Azərbaycanlı ştanqist (məncə dilimizə çoxdan oturuşmuş bu sözü rəsmi lüğət tərkibinə qəbul eləmək lazımdır, “ağır atlet”, “ağırlıqqaldıran” kimi süni sözlərdən min dəfə yaxşıdır) Nicat Rəhimov Braziliya olimpiadasında Qazaxıstan bayrağı altında çempion olanda mən bir məşhur fikri xatırlamışdım: “Öz vətənində peyğəmbər olmaq mümkün deyil”. Doğrudan da, bu məsəl xüsusən biz azərbaycanlıların bədbəxt taleyinə aiddir.
Misal üçün, bir dəfə məşhur Klivlend klinikasında çalışan azərbaycanlı ürək həkimi ilə intervünü dinləmişdim. Ən gözəl bəstəkarlarımızdan Cavanşir Quliyev artıq 10 ildən çoxdur Kiprdə çalışır. Azərbaycan aktyorluq sənətinin ən koloritli simalarından biri Cahangir Novruzov da bəlkə 15 ildir Türkiyədə öz sənətini başqalarına öyrədir. Heykəltəraşlıq sənətimizin görkəmli nümayəndəsi Məzahir Avşar da Türkiyədə uzun illərdir dərs deyir. Mübariz Mənsimov və Vahid Ələkbərov, İsgəndər Xəlilov və Fərhad Əhmədov niyə Azərbaycanda milyonçu ola bilmirdilər? Ümumiyyətlə, bizim rəsmi milyonçumuz heç yoxdur. Qeyri-rəsmilər də hakimiyyət nümayəndələridir. Qeyri-qanuni milyonçulardır.
Bax, həmin qanunsuz milyonçular indi Azərbaycanın yetişdirdiyi istedadlı iqtisadçı mütəxəssislərdən birini - REAL hərəkatının (deyəsən partiyaya çevrilib, yanlış yazdımsa üzrlü saysınlar - Z.H.) icraçı katibi Natiq Cəfərlini... qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamıyla zindana atıblar. “Adımı sənə qoyum, səni də yana-yana” ata sözümüzdəki durum yaranıb. Biz REAL-ın sədri, 4 ildir tam qanunsuz həbsdə saxlanan - Avropa Məhkəməsinin “azad et” qərarını qulaq ardına verərək - İlqar Məmmədovun buraxılmasını gözləyirdik, bunlar isə üstəlik Natiq Cəfərlini tutdular. Belə görünür Putin və Ərdoğandan möhkəm ürək-dirək gəlib, repressiyaların yeni dalğasına kart-blanş alınıbdır. Ancaq mövzumuz bu deyil.
Mən keçən il Facebook sosial şəbəkəsində yarızarafat bir kölgə kabineti yaratmışdım, orda Natiq Cəfərlini baş nazir vəzifəsinə təyin eləmişdim. Onlarla paylaşım, minlərlə bəyənmə olmuşdu. Adamlar Natiq Cəfərlini doğrudan baş nazir sifətində görürdülər. Niyə də görməsinlər? Cəfərli mükəmməl iqtisadi analizləri, proqnozları ilə çoxdan medianın sevimli ekspertlərindən biridir. Sadəcə, bizim bədbəxt ölkənin başqa ölkələrdən fərqi elə bu cür adamlara münasibətdə üzə çıxır. Gürcüstanda Saakaşvili (ondan da qabaq Şevardnadze, çünki elə Saakaşvilini tapıb ortaya çıxaran, onu Tiflis meri edən Şevardnadze olmuşdu) Natiq Cəfərli kimi gəncləri nazir qoyaraq islahatlar keçirmişdi. Məhz bunun sayəsində Gürcüstan dünyanın iqtisadi azad ölkələri sırasında ilk onluqlara girirdi. Orda hökumətin orta yaşı 30-35 olanda bizdə 70-80 il idi. Yapistlərin gözündən iraq - tutmasınlar deyə yazıram - Qubad İbadoğlu da parlaq iqtisadçıdır, üstəlik alimdir, Qırğızıstan hökumətində məsləhətçi işləyirdi.
Necə olur, başqaları bu adamları görür, qiymətləndirir, Azərbaycan hakimiyyəti isə zindana salır?
Natiq Cəfərlinin həbsindən sonra bəlkə manatın kursu yüksəldi? Devalvasiya, inflyasiya dayandımı? Qeyri-neft sektorunda sıçrayış oldumu? İşsizlər işlə, pensiyaçılar bir torba pulla, yetim uşaqlar yağ yaxmacı ilə təchiz edildimi? Qanunsuz sahibkar Natiq Cəfərlidirsə, sizin qanuni sahibkarınız kimdir? Buyurun, adlarını açıqlayın.
Ancaq, yox, açıqlamaq mümkün deyil. Gülməli də olsa, bizdə bir-iki il qabaq ofşor qalmaqalları çıxanda qanunsuz bir qanun qayırılmışdır: indi nəinki cəmiyyət, heç jurnalistlər də kimin sahibkar olmasını öyrənə bilməzlər. Bütün dünyada korrupsiya ilə mübarizədə adi norma sayılan bu şəffaflığa yekə bir qıfıl vurulubdur.
Yəni, biz elə ölkədə yaşayırıq ki, qanunsuz sahibkarları tanımaq hüququmuz var və hüquq-mühafizə orqanları vaxtaşırı bizi bu “hüquqla” tanış edir, qanuni sahibkarları isə tanımaq haqqımız yoxdur. Absurddur, gülüncdür, dövlət adına karikaturadır, ancaq həqiqətdir. Əslində bu, dövlətin kriminallaşması əlamətlərindən biridir - qanuni işlər yox, qeyri-qanuni işlər haqda hesabat verilir. Bəlkə bu səbəbdən cəmiyyətdə kriminal kultu, axmaq bir “vor-zakon” prestiji yaradılıbdır. Bəlkə biz Saakaşvilinin hakimiyyətə gələn kimi bütün “vor-zakonlara”, oğru dünyasına savaş açmasının səbəbini indi başa düşə bilərik.
15.08.2016, 07:54
306 baxış
Zamin Hacı
Qanunsuzu bildik, qanunini göstərin