Medianews.az
Postmodern memarlıq
267 baxış

Postmodern memarlıq

img1389634 Qabaqlar bizdə dərs ili 1 sentyabrda başlayıb mayın sonunda bitirdi. Sonra yapistlər təhsil sisteminə, insanların məktəb ənənələrinə zərbə vurmaq üçün (bu haqda qabaqlar yazmışam, təkrar etmək istəmirəm) əllaməçilik etdilər, dərsi 15 sentyabrda başlayıb 14 iyunda bitirmək qərarı verdilər. Hazırda bütün orta məktəblərdə dərs proqramı demək olar bitmişdir. Müəllimlər bilmirlər ki, qarşıdan gələn 15 gündə uşaqlara nə keçəcəklər. Uşaqlar, valideynlər də avara qalıblar. Bir çox məktəblər və müəllimlər isə bu formallığa dözməyərək uşaqlara iyunun 1-dən sonra məktəbə gəlməməyi tapşırıblar. Zəhmətkeşlər bu əcaib, məntiqsiz durumu aradan qaldırmaq üçün Təhsil Nazirliyinə müraciət ediblər. Deyiblər köhnə qayda bərpa olunsun, dərslər yenə 1 sentyabr-31 may arası olsun. Təhsil Nazirliyi isə qeyri-adi bir cavab veribdir... Zarafat edirəm, klassik yapist cavabıdır: filan tarixdə filan qərar verildi, ona görə indi filan cürdür, biz bunu dəyişdirə bilmərik. Bizdə dövlət qurumlarının, məmurların adətən öz fikri, qərarı olmur. Guya bunlar əmr quludur, guya bizdə qanunun hərfinə əməl etmək Almaniyadan betərdir və sairə. Ancaq TN-in cavabında bir maraqlı detal diqqətimi çəkdi. Yazmışdılar ki, indiki qayda sayəsində ildəki tədris həftələrinin sayı köhnə vaxtdakı 32,8 həftədən 34,8 həftəyə qalxmışdır. Dünyanın normal ölkələrində tədris həftələri çox olurmuş və sairə. Əslində inkişaf eləmiş dövlətlərin bir çoxunda (Danimarka, Yaponiya, Britaniya, Finlandiya və sairə) bizdəki qədər uzun “yay tətili” anlayışı yoxdur. Bir ay, 45 gün, uzağı 2 ay tətil edirlər. Dərslər düzgün proqramlaşdırılır, il boyunca bölünür, daha bizdəki kimi yığılıb qalmır, bir ayın dərsi bir həftəyə dürtüşdürülmür. Amma lap hesab edək bizim təhsil əladır, məktəblərimiz də ləyaqətli vətəndaş yetişdirir, tualeti isə yaponlar tikmir. Bu gün bunu danışmayaq. Məni düşündürən nazirliyin cavabındakı riyazi məsələdir. Axı 15 günü sentyabrdan kəsib iyuna calayanda tədris həftəsi necə arta bilər? İl 365 gündürsə, bunun içində eyni sayda günlər kəsimində 2 həftə necə artıq çıxır? Əcaib şeydir. Bəlkə də bu, bizim analoqu olmayan inkişafın təsiridir - məktəb bərk qaçır, uşaqlar daldan çata bilmir! Eyni zamanda, başqa ölkələrdə 30-31 günə sığışan ay bizdə 40 gün olur. “Azərbaycanda günlərin istehsalında böyük artım olmuşdur, fevral ayı ötən ilin müvafiq dövrünə nisbətən 36 günə çatmışdır” - rəsmi xəbərlərdə Statkom belə desə heyrətlənmərəm. Burda fizika elminin də təsiri ola bilər - yaya doğru havalar istiləşir, günlər uzanır, tədris həftəsi də uzanırmış! Vallah. Siz bəlkə məni qeyri-ciddi fikirlər yazmaqda qınayarsınız, ancaq hərdən başınızı qaldırın, gözünüzü açın, hansı respublikada yaşadığınızı dərk edin. Bakının qədim tarixi binaları, abidələri şiddətlə sökülür, amansızlıqla məhv edilir. Özü də çox sadə, primitiv üsul tapıblar: öncə Nazirlər Kabineti binaları tarixi abidələr, qorunan binalar siyahısından çıxarır, bundan sonra buldozer gəlir sökür. Hər şey yuxarıda yazdığım kimi, bir növ “qanun çərçivəsində” olur. Təzəlikcə Memarlar İttifaqının şefini hansısa dərənin dibindən, “dağılmış binanın altından” eşələyib tapdılar, bundan tariximizin dağıdılmasına niyə münasibət bildirmədiyini soruşdular. Adam tarixə düşəcək sözlər dedi: “Bakıda sökülən o binalar çox köhnəlmişdi. Siçan yuvası idilər”. Abidəni köhnəldiyi üçün sökən adamlara nə deyəsən? Bunlara necə izah edəsən ki, tarixi abidə elə köhnə olmalıdır, Qız qalasının içini, Şəki xan sarayını, İçərişəhəri, Şirvanşahlar sarayını və başqa onlarla yerləri “evroremont” bəzəməyiniz vandalizm idi? Siçan girən evi dağıtmaq lazım imiş... Qədim məsəlimiz sanki bu tipləri nəzərdə tuturmuş: “Bitə görə yorğanı yandırmazlar”. Bəlkə də bunlar siyasətin postmodernistləridir, biz anlamırıq.

Bizə qoşulun