Medianews.az
Məzələşdirmə proqramı, 3-cü hissə
435 baxış

Məzələşdirmə proqramı, 3-cü hissə

img1389634 Guya birinci və ikinci özəlləşdirməni çox yarıtmışdılar, mayda təzə özəlləşdirmə elan elədilər, millətin gözünə bir-iki ay da bununla kül üfürdülər. Hətta mən özüm necə həvəsə gəlmişdimsə istifadəsiz qalmış özəlləşdirmə çekimi axtardım, dedim girişim bu ciddi işə, dövlətçiliyimizə töhfə verim, iqtisadiyyatımızı dəstəkləyim və sairə. Ancaq məlum oldu özəlləşdirmə çekimi güvələr yeyiblər. Mayda verilən sərəncam ümumən çox zarafatcıl idi, misal üçün, orda Kərəm Həsənovun Dövlət Əmlak Komitəsinə (DƏK) özəlləşdirmə fəaliyyətini dayandırmaq əmr edilirdi, bu səlahiyyət dövlət başçısına verilirdi. Sanki Kərəm müəllimin komitəsinin bu işləri görməsi üçün səlahiyyətlərini buna qədər Gürcüstan prezidenti müəyyən edirmiş. Ya da belə anlaşılırdı ki, prezident öz komitə sədrinə etibar eləmir. Bəs onu işdə niyə saxlayır? Qəribədir. İndi isə 3 aylıq dəhşətli, genişmiqyaslı, cahanşümul, fısqırıq hazırlıqlardan sonra 3-cü özəlləşdirmə proqramı açıq elan olunub, özəlləşdiriləcək müəssisə və obyektlərin siyahısı internetə qoyulub. Ən ləzzətlisi odur ki, DƏK bu obyektlərə bütün planetdə, hətta deyərdim kainatda yaranacaq böyük marağı nəzərə alaraq onların yerləşdiyi ərazilərin Google.Maps - peykdən çəkilmə şəkillərini, koordinatlarını, o cümlədən fotolarını sayta yerləşdiribdir.(ttp://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r# adlı bir ünvandır, girin siz də tamaşa edin, şəxsən mən dünən xeyli baxdım). Bax, elə obyektlərin haqqında bu ətraflı məlumatları görəndə Kərəmi ağlamaq tutur. Kərəm Həsənovu yox, bu, ata sözündəki Kərəm obrazıdır. Öncə onu deyim ki, çağdaş iqtisadiyyat, özəlləşdirmə baxımından cəlbedici ola biləcək xidmət, telekommunikasiya, səhiyyə, infrastruktur kimi sahələrdə ümumiyyətlə 1 ədəd də müəssisə özəlləşdirməyə çıxarılmır. Sənaye bölümündə beş-altı obyektin adı var, onlardan yalnız Daşkəsən Filizsaflaşdırma Kombinatı bir az gurultulu ada malikdir, ancaq onun da xammalı polad istehsalı üçün artıq səmərəli deyil. Üstəlik, vaxtilə bu filizlər Gürcüstana, Rustaviyə aparılıb polad alınırdı, indi kim alar-almaz məlum deyil. Demək olar bütün bu “zavod” adlı obyektlər sovetdən qalma köhnə, hər mənada çürümüş bina və anbarlardan başqa bir şey deyil. Bəlkə 90-cı illərdə onları kiməsə sırımaq olardı, ancaq indi çətin ağlı başında kimsə bu zibil yığınına yaxın dursun. Əksəriyyəti 1961, 1971-ci illərdə tikilmiş “kombinat” və “zavodlardır”. Bildiyiniz kimi, SSRİ-də belə xəstəlik var idi, istənilən balaca sexə zavod adı qoyurdular, sən də deyirdin görəsən bu Mingəçevir Regenerat ZAVODU nə qayırmaqla məşğuldur. Sanki bir hərbi, dövlət sirri adı daşıyırdı. Sən demə maşında ayaq altına qoymağa rezin buraxırmış. DƏK bu “zavod-sex”in xarabalığını almaq üçün “qaz” axtarışlarını cəlbedici etməyə görün necə fənd işlədibdir: saytda yazıblar ki, bu zavodun emalı üçün xammal ölkə ərazisində müftədir. Yəni, hardan istəsən köhnə təkərləri yığıb rezin emal edə bilərsən. Əla təklifdir, vallah. Güvələrin evi yıxılsın, çekimi yeməsəydilər onu bu Degenerat Zavoda yatırardım. Məhlədə bir-iki köhnə təkər də gözaltı eləmişəm. Özəlləşdirməyə çıxarılan zavodcuqların hamısında hazırkı işçi sayı... 2 nəfər göstərilib, bəzilərində isə utanıb heç göstərməyiblər. Sizcə o 2 nəfər kim ola bilər? Mən ehtimalımı yazıram: biri zavodun direktorudur, o biri də həyətə toplaşan küçə itlərini qovmaq üçün saxlanan qarovulçu ağsaqqaldır. Hələ orda “Cəlilabad Məişət” ASC-nin binası var, göydələn kimi yerdir. Bir az uçub-dağılıb, qapı-pəncərəsində hörümçəklər tor qurub, ancaq özəlləşdir, sənin olsun. İstəsən söküb yerində dəlləkxana aç. Sökmədən hər mərtəbədə çayxana, domino oynamaq yeri, gəlin bəzəmə otağı kimi məişət işləri də açmaq olar. Cəlbedici olsun deyə DƏK obyektlərin yerləşməsinin üstünlüyünü açıqlayıb, misal üçün, çoxunda belə yazıblar: “Yaxınlığında avtomobil yolu var”. Nə yaxşı! Yoxsa fotodan elə zənn edirsən, misal üçün, İmişli Yağ-Pendir Kombinatı Suriyanın Homs şəhərində Əl Bağdadinin təzəcə tərk elədiyi binadır, koalisiya ordusunun raket atəşlərindən güclə qurtulubdur. Uca millətimizi bu böyük özəlləşdirmə münasibətiylə təbrik edirəm.

Bizə qoşulun