Bu ilin aprelində Nəsimi rayon polisi İbrahim müəllim adlı bir dələduzu yaxalamışdı. Deyə bilərsiniz burda qeyri-adi nə var, gündə nə qədər dələduz tutulur, ölkəmizdə dələduz istehsalı duz istehsalını ötüb keçmişdir, bu xəbəri iki aydır niyə yadda saxlamısan?
Məsələ ondadır ki, İbrahim müəllim milli dələduzluğumuzda xarakterik şəkil almağa başlayan rəngarəng fəaliyyəti ilə seçilirdi. (Artıq seçilmədiyini tam əminliklə yaza bilərik - bu haqda az sonra). İzah edim.
Dünyada dələduzlar, fırıldaqçılar adətən çalışırlar bir fəaliyyət istiqaməti seçsinlər. Ancaq İbrahim müəllim görün nə işlərə girişmişdi, burda qısaca siyahını yazım:
Azı 3 nəfərin evini, bağ sahəsini, başqa daşınmaz əmlakını saxta sənədlərlə mənimsəmiş və üst-üstə 60 min dollara yaxın pul ələ keçirmiş, 1 nəfərə (bu zərərçəkənin ismi-şərifi çox xoşuma gəlmişdi, hər hərfindən dövlətçilik, sabitlik, Azərbaycan damırdı, yazım siz də ləzzət alın: Dədəkişi Dövlətov!) Rusiyanın hansısa uydurma universitetinin diplomunu söz verib 5 min manatını qapazlamış, başqa bir şəxsin isə Almaniyadan gətirdiyi avtomobili gömrükdə sənədləşdirmək adıyla 6 min manata qədər pulunu çırpışdırmışdı.
Ən məzəlisi isə Daxili İşlər Nazirliyinin bu cinayət haqda xəbərə əlavə etdiyi cümlə idi: “İbrahim müəllimin cinayətlərindən zərər çəkən başqa şəxslər varsa, onlardan xahiş edirik filan-filan nömrələrə zəng vursunlar”. Yəni polis hələ fırıldağın daha zəngin palitraya malik olmasından şübhəli qalmışdı. Düzü, bilmirəm zəng vuran başqa vətəndaşlar oldumu. Ümid edirəm polis bu haqda məlumat göndərib bizim yazımızı daha zənginləşdirər.
Dünən isə bir keçmiş narkopolis zabitinin arvadı ilə birgə koloritli dələduzluq təcrübəsi haqda oxudum. (bax: “Keçmiş rəisin arvadı həbs olundu, özü isə... Şok təfərrüat” yazısı, qafqazinfo saytı, 1 iyun, 2016). Yazının qısa özəyi: “Ərim özəl universitet bitirmişdi, ikinci hüquq təhsili almaq istəyirdi. Rəis 10 min manat aldı, dedi, Dövlət İdarəçilik Akademiyasına tələbə düzəldəcək. Sonra aylar keçdi, dedi, Naxçıvan Dövlət Universitetinə düzəldəcək, orda başqa tanış var. NDU-ya tələbə olmağı haqda saxta sənəd vermişdi. Sonra rəisin arvadı dedi, gəl səni müəllim düzəldim. Buna görə pul aldı. Amma mənim Təfəkkür Universitetindən aldığım diplom saxta çıxdı. Təhsil Nazirliyində işi ört-basdır üçün də məndən 5 min aldılar”. Daha sonrakı vaxtlarda isə dələduzlar bu xanımı və ərini aşağıdakı idarə və müəssisələrdə işə qoymaq adıyla ümumən 100 min manatdan çox pulunu əkişdiribdir: internata direktor, Sosial Müdafiə Nazirliyinə əməkdaş, FHN və Prezident Administrasiyasında iş, peşə məktəbində direktor və sairə.
Əlbəttə, bu işlərin heç birisinə düzəltməyiblər, ona görə ölkəmizdə qanunçuluğun yüksək səviyyədə qorunduğunu qeyd edə bilərik. (Qəzeti ictimai yerdə oxuyanlar bu cümlədən sonra sağ çiyni üstdə geri tüpürüb dabanını qaşısın ki, dövlətçiliyimizə göz dəyməsin, ilahi, amin!) Ancaq bəs vətəndaş niyə belə etimadsızlıq göstərib?
Nəyə görə bir dələduzun onu az qala bütün dövlət qurumlarına rüşvətlə düzəltmək imkanlarına inanıb? Belə hallar azdırmı? Şübhə etmirəm ki, əgər yolunmuş vətəndaş bezib şikayət etməsəydi dələduzlar onu və ailəsini müdafiə naziri, İrəvan icra hakimiyyətində hüquq şöbəsinin müdiri, Kənd Təsərrüfatı Nazirliyində dəli dana xəstəliyi şöbəsinin baş həkimi, Azərbaycan Kosmos İdarəsində raketlərin dalından basan, gömrükdə inspektor, vergidə müfəttiş, maliyyədə nəzarətçi, səhiyyədə xəsarətçi (təzə peşədir, özüm tapmışam - Z.H.), mədəniyyətdə şoumen, turizmdə gid, qəzetdə müxbir, telekanalizasiyada diktor və sairə çoxsaylı vəzifələrə “qoyardılar”.
Hamı yaxşı başa düşür ki, bu ölkədə qanuni yolla, bacarıq və istedadla hansısa qurumda işə düzəlmək, qabağa getmək, müdir olmaq imkansızdır. Niyə belədir, bunu öyrənmək üçün MSK sədri Məzahir Pənahova müraciət eləmək lazımdır. O sizə dələduzluğun, fırıldaqçılığın, saxtakarlığın ölkəmizdəki tarixi haqda arayış verə bilər.
02.06.2016, 09:57
307 baxış
Zamin Hacı
Dələduzların zəngin palitrası