Medianews.az
Elmi nöqteyi-nəzərdən
328 baxış

Elmi nöqteyi-nəzərdən

img1389634 Deputatxana üzvlərimiz yay tətilinə çıxmazdan öncə “Elm haqda” Azərbaycan Respublikasının Qanununu düzəltdilər. Sevindirici haldır, görünür, buna qədər ölkəmizdə elm qanunsuz fəaliyyət sferalarından biri imiş. Təxminən Gürcüstana narkotik keçirmək kimi. Ya da hökumətin əleyhinə düşünmək, heykələ tərs baxmaq, "Formula-1" marşrutuna banan qabığı atmaq və sairə tipində - baxır sən dövlətçiliyə zidd qüvvənin hansı sortuna məxsussan. İndən belə alimlərimiz mələyin uçma sürətini, namazın qılınma vaxtlarını, Günəşin Yer, xüsusən də Azərbaycanımız ətrafında fırlanması periodunu, yarpaq dolmasına neçə qram duz atmağın lazım gəldiyini və sairə elmi hesablamaları artıq qanuni şəkildə edəcəklər. Bəlkə hansısa savadsız adamlar yuxarıda saydığım elmi hesablamaları Conatan Sviftin məşhur romanındakı akademiyadan götürdüyümü zənn edərlər, bunu nəsə şit zarafat sayarlar, o zaman mən də deyərəm gedin ağlınıza dua yazdırın, çünki sadaladıqlarım hamısı bizim AMEA-da müdafiə edilmiş elmi işlərdən çıxarışlardır. Elə bu dəfə də alimlərimiz borclu qalmayıbdır, “Elm haqda” Azərbaycan Respublikası Qanununun qayırılması münasibətilə AMEA-nın saytında çox vacib bir xəbər yerləşdiriblər: yay 21 iyunda girəcəkdir! Hətta saatını da yazmışdılar, diqqətlə oxumadım, yadımdan çıxıb. Əhsən! Əgər bizim alimlər yayın girdiyini yazmasalar, bəlkə yay da girməz. Atmosfer elə bilər hələ yazdır, İsmayıllını yenə sel aparar. Bizə belə destruktiv fəsillər lazım deyil. Çalışmaq lazımdır vergi, polis və başqa güclü orqanlara aid “nə alsan yarısı sənindir” qanunu alimlərə də münasibətdə işləsin. Onlar da nə kəşf eləsələr yarısı onların olsun. Misal üçün, yayın girmə vaxtını tapdığı üçün akademik Akif Əlizadəyə avqustda 1 ton keçiməməsi sortundan üzüm verilsin. Yaxud İsa Həbibbəyli müəllim “Milli Qurtuluş Günü Cəlil Məmmədquluzadənin əsərlərində” mövzulu elmi araşdırmalarına görə qışda xaş xammalı ilə təchiz edilsin. Yoxsa doğrudan ayrı-seçkilik kimi çıxır. Qabaqlar vergi müfəttişləri cərimə yazanda bunun 25 faizinə şərik idilər, təzə qanunla isə 50 faizini alacaqlar. Rəsmən soyğunçuluq qanunudur: “Dövlət büdcəsindən maaşa artıma ümid eləmə, gör özün hansı karvanı, yolçunu, karvansarayı basıb soya bilirsən”. Yeri gəlmişkən, bəzi yapist deputatlar guya bu dəyişikliyə etiraz ediblər, deyirlər bəs cəbhə xəttindəki əsgər necə qazansın. Boş söhbətdir. Əsgərlərimizə də “Hansı təpəni alsanız yarısı sizindir” qanunu düzəltməliyik. Bu, hələ makedoniyalı İsgəndərin vaxtından qalma ordunu həvəsləndirmə üsuludur. Belə olsa biz işğaldan tez qurtularıq. Yoxsa ədalət hardadır, sən canını qoyub təpəni alırsan, icra hakiminin müavini ilə hansısa qotur yol idarəsinin müdiri isə buldozerlə gəlib orda qızıl axtarır? Təpəni kim alıbsa, altındakı qızıl da onundur. Əslində, söz vaxtına çəkər, 1993-cü ilin iyunundan bəri ümumrespublika qanunu belədir və “təpəni” alan qızılı da “təpələşdirir”, sadəcə, könül istəyir bunu regional miqyasda da tətbiq edək, qara camaata da nəsə çatsın. Əks halda malların yarısını sümürmə həvəsi ilə karvana basqın yapan vergi zəhmətkeşləri karvan əvəzinə bir dəri bir sümük dəvə leşləri ilə qarşılaşar. Qaratikan, qanqal, çör-çöp, çayır, alaq-malaq kimi şeyləri bir az inhisardan çıxarmaq lazımdır, xalqa açılım eləmək məsləhətdir. Mən bunu elmi baxımdan yazıram. İnsan uzağı ay yarım ac qalır, sonra dövlətimizin analoqu olmayan inkişafını, növbəti illərin Formula-1 yarışlarını görmədən ayağını uzadıb ölür. 6 həftə - maksimum müddət budur. İndi elm haqda qanun qəbul edilib, gərək biz hər şeyə elmi yanaşaq, yoxsa adamı tutub dama salarlar. Bura bir elmi nöqtə qoyuram.

Bizə qoşulun