Medianews.az
Amerika dağılır, Bəxtiyar müəllim isə yatır
275 baxış

Amerika dağılır, Bəxtiyar müəllim isə yatır

zamin yeni raz
Bakıda vəkil bürosunda işləyən bir dostum var. Deyir müdirimiz əlləm-qəlləmin yekəsidir, eləmədiyi fırıldaq qalmayıbdır. Təsəvvür edin, bir dəfə bunlar bir qatili müdafiə etməli olublar, həmin adam qaynını, qaynanasını tüfənglə vurub öldürübmüş, qaynatasını yaralayıbmış, qaynı arvadına da deyib ki, səni öldürəcəyəm, gülləsi qurtardığından öldürə bilməyib. 
Arvadının başına isə necə oyun açıbsa yazıq qadın özünü yandırıb, qonşular söndürməsə öləcəkmiş. Bizim şanlı vəkil isə bu tip haqda məhkəmə vəsatətində qeyd edibmiş: “Bu insan bütün ömrünü xoşməramlı işlərə sərf edib.
Ömründə heç kəsə güldən ağır söz deməyib. Hamı onu xoş rəftarlı, mədəni insan kimi tanıyır” və sairə. Ancaq hakim ondan bic imiş, bu tərifnaməni qəbul eləmir. Bu zaman vəkil valı tərsinə çevirib təzə vəsatətlər qaldırır, orda yazır: “Müdafiə elədiyim şəxs ruhi xəstədir, psixoloji problemləri vardır, dəlidir. Bunun bütün qohum-əqrəbası, nəsli də dəlidir. (Hardansa bu haqda saxta sənədlər də düzəldib işə əlavə edirmiş - Z.H.). Hamısı Maştağada dispanserdə qeydiyyatdadır. Bu, qarşısına kim çıxsa onunla dalaşırmış” və sairə.
Bunu niyə yazdım? Məncə, həmin vəkil əsl azərbaycanlıdır, hakimiyyət sistemimizə ən uyğun adamdır. Axı bizim yapist yoldaşlar da tez-tez valı dəyişirlər, ağıla gəlməyən yalanlar quraşdırırlar. Misal üçün, neftin baha vaxtında manat guya dünyanın ən möhkəm valyutası idi, hətta xaricilərə deyirdilər pulunuzu gətirin, manata çevirin. Bill Qeyts bunun küyünə düşüb 55 milyard dollarının hamısını manata çevirib “Zaminbank”a qoymuşdu. İndi isə kasıbçılıqdır, deyirlər neftdən gözümüzü çəkmişik, kənd təsərrüfatını inkişaf etdiririk.
ABŞ-da hansısa senator bunların əleyhinə bəyanat verəndə Amerika düşmən elan olunurdu, Bəxtiyar müəllim öz qəzetəsində az qala Obamanın yeddi arxa dönənini Keniyadakı qəbirdən (bəlkə də aslan qarnından) çıxarıb “Azərbaycan” nəşriyyatının böyründə Çəmbərəkənd qəbristanlığının divarına söykəyib üzlərinə tüpürürdü. Ancaq sonra Amerika ilə münasibət bir balaca düzəlirdi, hansısa rəhbərimiz Nyu Yorkda gəzməyə dəvət alırdı, bu zaman isə ABŞ-Azərbaycan münasibətləri “Əsrin diplomatik qardaşlığı” adıyla tərənnüm edilirdi. Kefin istəsə bunu oynaq diplomatiya, çevik xarici siyasət saymaq olar.
Yeri gəlmişkən, təzəlikcə orda konqresmen Smit müəllim yenə köhnə palan içi töküb, deyir Azərbaycana qarşı sanksiya tətbiq olunmalıdır. Təəssüf ki, ölkəmizdən buna cavab gözə dəymir. Deputatlar hardasa arxalarını günə verirlər. QHT sektoru mədə-bağırsaq sənayesində şəffaf yeyinti koalisyonu seçkilərinə məşğuldur. Başqa hurrey-patriotlarımız da hansısa cəhənnəmə yoxa çıxıblar. Bəs Smitin cavabını kim verməlidir? Özü də adam yanıb tökülür, ortada Amerikanı ifşa edən, orda insan haqlarının pozulmasını sübut edən qaynar xəbərlər əl yandıran bir məqamda! Son günlər Amerikada qaralarla ağlar bir-birini qırır, neçə polis və zəhmətkeş öldürülüb. Bəs Azərbaycan niyə buna münasibət bildirmir? Məncə deputat Rövşən müəllimin köhnə qətnaməsi təzədən tapılıb ortaya qoyulmalıdır: polislərin zənciləri, zəncilərin də polisləri öldürməsinə görə Azərbaycan ABŞ-a sanksiya tətbiq etməlidir. Barak Obama Zuğulba çimərliyinə həsrət qalmalıdır!
Sonda onu da qeyd edim ki, Avropa futbol çempionatında Portuqaliyanın qalib gəlməsi SOCAR-ın turnirə sponsorluğu ilə sıx bağlıdır. Çünki bizim diplomatik uğurlarımızdan biri vaxtilə Portuqaliyada, Lissabonun Sammit şəhərində qazanılmışdır! Düzü yadımda qalmayıb nə uğur idi, ancaq nəsə çox zırpı uğur idi, millətimiz uzun müddət bilmirdi həmin uğuru hara yerləşdirsin, çünki respublikaya sığışmırdı.

Bizə qoşulun