Medianews.az
Qoca Şərqin bağlı qapısı
235 baxış

Qoca Şərqin bağlı qapısı

img1830847 Şərqdə belədir, hakimiyyətə gəlmək istəyən siyasi qüvvənin iki böyük məqsədi olur: 1. Necə olursa-olsun, hakimiyyətə gəlmək. 2. Nəyin bahasına olursa-olsun, hakimiyyəti əldə saxlamaq. Üçüncü, dördüncü, beşinci məqsədlər də ola bilər, onlar da təxminən bu cürdür: xalqı dolandırmaq, dövlətin təhlükəsizliyini təmin etmək, ölkənin qüdrətlənib çiçəkləndimək və s. Yəni Şərqdə həmişə əsas məsələ hakimiyyətə yiyələnmək və hakimiyyəti əldə saxlamaqdır. Bunun içində hakimiyyətdən istifadə edib sərvət toplamaq, güclü qəbilə yaratmaq, hakimiyyəti bioloji varisləri ötürmək-filan da var. Ona görə də Qərbdə, Avropada iqtidar komandaları vaxtaşırı bir-birini əvəz etdiyi halda, Şərqdə hakimiyyətlər uzunömürlü olurlar. Hakimiyyətə bir gələn bir də getmək istəmir. Bu ambisiyalar üzündə ölkələr qana çalxanır, vətəndaş müharibələri baş verir, dövlətlər dağılır. Bəzən elə dövran yetişir ki, bir Şərq ölkəsində iki-üç il ərzində hakimiyyətlər bir neçə dəfə dəyişir, amma bu, əsasən xaos dövründə, keçid zamanında baş verir. Sonra biri gəlir və bütün ağırlığıyla dövlətin üzərinə çökür. Nə yazıq ki, Avropada iqtidarları tez-tez dəyişən ölkələr sürətlə inkişaf etdiyi halda, Şərqdə tez-tez dəyişən iqtidarlar xalqa fəlakət gətirir. Hakimiyyətlərin dəyişməsi prosesi Şərqdə çox ağrılı keçir, yalnız inqilablar, üsyanlar, hərbi çevrilişlər, vətəndaş müharibələri ilə müşayiət olunur. Budur, müsəlman dünyasının yeganə demokratik ölkəsi olan Türkiyə də artıq uzunömürlü iqtidar epoxasına qədəm qoyub və buna mülayim avtoritarizm vasitəsilə nail olub. İşə baxın ki, bu uzunömürlü və avtoritarizmə meylli hakimiyyət komandası Türkiyəyə iqtisadi nailiyyətlər qazandırıb, onu inkişaf etdirib. Ən maraqlısı da odur ki, bu komanda hakimiyyətdə möhkəmlənmək xəttini davam etdirir. Hər il və ya iki ildən bir qurulub-dağılan koalisiya hakimiyyətləri zamanı belə deyildi. Ölkədə siyasi xaosla yanaşı, iqtisadi hərc-mərclik də hökm sürürdü. Yaponiya, Cənubi Koreya, Kanada və başqaları tez-tez və dinc yolla dəyişən iqtidarların dövründə o cür yüksək inkişaf yolu keçiblər. Əsas məsələ ölkəni idarə edən bir qüvvənin digərinin yerinə qansız-qadasız, ağrı-acısız keçməsidir. Bu isə Şərqdə hələm-hələm baş tutmur. 21-ci əsrin bu vədəsində, Avropada seçki yolu ilə, dinc şəkildə hakimiyyətlərin dəyişməsi mexanizminin tətbiqindən yüz illər keçdiyi, monarxiya quruluşlarına son verildiyi, yaxud simvolik bir institut kimi saxlandığı bir vaxtda Şərqin gözü qədimi monarxiya quruluşlarındadır, xanədanlıq sistemindədir. Türkiyədə Osmanlı dövrünün nostaljisi artıq seriallar müstəvisindən çıxaraq ictimai şüura hakim kəsilməkdədir. Bu gün milyonlarla vətəndaşa elə gəlir ki, qurtuluş və səadət monarxiyanı, əski üsul-idarəni bərpa etməkdədir. O boyda Osmanlı imperiyasını süquta yetirən sultanların fərasətsiz, bəsirətsiz kimlikləri, ölkəni Avropa imperialistlərinin ayaqaltısına çevirərək, böyük dövləti məhv olmaq astanasına gətirmələri unudulub, deyəsən. Çoxları etiraf etmək istəmir, danır, ancaq 1915-23-cü illərdə Atatürkün öz millətinin taleyində oynadığı möhtəşəm rol və göstərdiyi fövqəladə xidmət olmasaydı, bu gün Türkiyə hansı vəziyyətdə, hansı sərhədlər çərçivəsində qalardı, ümumiyyətlə qalardımı - düşünmək lazımdır. Əvvəl-axır Şərq ölkələrinin əhalisi də kütləvi şəkildə demokratiyanın alternativi olmadığını, dövlətin qanunlar və demokratik prinsiplər əsasında idarə olunmasının zəruriliyini anlayacaqlar, amma bunun hansı yaxın yüzilliklərdə baş verəcəyi bilinmir. İndilikdə Şərq ölkələrində əhalinin bir qismi nicatı teokratik rejimlər yaradıb şəriət qayda-qanunları ilə yaşamaqda görür, bir hissəsi də hesab edir ki, mənasız seçkilərdənsə birdəfəlik orta əsrlərin padşahlıq rejimlərini bərqərar etməkdir. Bir hökmdar olsun, hamı da ona biət etsin, siyasi qarğaşa, ixtilaflar olmasın. Şərq xalqları güclü liderləri, asan-kəsən, basıb-bağlayan, hökmlü, qətiyyətli, qəddar rəhbərləri sevir, onlardan qorxur, yalnız onlara itaət edir. Demokratik liderlər Şərqdə lətifə personajına çevrilirlər. Xalq onlara “bambılı” deyir, soyadını ələ salır, barəsində şəbədə qoşur. Şərqin gələcəyi çox qaranlıq görünür, onun qapısı demokratiyaya bağlıdır. Avropanın yüz il əvvəl önəm verdiyi dəyərlər, tətbiq etdiyi meyarlar Şərqdə yüz ildən sonra bərqərar olacaqsa, böyük işdir.

Bizə qoşulun