Medianews.az
Böyüyən təhlükə
146 baxış

Böyüyən təhlükə

xalid kazimli kose 1 Dünən ölkə mediasında belə başlıqlı yazılar vardı: “İŞİD Azərbaycanda hücum hazırlayır?”; “İŞİD Azərbaycan polisini hədəfə alır”; “İŞİD ölkəmizdə təxribatlar törədə bilər” və s. Bu informasiyaların qaynağı bir idi. Müxtəlif başlıqlar verilsə də, bir çox saytlar bu xəbəri Türkiyə mediasında gedən informasiyaya istinad edərək vermişdilər. İndi kimlərsə bunu ciddiyə almaya, “xəbər qıtlığı çəkən jurnalistlərin stəkanda fırtına yaratmaq istəyi” ilə izah edə bilər. Amma məsələ bizim düşündüyümüzdən ciddidir. Ortada bir böyüyən təhlükə kabusu mövcuddur. Əslində hələ 6-7 il öncədən ölkəmizdə belə bir təhlükə vardı, sadəcə, hökumət vaxtında ayıq tərpənərək, getdikcə daha kütləvi və açıq şəkildə mütəşəkkilləşməkdə olan radikal dini təriqətləri kontrol altına ala bildi. Radikal təriqət üzvlərinin potensial terror şəbəkəsinin yerli qurumlarında birləşdirkləri heç kəsə sirr deyildi. Startda onlar olduqca sakit, ibadət əhli kimi görünür, ölkədaxili siyasətə qarışmırdılar. Ancaq elə ki, söhbət regionumuzda bir-biri ilə çəkişən teokratik rejimli dövlətlərin mübarizəsinə gəlirdi, bu adamlar birtərəfli və radikal mövqe tutur, kəskin fikirlər səsləndirirdilər. Bir də ölkəmizdə fəaliyyət göstərən radikal dini sektanın toruna düşənlərə yaxından bələd olanları ara söhbətlərində tez-tez işlətdikləri bir ifadə vardı: “Siz bilmirsiniz, bir gün bunlara xaricdən əmr gəlsə, görərsiniz, nələr edirlər”. Vaxt dolandı, o gün gəldi: yüzlərlə radikal təriqət üzvləri səfərbər olunaraq əvvəlcə Əfqanıstana və Pakistana göndərildilər. Bunu İŞİD-in və “Əl-Kaidə”nin yerli “hərbi komissarlığı” kimi rol oynayan məscidlər, ocaqlar təşkil edirdi. Bir ara o cür “səfərbər edib göndərmələr”in bir neçəsi ətrafında böyük qalmaqal yarandı. Çünki Pakistana göndərilənlər ADNA tələbələriydi. Nazirlik və universitetin rektorluğu işə qarışdı, bu hadisənin təsadüfi bir şey olduğunu, narahatlığa əsas olmadığını bildirdilər. “Hərbi komissarlıqlar” isə gecə-gündüz işləyirdi. Sonradan yerli “mücahidlər”in cəlb olunduğu cəbhə xətti Əfqanıstan və Pakistandan Suriya və İraqa dəyişildi, həm də kütləvilik artdı. Artıq Bakıdan, Sumqayıtdan, Gəncədən, Qax-Balakən və Quba-Qusar zonasından İŞİD üçün yüzlərlə döyüşçülər göndərilirdi. Ən pisi o idi ki, gedənlərin bir çoxu ailə-uşaqlarını da aparırdılar. (Bu gün onların əksəriyyətinin taleyinin necə olduğu bilinmir, xüsusilə də öldürülən ərlərin dul qalan qadınlarının və yetim qalan övladlarının harada, necə, hansı vəziyyətdə olmaları barədə səhih xəbər yoxdur). Belə olanda dövlət strukturları, nəhayət, hərəkətə keçdilər, İŞİD-in ölkəmizdəki “hərbi komissarlıqları”nı dağıdıb, “komissarlar”ı zərərsizləşdirdilər. Daha sonra Suriyada döyüşüb ölkəyə qayıdanların həbsi və mühakimə edilmə prosesi başladı. Eyni zamanda Suriyaya, İraqa getməyə hazırlaşanların yollarında əngəllər yaradıldı, potensial çağıırşçılar nəzarət altına götürüldü. Yəni İŞİD-in Azərbaycanda təhlükəlilik əmsalı bu kimi tədbirlərin nəticəsində aşağı düşdü, amma o sonadək aradan qaldırılmadı. Üstəlik, radikal sektantlara baş terror mərkəzindən gələn əmrin məzmunu yerli radikalların ağır döyüşlər gedən zonaya gəlmələrindən ibarət idi, əgər onlara öz dağıdıcı fəaliyyətlərini yaşadıqları ölkədə gücləndirmək göstərişi gəlsəydi, bu gün müvafiq durum ölkəmizdə daha fərqli ola bilərdi. Atatürk hava limanında törədilən dəhşətli terror aktından sonra vəziyyətin dəyişdiyi hiss olunur. İndi baş terror mərkəzi hesab edir ki, Türkiyə terrorçu tranzitinə yol vermək istəmirsə, Azərbaycan yerli çağırışçıların səfərbərliyinə şərait yaratmırsa, demək, hansısa formada cəzanı haqq edirlər. Bu baxımdan xarici mediada Azərbaycanın terror hədəfi kimi göstərilərək adının çəkilməsi havayı söhbət deyil, mütləq ciddiyə alınmalıdır və baş terror mərkəzinin ölkəmizdəki strukturlarının fəaliyyəti daha ciddi şəkildə lupa altına götürülməlidir. Onlar vaxtilə bu ölkədə (Gəncədə, Balakəndə, Zaqatalada, Sumqayıtda, Bakının ayrı-ayrı qəsəbələrində) dəfələrlə silahlı müqavimət göstərib, xırda miqyaslı terror aktı törədiblər, yenə də edə bilərlər.

Bizə qoşulun