Medianews.az
Novxanı çimərliyində milli həbsxana
1,038 baxış

Novxanı çimərliyində milli həbsxana

img1389634 Sürətli inkişafımızın tozanağına çata bilməyən 4 bank da bağlandı. Maliyyə sektorunda vəziyyət başqa iqtisadiyyat sahələrimizdəkindən daha ağlamalıdır, çünki hər işin başında, loru dildə desək, pul dayanır. Ancaq biz özümüzü elə aparırıq ki, guya heç zad olmayıbdır. Misal üçün, baş nazirimiz ola-ola, 1-ci, 2-ci və sairə vitse-prezidentlər də düzəldəcəyik. (Dəli şeytan deyir Konstitusiya Məhkəməmiz dəli ola, götürə referendum projesinə yox deyə. Sonra da onları tutub siyasi məhbusları buraxalar. Adı da ola postmodern Azərbaycan darbəsi). Bir vaxtlar dövlət katibi vəzifəmiz vardı, az qalmışdı Amerika olaq. 1-ci vitse-prezident vəzifəsini Artur Rasizadəyə tapşırmaq olar. Zarafat üçün. Xalq bir neçə ay da buna deyər-gülər. Bölgəmizin dünya ilə fərqləri çox aydındır. Elə götürək Türkiyədə olanları. Fövqəladə vəziyyət elan olunub, jurnalistlər də içində minlərlə şəxs damlanıb. Amerikada isə facebookun qurucusu Mark Zukerberq sınırsız internet projesi üçün yeni uçaq-dronun sınağını keçirir. Bu qurğu planetin əlçatmaz bölgələrinə saniyədə 10 qiqabit sürətlə internet ötürmə imkanı yaradacaq. Miqyas başqadır deyə bilərsiniz, ancaq Türkiyə özünü niyə 500 il qabaqkı kimi aparır axı? Tarixi faktdır: Osmanlı sultanı İkinci Bəyazid 1485-ci ildə... çap maşınını qadağan edən fərman imzalayıb. 250 il bu fərman Türkiyədə qüvvədə qalıb! Təsəvvür edin, nə qədər müddət itirilib, dünya, Avropa o vaxtlar hansı renessans yaşayıb, Qutenberqin inqilabi ixtirası insanlığı necə dəyişdirib. 1727-ci ildə, nəhayət, senzura ilə kitab çapına icazə verilib, ancaq o qədər biabırçı senzura olub ki, 1729-1800-cü illər arasında Osmanlıda cəmi 24 kitab çap edilib! 70 ildə 24 kitab. Həmin gerizəkalı sultanların türkləri yeniliklərdən təcrid etməsi üzündən 1800-cü ildə Osmanlıda əhalinin cəmi 2 faizi oxuyub-yaza bilirdi. İngiltərədə isə o zaman bu rəqəm 55-60 faizə çatırdı. Təəssüf ki, Türkiyəni indi də o tərəfə sürüyürlər. Qabaqlar fəxrlə baxdığımız Türkiyə televiziyaları indi 90-cı illərin AzTV-sindən fərqlənmirmiş. Hər gün zəhmətkeş yığıncaqları translyasiya edilir, kütlə toplaşıb “xaricdə yaşayan düşmənləri” lənətləyirmiş. Eynilə Oruellin “1984" romanında Böyük Qardaşın xoşuna gəlməyənlərin lənətlənməsi səhnələridir. Ordan kəskin şəkildə dönüb qayıdaq öz lənətlərimizin yanına. Bu günlərdə gördüyüm mənzərə şəxsən məni sarsıdıb. Əgər müstəqilliyi bunun kimi rəzalətlərə görə istəyirdiksə, kaş elə SSRİ yerində qalaydı. Ərz edim, siz də oxuyun, imkan olsa gedin baxın. Novxanıda Bakıdan gedəndə dənizə bir çıxış yolu var. Həmin yolun çimərliyə çıxan hissəsində keçən il hansısa quldur “My Beach Novxanı”, ya da “Miami” adlı bir yer düzəldib. Çimərliyin böyük hissəsi hasarlanıb. Hovuzlar-filan açılıb. Giriş 10 manatdır. İndi absurdu yazım: gün ərzində 1 nəfər də orda dənizə girmir. Kim ora girirsə, hovuzlarda çimir. Bəs bunu dənizin qırağında tikib millətin plyajını niyə əlindən almısınız, ay əbləhlər?! Bu hovuzları məntiqlə Novxanıya çatmamış çöllükdə də tikmək olardı. Qonşuda pulsuz ərazi var, orda hər kvadrata 3 nəfər düşür, bunlar isə böyük çimərliyi mənasız yerə “zanit” ediblər. Əslində buna da dözmək olardı, çünki onsuz Abşeron hər tərəfdən hasarla əhatə olunan yeganə yarımada kimi coğrafiya kitablarına düşübdür. Novxanıdakı absurd odur ki, hasarı təkcə dəniz qırağına çəkməyiblər, dənizə perpendikulyar da 2 hasar qayırılıb! Yolun quruluşu elədir ki, Novxanıdan dənizə düşən kimi bu “May Biç Novxanı” türməsinin ərazisinə girirsən və çıxa bilmirsən. Hasarlar düz yola qədər çəkilib ki, insanlar çıxa bilməyib məcbur hovuza girsinlər. Belə murdar “marketinq” ancaq Azərbaycanda mümkün olardı. Mədəniyyət və Turizm, Ekologiya Nazirlikləri, DİN, Novxanı bələdiyyəsi özlərində bir damcı qanuna hörmət tapıb o yola uzanan hasarları sökməlidir. İndi söz əlaqədar təşkilatlarındır - gedin Novxanı türmə-çimərliyində çimin.

Bizə qoşulun