faizini xərcləyibdir. Bircə ayda! Təsəvvür edin, neft gəlirləri azalan Rusiya nə kökə düşür. Bizim də maliyyə ehtiyatlarımız eyni kosmik sürətlə azalmaqdadır.
Yeri gəlmişkən, avqustda rusların baş naziri Medvedev eynilə bizim Hadı Rəcəbli stilində açıqlama verdi, bütün ölkədə şəbədə temasına çevrildi. Müəllimlər maaşlarının azlığından şikayətlənirdilər, baş nazirsə deyib: “Müəllim şərəfli peşədir, bura kim pul qazanmaq üçün gəlirsə özünə başqa iş tapsın”.
Hərçənd, ruslarla cüzi fərqlərimiz qalır. Misal üçün, indi orda bir qalmaqal qopub, Moskva məktəblərindən birində müəllimin şagirdlərlə seksual əlaqələri haqda söhbət yayılıb. Ciddi müzakirələr getdi, Rusiya İstintaq Komitəsi işi araşdırır. Ortada deyəsən ciddi əlaqələrin sübutları yoxdur, həm də üstündən çox keçib, müəllim də artıq İsraildə yaşayırmış. Mən bu müzakirələri ağzımı ayırıb oxudum, çünki bizdə müəllimdən hamilə qalan uşaq var idi, cəmiyyət isə o məsələni qulaq ardına verdi. Moskvada məktəbin direktoru utandığından işdən çıxdı, bizdə isə rayon təhsil şöbəsi və direktor o həyasız “pedaqoqa” (pedofil də yazmaq olardı) haqq qazandırırdılar.
Sonda xarici investorları Aran rayonlarımızda qaratikan kolu əkməyə səsləyirəm. Çobanlar sürüləri yaylağa-qışlağa aparanda yunlar ilişib kolda qalar, sonra bunu yığ, əyir, xalça toxu, sat. Əməllicə projedir. Adını da “Yun vadisi” qoya bilərik, o Amerikada “Silikon vadisi” olan kimi.
08.09.2016, 07:13
359 baxış
Zamin Hacı
Yun projesi