Tək şeytan detallarda gizlənmir, həm də ölkənin analoqu olmayan iqtisadi inkişafını xəbər lentlərinə çıxan balaca-balaca, qırıq-qırıq sözlərdən görmək olar. Bu mozaik parçaları toplayıb ölkəmizin pannosunu qurmaq mümkündür.
Misal üçün, Bakıətrafı kəndlərə gedən yollar təzə təmirdən çıxıb, nadir hadisə olaraq onların qırağında yağış suyunu axıtmaq üçün şəbəkə torlar da qurulubdur. Kasıblıq həddindən qurtulmuş, dünyamiqyaslı yarışlar qayıran Azərbaycan xalqı isə gizlincə gedib o yağış torlarını oğurlayıb satır metal əritmə sexlərinə. Yol idarəsi deyib ki, bunların biri 30-40 manata başa gəlir. Camaat bunu oğurlayıb neçəyə satır - deyə bilmərəm, əməliyyatda iştirak etməmişəm. Ancaq burada bir ümumxalq “müdrikliyimiz” də öz əksini tapmışdır, uca millətimiz həmin metalları əslində öz cibindən oğurladığını anlamır. Çünki yol idarəsində oturan oğruların ürəyincədir xalq həmin dəmirləri çırpışdırsın. Axı təzədən büdcədən vəsait almaq, yeyinti imkanları yaranır. Büdcə isə elə xalqın öz vəsaitləridir. Dünyada beləcə öz cibinə girən xalqlardan az qalıbdır, qədrini bilin.
Yaxud əhalisi Binəqədi rayonu qədər olan İslandiya Avropa Çempionatında iştirakçıdır, biz isə milyonlarla neft pulu israf edilən futbol təsərrüfatımızın günü-gündən dala getməsinə cavab verəcək adam tapmırıq. Bunun əslində bir cavabı var: “Panama sənədləri”ndə İslandiya baş nazirinin adı çıxanda xalq nümayişə çıxmış, nazir dərhal istefaya getmişdi, bizimkilərin adı isə o sənədin az qala hər səhifəsindən çıxsa da kimsənin vecinə olmadı, xalq həmişəki kimi mızıldandı ki, əşi, bunlar yeyib doyublar, başqası gəlsə lap sümüyümüzü gəmirəcək, gedək görək hardan yağış dəmiri qopardırıq. Ancaq biz hesab edək bu cavab yoxdur, ölkəmizin neft şirkəti isə çempionatın stadion qıraqlarına adını yazdırmaqla dünya şöhrəti qazanacaqdır. Hər halda, ölkə çempionatında iştirak üçün heç olmazsa yalandan 10-12 komanda qayırın, yoxsa biabırçılıqdır.
İdmandan söz düşmüşkən, bu yaxında ştanqistlərimizin bir çoxu dopinq testində ilişdilər, keçən illərdə aldıqları medallar əldən getdi, bir neçəsi isə uzun müddətə yarışlardan qovuldu. (Bu mənada idman təsərrüfatımızın rəhbərləri 3-4 yoluq medal alınanda yaxşı olar çox da atlanıb-düşməsinlər, bunu bayram eləməyi dopinq testlərin cavabı gələndən sonraya saxlasınlar. Yoxsa absurd durum yaranır: indinin özündə bəzi idmançıların qələbələri telekanalizasiyada, manısların klipində-zadda uğurumuz kimi təbliğ olunur, Beynəlxalq Olimpiya Komitəsi isə həmin medalları tutub alıbdır. Bir növ, MN-in Talış kəndini guya geri aldığı günlərdə hansısa “ağıllı” zabit və müxbirin əllərində “Talış” yazılan yol işarəsi ilə gəzib orda-burda çəkiliş eləməyi kimi bir şeydir. Kənd yoxdur, lövhə bizdədir. Medal gedib, klipi qalır). Demək, mən dopinqdən keçməyən həmin “milli ştanqistlərimizin” - təəssüf ki, ölkəmizdən bəhs edəndə az qala hər sözdə istifadə edilən dırnaq işarəsiz burda keçinmək olmur, çünki bu idmançıları Bolqarıstandan-filandan pulla alıb gətirmişdilər - yarışda neçənci yer tutmağına baxdım. Eləsi vardı 8-9-cu yeri tutublar. Əgər bu gülməşəkər idmançı dopinqlə 9-cu yerə çıxıbsa, dopinqsiz neçənci olardı? Oğurlayırsınız, başa düşürük, yaxşı edirsiniz, bizdə çapqınçıya, oğru-quldura tarixi el məhəbbəti vardır, ancaq heç olmazsa nəticəsi olan oğurluq edin.
Sonda bir detal da müxalifətdən yazaq, guya balans yaradaq. Müsavat Partiyası ilə bir NİDA vətəndaş hərəkatı fəalı arasında yüngülvari söz atışması olub, fəal deyib ki, nə üçün İsa Qəmbərin partiya qərargahında kabineti çox yekədir. Müsavatçılardan biri də onun bu xoşagəlməz sualına bənzər tərzdə cavab veribdir. Sosial şəbəkədə “dialoq” davam edib. Məncə, müsavatçılar onu-bunu suçlamasınlar, ilk növbədə günahı özlərində axtarsınlar. Fikirləşsinlər ki, nə üçün bütün ölkəyə rəhbərlik iddiasında və potensialında olmuş bir partiya indi öz liderinin kabinetinin ölçüləri ilə “ictimai” müzakirəyə çıxarılır?
Necə ki, “bütün müsəlman Şərqində filan-filan şeyləri ilk dəfə edən xalq” indi yağış toru çırpışdırır.
28.06.2016, 07:18
306 baxış
Zamin Hacı
Yağış toru adamları