Medianews.az
Krım türklərinin dərdi
232 baxış

Krım türklərinin dərdi

xalid kazimli kose 1 Müasir dünyada deportasiya insanlığa qarşı ən müdhiş cinayətlərindən sayılır. Bu cinayət “genosid” qrafasına girir. Başqa sözlə, insanları milli mənsubiyyətinə görə kütləvi şəkildə qırmaqla, onları eyni səbəbdən uzaq bir yerə sürgün, deportasiya etməyin fərqi yoxdur. Onsuz da deportasiya olunmuş insanların bir xeylisi uzaq yolun məhrumiyyətlərinə, dərd-möhnətə dözməyib qırılırlar. Ermənilərin israrla yapışaraq dünyaya “erməni genosidi” kimi təqdim etdikləri 24 aprel 1915-ci il olayları əslində kütləvi qırğın günü deyil, bu millətin müharibə zonasından başqa yerə köçürülməsinə dair fərmanın verildiyi gündür. Budur, 60 ildən çoxdur ki, Türkiyə tərəfi dünyaya ermənilərin köçürülməsinə sırf müharibə üzündən qol qoyulduğunu, 24 apreldə heç kəsin güllələnmədiyini sübut edə bilmir. Başqa-başqa dövlətlər ermənilərin xeyrinə ona görə asanlıqla qərar çıxarırlar ki, ortada deportasiya söhbəti var. Söz yox, ermənilərin I dünya müharibəsində öz xəyanətkarlıqları, namərdlikləri və kiçik, zəif ola-ola ağılsızcasına böyüklərin müharibəsinə qoşulub maşa olmaları üzündən məruz qaldıqları insan itkisi qələmə verdiklərinin beşdə biri qədər də deyil (arxivlər 1,5 milyon itkini təsdiqləmir), amma deportasiya faktdır. Ermənilərin özləri isə azərbaycanlıları ən azı üç dəfə kütləvi deportasiyaya məruz qoyublar. Hələ 1918-40-cı illər arasında baş verən kiçik miqyaslı deportasiya vaqiələrini kənara qoyaq, 1948-ci və 1953-cü ildə Ermənistandan minlərlə insan Azərbaycana deportasiya edilib. 1988-ci ildə isə bəşər tarixinin ən müdhiş deportasiya cinayəti baş verib - 200 mindən artıq azərbaycanlı zorla köçürülüb, köçməyə vadar edilib. Bu cinayət isə nəinki beynəlxalq məhkəmənin predmeti olub, heç qüdrətli dövlətlərin, beynəlxalq üstqurum təşkilatlarının siyasi qərarlarında da əks olunmayıb. İndi işə baxın, ermənilər 100 il əvvəl məruz qaldıqları deportasiya aktını bütün dünyaya “genosid”, “böyük fəlakət” kimi sırıya biliblər, biz isə 25-28 il əvvəl məruz qaldığımız hərbi cinayətə dair beynəlxalq məhkəmələrdə iddia irəli sürə bilməmişik. Əsl genosid isə budur: azərbaycanlılar min illərlə yaşadıqları torpaqlardan didərgin salınıblar, o ərazilərdə Azərbaycan türklərinin izi silinib, kökü kəsilib, soyu qurudulub. “Eurovision” musiqi yarışmasında bir millətin deportasiyaya məruz qalmasından bəhs edən mahnının qalib gəlməsi çox önəmlidir. Bu, Avropa ictimaiyyətinin problemə baxışının, ürək yanğısının göstəricisidir. Fikir verdinizsə, əslində avropalı münsiflər (müəyyən qədər siyasiləşmiş şəxslər) daha çox Avstraliya təmsilçisinə səs vermişdilər. Ukraynalı türk-tatar qızının mahnısı isə sırf avropalı insanların səsi ilə qalib gəldi. Həmin musiqi parçasına çəkilmiş klip gerçəkdən möhtəşəm əsərdir. Bu 3 dəqiqəlik lentdə Krım türklərinin adət-ənənəsi, faciəsi göstərilir. İnsanları bax, o cür, gecəylə, isti geyim, ərzaq adına bir şey götürməyə imkan vermədən, heyvan və əşya daşımaq üçün nəzərdə tutulmuş vaqonlara dolduraraq həftələrlə yol aparıblar, ucsuz-bucaqsız bozqırlarda, qışda 45-50 dərəcə şaxtanın, yayda 40-45 dərəcə hərarətin hökmran olduğu kimsəsiz çöllərdə məskunlaşdırıblar. Həm də təkcə Krım tatarlarını yox, eyni taleni Ahıska türkləri də yaşayıb, çeçenlər, inquşlar və başqa azsaylı xalqlar da. Bunu Stalinin rəhbərliyi altında rus bolşevikləri ediblər. Əlbəttə, Ukraynada 10 milyon insanı acından öldürən rus kommunistlərinin əlində Krım yarımadasında yaşayan türkləri Orta Asiyaya köçürmək çox da çətin deyildi. Ukrayna və Krımda SSRİ dövrünə, eləcə də hazırkı rus dövlətinin siyasi rəhbərliyinə mənfi münasibət bu üzdəndir. Çünki müasir Kreml də başqa millətlərə qarşı aqressiv siyasətini davam etdirir. 1944-cü ildə Krım türklərini yarımadada yaşamağa qoymadılarsa, 2014-dən bəri də qoymurlar. Son illərdə müharibə gedən ölkələrdən didərgin düşən milyonlarla mühacirə öz qoynunda yer verən Avropa ölkələrinin deportasiyaya məruz qalmış xalqların dərdinə duyarlı olması gerçəkdən də ibrətamiz hadisədir. Avropa doğrudan da insanpərvər qitədir, qaynayıb-qarışmalı yerdir. Yarışmanın ertəsi günü İngiltərədə “Qardian” qəzetinin qalib Camalənin şəklini verərək, “Eşidirsən, Putin?” manşeti ilə çıxması ondan xəbər verir ki, ukraynalı siyasilər və krımlı qardalar bu problemi dünya miqyasına çıxarmağı bacarıblar.

Bizə qoşulun