Bütün sivil dünyada, elm aləmində ekstrasenslik fırıldaqçılığın, yalanın bir növü sayılır. Bizdə isə dövlət nümayəndəsi - dini qurumlarla iş komitəsinin sədri Mübariz Qurbanlı görün nə deyir: “Ekstrasenslik dünyada da qəbul olunub. Lakin ekstrasens falçı deyil.
Ekstrasensliklə falçılığı eyniləşdirmək lazım deyil. Falçılıq primitiv şəkildə insanları aldadıb bu və ya digər formada insanların vəsaitini mənimsəmədir. Bu məsələdə bütün dünyəvi dinlərin hamısı bu cür hərəkətləri qətiyyətlə pisləyir. İslam dini də falçılığı və digər bu kimi hərəkətləri pisləyir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların əmlakını mənimsəmək yolverilməzdir. Buna qarşı mübarizə aparılmalıdır”.
Çox savadsız açıqlamadır, prinsipcə yapizmin görkəmli nümayəndələrindən biri olan adamdan ayrı münasibət gözləmək də mümkün deyil. Məsləhət görərdim Mübariz əkə Ceyms Rendi fondu ilə əlaqə saxlasın, bəlkə 1 milyon dolları uddu. Ceyms Rendi dünyada tanınan fokusçudur, özü də belə illüziyaların elmi ifşası ilə məşğul olur, insanları aldadan şarlatanlar üçün mükafat elan edibdir, deyir kim bu “ekstrasens, falçı, peyğəmbər, fokus qabiliyyətlərini” elmi şəkildə mənə isbat etsə, ona 1 milyon dollar verirəm. Mükafat neçə illərdir ayrılıb, ancaq hələ onu qazanan olmayıbdır. İndi Mübariz müəllim deyirsə ekstrasenslik düzgün əməldir, buna şübhə lazım deyil, yəqin isbatını da bilir.
Yeri gəlmişkən, Mübariz müəllim həmin açıqlamasında ekstrasensliyin guya falçılıqdan və başqa dələduzluq növlərindən müsbət mənada fərqləndiyini əsaslandırmaq üçün Tofiq Dadaşovun adını çəkir. Ancaq Tofiq müəllim də yolunu davam etdirdiyi Volf Messinq kimi adi kələkbazdan başqa bir şəxs deyildi. Bu temada keçən ilin 28 noyabrında “Yeni Müsavat”da “Messinqin kələyi” adlı yazımda qeydlərim var, təkrar etmək istəmirəm, kimin ürəyi çəksə internetdə tapıb baxa bilər. Yalnız bir şeyi yazım: əgər Dadaşov doğrudan da fikir oxuyurdusa, ekstrasens idisə, nə bilim, paranormal qabiliyyəti-zadı vardısa, bu qabiliyyət niyə SSRİ dağılan kimi, elektron qurğular tərəqqi tapan kimi yox oldu? Çünki indi hərənin bir videokamerası var, fokus göstərmək çətinləşibdir!
Ancaq Mübariz müəllimin bir fikri ilə yüzdəyüz razıyam: falçılıq doğrudan primitiv dələduzluqdur. İndi insanları, xalqları aldadıb ciblərinə girməyin daha sivil üsulları yaradılıbdır. Misal üçün, xalqın altından neft yatağını dartıb çəkirsən, qalır quru yerdə yanını qaşıya-qaşıya. Başını da Neft Fondu adlı oyuncaqla qatırsan, guya neft gəlirləri bura yığılacaq, qoyunlar fondun yanından keçəndə yunları çənlərə ilişəcək, həmin yunları yığıb satacaqlar, azərbaycanlıların indiki burnu fırtıqlı çolma-cocuqları da 3456-cı ildə bəy kefində yaşayacaqdır. Hətta ətrafda sülənən bəzi “qeheteşniklərdən” bu fondun şəffaf işləməsi temasında nəsə təşkilat-zad da qayırırsan. Vəssalam. Ondan sonra pulları bas ye, xaricdə hesablar aç, kef çək.
Yaxud 23 il camaatı “lazım gəlsə Qarabağ bizim olacaq” dələduzluğu ilə aldadırsan, lazım isə gəlmir. Bir az etiraz eləsən deyirlər günah sənin özündədir, əgər lazımın gəlməsinə ürəkdən inansaydın lazım gələrdi, İsa bulağında kabab yeyərdin.
Keçən həftə bir qadına dələduzluq maddəsi ilə 11 il həbs cəzası kəsdilər. O, Şəkinin yol polisində rəis işləmiş tipə 200 min manat “atmaqda” suçlanırdı. Heç kim soruşmadı ki, ay yol polisi müəllim, sən axı bu 200 min manatı necə yığmısan, maaşınla bunu əldə etmək çətin deyilmi? Əvəzində yazıq qadın dələduzu damladılar.
Ədalətsiz ölkədir. Akulalar kilkələr haqda “yırtıcılıq” maddəsi ilə hökm çıxarır. Donuzlar milçəkləri çirkaba bulaşmaqda, milçəklər də öz növbəsində ağcaqanadları vızıldaşmaqda suçlayır. Bunun axırı necə olacaq, gərək ekstrasens tapıb soruşaq...
23.08.2016, 07:13
439 baxış
Zamin Hacı
Ekstrasens Qurbanlı