Medianews.az
94 qəpiklik nazirlik
829 baxış

94 qəpiklik nazirlik

img1389633
Azərbaycanda ən bərbad xidmətlərdən biri rabitə xidmətləridir. Təsəvvür edin, dünya artıq internet üzərindən cərrahiyyə əməliyyatı da aparır, ancaq bizim rabitə xidmətlərinin haqqını elektron qurğular, ödəmə aparatları vasitəsi ilə vermək imkanımız yoxdur. 
Qotur bir telefon abunəsini ödəmək üçün gərək poçta gedəsən. İnternet sahəsində inhisarçı “Bakinternet”in aylıq haqqını da həmçinin elektron ödəmək imkanı yaradılmayıb, mütləq hansısa poçta girib bir tiplə üz-üzə gəlməlisən. Əli Abbasov işdən çıxarıldı, yerinə başqa nazir gəldi. MTN əhvalatında rabitə sektorundan da xeyli cinayətkarı dənlədilər, türmələrə doldurdular. Di gəl, vəziyyət dəyişmədi ki, dəyişmədi. Adam özünü Mirzə Cəlilin “Poçt qutusu” hekayəsinin qəhrəmanı kimi hesab edir - bunların üzündən.
İki gün qabaq isə bizim ev telefonunu kəsiblər. Abunəni, internetin haqqını bir neçə ay qabaqdan ödəyən adam kimi təəccübləndim. Beynəlxalq danışıqlara çıxış imkanlarını da neçə il öncə ATS-ə ərizə verib bağlamışam. Bəs telefon niyə xəbərdarlıqsız bağlanıb? Gedirəm poçta, tragikomik bir məlumat alıram: “119-a iki dəfə zəng etmisiniz, bu da 94 qəpik edir. Buna görə telefon kəsilib”. İlk dəfədir belə xidmətin olduğunu öyrənirəm. Sən demə, nəsə sorğu xidmətidir, hər dəqiqəsi 47 qəpikdir. Bizdən 2 dəqiqə gedib. Kim edib, bilmirəm. Bəlkə də uşaqlar qurdalayıb. Hər halda, internet dövründə hansısa gerizəkalı xidmətdən sorğu öyrənəcək halım yoxdur. Ancaq axı bu nə matah şeydir ki, bunun dəqiqəsi 47 qəpik olsun? 60 saniyəyə ordan bizə nə qiymətli kəlam öyrədəcəklər? Məncə, çox həyasız qiymətdir.
O cümlədən, qəpik-quruşa görə telefon bağlamağın mənası nədir? Hələ məndə 94 qəpik idi, poçtda 20 qəpiyə görə də telefonu bağlanan zəhmətkeş var idi! Dəlixanadır.
Məni ən çox yandıran bu əhvalatın həm də italiyalı deputata AŞ PA-da yalan danışması üçün verdikləri rüşvətin əyan olmasıyla eyni vaxta düşməsidir. Axı yapistlər Azərbaycandakı repressiyanı ört-basdır üçün verdikləri o rüşvəti məhz rabitə sektoru, konkret “Baktelekom” dövlət şirkəti üzərindən ötürüblər. Demək, Luka Volonte-yə 2 milyon 390 min avro rüşvət vermək olur, ancaq Zamin Hacının 94 qəpik borca görə telefonunu kəsirsiniz? Utanın ölün. Ayıb olsun. Gələn dəfə heç olmazsa imkan verin borc 2 manat 39 qəpiyə-zada qalxsın. Kosmik-asan-xidmətli-formula-1-sokar dövlətimizə yaraşan rəqəm deyil 94 qəpik.
Yaxşısı budur, sizə Latviyadan nəql edim. Görün dünyada necə gülməli, karikatur dövlətlər yaranıbdır. Özü də dünənə qədər bizimlə eyni ittifaqda idilər, indi isə tamam korlanıblar. Söhbət Latviyadan gedir. Yaxın oturun.
Dünən Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs rəsmi şəkildə xalqdan üzr istəyibdir, korrupsiyaya yol verdiyini, xalqın əmlakını çırpışdırıb ofşora yatırdığını, uşağını polis rəisi, arvadını icra başçısı, bacanağını JEK müdiri, nənəsini bələdiyyə sədri qoyduğunu etiraf edibdir... Zarafat edirəm, ağlınız bizə getməsin. Latviya ədliyyə nazirinin üzrxahlıq səbəbi Azərbaycandan baxanda çox gülüncdür.
Demək, mart ayında bu adam təzə evə köçürmüş, bir şkafı daşımaq üçün Ədliyyə Nazirliyinin mikroavtobusundan yararlanıb! Sürücüyə də buna görə 20 avro verib, şkaf gəlib çıxıb evə, ancaq qurdlu jurnalistlər hardansa xəbər tutublar ki, nazir iş yerinin avtobusundan şəxsi məqsədlər üçün yararlanıb. Bah! Üç aydır buna görə naziri itqusdu ediblər, doğulduğuna, təzə ev aldığına, şkaf daşıdığına peşmandır. İndi nazir deyir üzrlü sayın, nahar vaxtı idi, başqa maşın tutmağa vaxt olmadı, ancaq başa düşürəm, peşə etikasını pozmuşam, qara başım qurban olsun Latviya xalqına, dövlətə dəyən zərəri ödəyirəm, istəsəniz istefa verim!
Vallah, belə etsələr bir gün başqa xalqlar da quduracaq, nazirdən xalqa xidmət tələb edəcək. Rabitə nazirimizə deyək, bunun da hesabına bir-iki milyon atsın, özünə şkafdaşıyan avtobus alsın. Pis nümunə yoluxucu olur. Pulun 94 qəpiyini də mən qoyuram, təki bizdə elə bambılı nazirlər yaranmasın. Nazir şkaf kimi olmalıdır, xalqı da minib gəzməlidir.

Bizə qoşulun