Medianews.az
Küləyin sürəti
314 baxış

Küləyin sürəti

img1389634 (həyat mənzərələri) Marketdəyəm. Bir qadın satıcıya yaxınlaşır. 50-55 yaşlarında olar, bəlkə də çətinliklər daha tez qocaldıb. Hicab örtüb. Satıcıya deyir: “Pəncərələri silmək lazımdırsa, silim”. 3-4 nəfər kassaya növbədə durmuşuq, hamı başa düşür: bu qadın imkansızdır, pulu yoxdur, eyni zamanda dilənçilik də etmək istəmir. Qadın təkrarlayır, satıcı darıxır, mən utanıram. Yenə başqa bir dükan. Yenə kassa. İki nəfər - orta yaşlı ər-arvad kassirdən bu dükanda boş satıcı işi varmı deyə soruşurlar. Kassir deyir var, ancaq təcrübəli işçi istəyirlər. Qadın orta məktəbdə müəllim işlədiyini deyir. Kassir bir az ironiya ilə gülümsəyir: “Bu başqa xarakterli işdir axı. Üstəlik qrafikimiz ailəli adama sərf eləməz”. (Mən fikirləşirəm: “Xarakter sözünü bilir. Savadlı adamdır. Bəlkə dünənə qədər bu da müəllim olub?”) Kişi: “Öyrəşər də. Qrafikiniz, maaş nə qədərdir?”. Kassir: “Səhər saat 8-dən axşam saat 10-a qədər. Maaş 250 manatdan başlayır”. Ər-arvad kirimişcə, heç nə demədən, sağollaşmadan gedirlər. Parkdayam. Ana uşağını səsləyir: “Vural, bura gəl”. Bu nə deməkdir ki? Türkiyədə çoxdursa, bizdə də olmalıdırmı? İnsan uşağına niyə Vural adı qoysun? Vur, al - anlamı bu deyilsə, nədir? Belədirsə, valideynin zəkasına heyranam. Əsl azərbaycanlı adı tapıbdır. Yekəlsin, polis olsun, prokuror olsun, icra hakimi olsun, ən aşağı yeri universitet rektoru olsun, vurub alsın, çapıb talasın, millətimizi ləyaqətlə təmsil etsin, nəslin üzünü ağartsın! Bir oxucu zəng vurmuşdu. Bakıda yetərincə populyar qənnadı məmulatları şəbəkəsində yüksək vəzifədə çalışır. Deyir, standartlaşdırma idarəsi bizi boğaza yığmışdı, rüşvət istəyirdilər, vermirdik. Axırda bişirdiyimiz məhsullardan birinin içinə qurd atıb bizi cərimələdilər. Heyrətə gəlirəm. Sən demə, belə üsul da varmış. Cibə nəşə atıb, evə tapança qoyub adam şərləməyi bilirdim, ancaq şirniyyat məhsulu satanın ərzağına qurd atmaq yenilikdir. Adam telefonda bu əhvalatı danışır, mən isə Sergey Eyzenşteynin dünyada məşhur “Potyomkin zirehli gəmisi” filmini xatırlayıram. 1905-ci ildə Rusiya imperiyasının Qara dəniz donanmasına məxsus bu gəmidə üsyan qalxır, matroslar rəhbərliyi öldürür, sonra Rumıniyaya qaçırlar. Üsyanda qığılcım rolunu isə gəmidəki vaxtı keçmiş yeməklərdə qurd çıxması oynayır. Eyzenşteyn bu faktı həyatdan götürüb. 21-ci əsrdə Bakıda “peraşki”dən qurd çıxmasının buna nə dəxli var? Heç nə. Hamısı assosiativ düşüncəmin, tez-tez təəssürata qapılmağımın nəticəsidir. Facebook dostlarımdan Şahin Amanov yazmışdı: “Şağan kəndində əlillər evi var. Ora qurban kəsib apardıq. Biz binaya çatanda yuxarı mərtəbələrdən qadınlar ip salladılar, ipin ucunda qarmaq vardı, dedilər bizim payımızı qarmağa taxın. Beləcə, qurban ətinin yarısı gedəndən sonra aşağı mərtəbələrdən doğruçu əlillər çıxdılar, dedilər onlar əlil deyil, gərək əti verməzdiniz”. Bu da ayrı kinodur. Hazır ssenaridir, ver Əmir Kusturitsa kimi rejissora, şedevr bir səhnə yaratsın: əlillər evinin yuxarısında məskunlaşan parazitlər qarmaqla qurban əti tuturlar. Bizdə beləsini Vaqif müəllim çəkə bilərdi, ancaq indi onun əlində ayrı işi var: “Yaramaz televiziya” serialını çəkir, bütün sutka boyu efirə gedən bu serial dünyada unikaldır, təkrarsızdır. Sonda bir oxucu məktubundan sətirlər: “Tanışım yeni ev almışdı, sığortası da vardı. Külək ağacı aşırdıb eyvanın bir hissəsini uçurtmuşdu. Sığorta şirkətinə müraciət elədi, onlar dedilər ki, get Ekologiya və Təbii Sərvətlər Nazirliyindən küləyin sürəti haqda arayış al. Maraqlıdır ki, adam bunlara inanıb, gedib arayışı alıb, indi isə sığorta deyir, sən bu arayışı necə almısan?”

Bizə qoşulun