Medianews.az
Mötərizəni niyə bağlamadım
356 baxış

Mötərizəni niyə bağlamadım

img1389634 Dünən xəbər lentində prezidentin mətbuat xidməti rəhbərinin 3-cü dərəcəli “Vətənə xidmət medalı” ilə təltif olunmasını görəndə açığı, öncə çox pis oldum. Ona görə yox ki, hörmətli Azər müəllim 2004-cü ildən bəri daşıdığı bu ağır, çətin, məsuliyyətli, şərəfli peşəni pis yerinə yetirir, bu medala layiq deyildir. Qətiyyən. Hətta daha yaxşı ordenlərə, medallara layiqdir, sadəcə bizdə dövlətçilik elə qurulubdur ki, “Şöhrət” ordenini katibəsinin də tanımadığı tiplərə, “İstiqlal” ordenini müstəqilliyin əleyhinə səs verənlərə, “Şərəf” ordenini isə axırıncı şərəfsizlərə təqdim edirik. Kim “Vətənə xidmət” ordeni alırsa deməli yaxşı çalışıbdır. Azər müəllim isə hər həftə yerli jurnalistlər, ayda bir dəfə xarici jurnalistlər, hər üç aydan bir isə qalaktikalar arası kosmik gəmilər üçün cənab prezidentin mətbuat konfranslarını təşkil etməsi, bütün informasiya sorğularına ətraflı, detallı, tarixi sənədlərlə bərkidilmiş, rəsm əsərləri ilə süslənmiş, musiqili konvertlərə qoyularaq bəstələnmiş cavablar verməsiylə yadda qalmışdır. İnsan o dərəcədə peşəkardır ki, hətta jurnalistlər heç bir sorğu, sual göndərməyəndə də onlara cavab verir! Sanki bunu altıncı hissi, intuitiv aparatı vasitəsiylə başa düşür. Örnək üçün, dəfələrlə olub, yazı yazdığım yerdə məndə hansısa sual yarananda qəfildən ekranın küncündə Azər müəllimin danışan holoqramı peyda olub, “Bu cümləni elə yaz, bunu da belə yazsan başın ağrımaz” deyə peşəkar məsləhətlərini vermişdir. Bəs mən niyə pis oldum? Bayram eləmək, tort almaq, şam yandırmaq yerinə? Yazım. Səbəb sadəcə ondadır ki, son illərdə bu “filan dərəcəli filan işə görə 3-cü dərəcəli medalı” adətən cəbhə xəttində düşmən gülləsindən həlak olan əsgərlərimiz alırlar. Mən də qorxdum, elə bildim Azər müəllim, dilim-ağzım qurusun, hardasa vətənə xidmətin qızğın anlarında şəhid olubdur. Şükür, belə deyilmiş. Gələcəkdə bənzər problemlər yaranmasın deyə mən təklif edərdim cəbhədə həlak olanlarımıza 3-cü dərəcə medal yox, 4-cü, 5-ci, 6-cı dərəcə medallar verilsin. 3-cü dərəcə onlar üçün çoxdur, üstəlik administrativ qarışıqlığa səbəb olur, dövlətçiliyimizi sarsıdırlar. Ümumiyyətlə, bizdə söz azadlığına, şəffaflığa, xalqın informasiya almasına yüksək səviyyədə dövlət qayğısı vardır. Misal üçün, dünən elə başqa bir sərəncamla Mənzil İnşaatı Dövlət Agentliyinə mətbuat xidməti rəhbəri təyin olundu. Bu agentlik lap təzə yaradılıb, ortada nəinki bina, heç çertyoj yoxdur. Bir adam da bilmir ki, dövlət manatın öldüyü, neftin mələdiyi, Dünya Bankının, BVF-nin Yezidə dönüb bir damcı kredit vermək istəmədiyi yaxın illərimizdə bu mənzilləri necə qayıracaqdır. Ancaq hər halda əsas niyyətdir. Niyyətin hara - mənzil agentliyin ora. Atalarımız yaxşı demişdir. Sözümün canı odur ki, gördüyünüz kimi, iş yoxdur, ancaq mətbuat xidməti vardır. Bu da bir daha mətbuata qayğının bariz təcəssümüdür. (Yeri gəlmişkən, klaviaturada “r” və “t” hərflərinin yanaşı olmasına da hansısa sərəncamla son qoymağın vaxtı çatıbdır. Elə indicə mən az qala faciə yaşayırdım, mötərizədən əvvəlki cümlənin son hərfi səhvən “t” getmişdi, “təcəssümüdüt” yazmışdım. Adamın əli toxunur, belə bədxah mənzərə alınır. Sanki mən dövlət siyasətini bəyənməyib “...düt, düüt” yazmaq istəyirəm. Televizorda müəyyən sözləri efirə vermək istəməyəndə edilən kimi. Nəyə lazımdır bu cür klaviatura? Eyni şeyi “x” və “c” hərflərinin yanaşı olmasına aid etmək mümkündür, bu yaxında bir dostumuz hansısa tanımadığı qadına sosial şəbəkədə cavab yazarkən əli yanlış dəymiş, “xanım” əvəzinə “canım” getmişdi. Az qalmışdı biz növbəti ailə faciəsinin şahidi olaq. Sosial şəbəkələr üzrə mətbuat xidməti yaratmağın da vaxtı çatmışdır, Əflatun müəllim düz deyir. Bayaq açdığım mötərizə açıq qalıb, istidir, ona görə bağlamıram, yazı bir az sərin olsun.

Bizə qoşulun