Medianews.az
Tikanlıqda oxuyanlar
193 baxış

Tikanlıqda oxuyanlar

zamin yeni raz ABŞ-ın Şimali Dakota Universitetində riyaziyyat professoru işləyən həmyerlimiz Azər Əhmədov həm də yaxşı şairdir. Vaxtaşırı şeirlərini “Alatoran” dərgisində oxumuşuq. Bu günlərdə isə Azər bəy Kanadanın Vinnipeq şəhərində açılmış İnsan Haqları Muzeyindən maraqlı paylaşım elədi. Sən demə orada bizim Mirzə Fətəli Axundova aid bir eksponat da var. Bu, Axundovun portretidir. Kanadalılar yazıblar ki, bu kişi Şərqdə insan hüquqları, azadlıqlar uğrunda mübarizə aparmışdır. Fəxr elədik. Daha sonra “Azadlıq” radiosu Azər bəyin öz müəllimləri, ümumiyyətlə ötən əsrdə yaşamış azərbaycanlı müəllimlər haqda bir yazısını dərc elədi. Babası, atası müəllim olmuş bir adam kimi bu yazını çox maraqla oxudum. Ancaq indiki dövrümüzdə Əhmədovun yazısına kimisə inandırmaq çox çətindir. Oxuduqca elə bil fantastik hekayə oxuyurdum. Misal üçün, yazıda Əhmədov Bakıda 1980-ci illərdə keçirilən riyaziyyat olimpiadasından danışır. Başqa məktəbin müəllimi burda yaxşı nəticə göstərən Əhmədovla maraqlanır! Gəlir onun məktəbinə, suallar verir, dostlaşır. Sonralar isə Əhmədov xaricdə oxumaq imkanı qazananda müəllim öz maaşından yığdığı puldan gətirib verir, deyir kömək olsun! İnandırıcı deyil, eləmi? İndiki reallıqlarımız xaricindədir axı. Biz müəllimlərin rüşvət almasına, savadsızlığına, yaltaqlığına artıq müəyyən qədər öyrəşmişik. Pis adama, lağla “məllim” deyən heyvərə nəsil yetişib. Ancaq Azərbaycan tarixində öz kasıb tələbələrini evinə aparıb yedizdirən Üzeyir Hacıbəyli kimi müəllimlər də olub. Bilirəm ki, indi də belələri var, sadəcə çox azalıblar, yapistlərin təhsil “ishalatları” bu cür davam eləsə, Azərbaycan məktəbi gündəmə tualet açılışı, müəllimin şagirdi zorlaması tipli xəbərlərlə gələcəksə tamam kökü kəsiləcəkdir. Bu yaxında bir orta məktəb şagirdi ilə danışırdım. Sən demə onlara AYB üzvlərindən Elçin Hüseynbəylini tədris edirlər. Mirzə Cəlili proqramdan silib AYB üzvünü tədris eləyən “məktəbə” nə deyəsən? Uşaq dedi ki, ədəbiyyat müəllimi hansı kitabları oxuduqlarını soruşub, bu da Artur Konan Doyl-un da adını çəkib. Müəllim Doyl-u tanımayıb! Bunu araşdırmaq sosioloqların işidir, ancaq Əhmədovun yazısında bir detal diqqətimi çəkdi: onun təriflədiyi müəllimlərin hamısı kişilər idilər! Demək istəmirəm təhsilimizin problemləri məktəbin “qadınlaşması” üzündəndir (hələ Misir Mərdanovun vaxtında qadınların müəllim sayında nisbətinin 80 faizə çatdığı deyilmişdi). Dünyada necədir, bu haqda da rəqəmlərim yoxdur. Hər halda, könül istərdi kişi-qadın müəllimlərin nisbəti təxminən yarı-yarıya olsun. Ancaq indiki dilənçi payı müəllim maaşına neçə kişi ailə başçısı bu yükün altına girəcək? Sosial şəbəkədə bir bağça uşağının haqqında yazmışdılar. Uşaq hər gün evlərinin qabağından qızılgül dərib tərbiyəçi-müəlliməsinə aparırmış. Bir gün bağçaya az qalmış uşaq gülü anasına qaytarıb, deyib, ana, lazım deyil, qoy səndə qalsın. Ana təəccüblənib, təkidlə səbəbini öyrənib: sən demə bu “müəllimə” gülü alıb elə uşağın gözü qabağında zibil qabına atırmış! Uşağın pak sevgisinə bu cür murdar qarşılıq verən “tərbiyəçi”nin tərbiyəsi şübhə altındadır. Beləsinə necə uşaq etibar edəsən? Ancaq uşağı hara qoyasan? Azərbaycan xalqı bu sahədə də özü öz yolunu kəsibdir. Burda da öz taleyini quldur-muldura etibar edibdir. Yeri gəlmişkən, bir ara bağçalar Bakı İcra Hakimiyyətinə tabe idi. Hacıbala əkəyə. Guya “Gül bayramı” təşkil edən tipə. Abutalıbovu yada salanda, tərbiyəçiyə şükür edirsən. Deməli onun gül siyasətinin toxumları bu cür bitibdir. Bakı məktəblərinin birində həyətə ağac əkiblər, həmin ağacı uşaqlardan qorumaq üçünsə... akasiya tikanlarına bürüyüblər. Hərəsi barmaq boyda, şagirdlərə xəsarət törədəcək boyda tikanlardır. Ancaq yerinə düşən simvoldur.

Bizə qoşulun