Bu yaxında rayonlardan birində üstünə çoxlu parça qırığı bağlanmış ağac gördüm. Fikirləşdim ki, ey dadi-bidad, əslində bizim klassiklər yüz-yüz əlli il qabaq belə pirlərə, ocaqlara lağ edəndə, xalqın bu əski inanclarını tənqid atəşinə tutanda yanılıblar. Gül kimi inanclar sistemi imiş...
Bir insanın ağaca, təbiətə inam gətirməsində nə pis şey var idi ki? Mən uşaq olanda ailəmdən, nənələrimdən eşitmişdim ki, əncir və çinar ağacları müqəddəsdir, qutsaldır, onları kəsib sobada yandırmaq günahdır. Ərəblər gəlib bizim atəşə, şamanizmə, təbiətə inancımızı baltaladılar, bizə günahsız insanların başını kəsməyi təbliğ elədilər. Təbiət də yaddan çıxdı getdi. Kaş elə adamlar yenə dağdağan ağacının göz qaytarmasına inansınlar, bütün Orta Doğuda, müsəlman aləmindəki kimi, başqa inancdan olan adamın gözünə dağdağan çubuğu soxmasınlar.
Yəqin Haqverdiyev sağ olsa “Pir” hekayəsini başqa cür yazardı. Mirzə Cəlilin Şeyx Nəsrullahı isə indiki vəhhabi “qonaqlarımıza” baxanda peyğəmbər övladı kimi bir zatdır.
Sözümün canı odur ki, bir çox hadisələr, əşyalar, faktlar göründüyü kimi deyil. Xəbər lentində belə başlıq oxumuşdum: “Bakıda iyrənc əməl! Mətbəxdə xadiməni soydular”. Sən demə, oğurluq zamanı xadimənin cəmi... 5 manatı çalınıbmış. Şanlı müstəntiqlərimiz dərhal fəaliyyətə keçib, oğru isti izlərlə yaxalanıb. Görün Azərbaycanda düzgünlük, hüquqi sabitlik hansı üst səviyyəyə çatıbdır ki, artıq kiminsə 5 manatı oğurlananda jurnalistlər bunu iyrənc əməl kimi manşet edirlər! Heyrətamizdir. Bu şəraiti yaratdığı üçün dövlət rəhbərliyinə dərin minnətdarlığımı bildirir, jurnalistlər üçün tikiləcək növbəti binanın damında yaşamağa icazə istəyirəm. Ordan buludsuz səmamıza, Günəşin doğma Azərbaycanımızı şəfəqlərə boyamasına tamaşa edəcəyəm.
Kim bilir, bəlkə də o 5 manat həmin xadimənin sonuncu güman yeri idi, belə oğruların əlini kəssən azdır. Hər tikəsini qulağı boyda edib Vircin adalarında, ofşor hesablara basdırmalıyıq, qoy bir də xadimələrin, yetim-yesirlərin beş manatına göz dikməsinlər. Lazım gəlsə xadimənin 5 manatı ətrafında petisiya imzalanmalı, İctimai Televiziyada tok-şoular efirə getməlidir. Manıslar demişkən, efirlərə.
Petisiya yazdım yadıma düşdü, indi bir qrup adam düşüb ortalığa, Bakımızın gözəlləşməsini istəmirlər. Deyirlər gərək köhnə binalar, tarixi abidələr salamat qalsın. Tarixi saxlamağın mənası yoxdur, biz gələcəyə baxmalıyıq. Gələcəyimizi qorumalıyıq. Misal üçün, SOCAR-ın təzə ofisi Şirvanşahlar sarayından qat-qat əzəmətlidir. Lazım gəlsə biz bu ofisi Şirvanşahlar sarayı adıyla turistlərə göstərməliyik. Köhnə sarayda isə yaxşı kafe açmaq olar - dairəvi quruluşu, talvarlar masa qoymaq üçün əladır. Xanın divanxanasının böyrünü azca bağlasan kafenin mətbəxi üçün ideal yerdir. Qız qalası da elə əvvəldən tüstü borusuna oxşayır.
Sabitliyə bir dənə də misal çəkim, gül kimi faktdır. Bu günlərdə bir qrup jurnalist daxili işlər nazirinə müraciət imzaladılar. Yazırlar ki, son illərdə 5-dən çox jurnalistin evinə oğrular giribdir, əllərinə keçəni aparıblar. Xahiş edirlər nazir bu cinayətləri nəzarətə götürsün.
Deməli, artıq oğrular jurnalistlərdən başqa soymağa adam tapmırlar. Yalnız jurnalistlər evi tərk edirmiş, qalan hamı bekarçılıqdan evdə oturur (Əlbəttə, beş-on oğru üçün açılan yeni iş yerini nəzərə almasaq). Vah-vah. Tutub belə oğruların da əlini kəsəsən, deyəsən nə üçün ölkəmizdəki sabitliyi, elə bu jurnalistlərin sayəsində yaranan vətənpərvər informasiya mühitini gözünüz görmür?! Ayıb deyilmi? Gedin soğan əkin, tikinti-quruculuq işləri ilə məşğul olun, xaricdə ölkəmizi təbliğ edin.
Yox, əl kəsmək çox radikal hərəkətdir, qoy həmin oğruları tutub jurnalist işləmək cəzasına məhkum etsinlər. Onda anlayarlar ki, yazıq jurnalistlər necə əzabla pul qazanırlar. Bəlkə o zaman haqqın yoluna dönərlər.
İndi söz əlaqədar oğrularındır.
01.06.2016, 11:04
313 baxış
Zamin Hacı
İyrənc oğurluq