Medianews.az
''“Eurovison - 2017'' Bakıda olsun
435 baxış

''“Eurovison - 2017'' Bakıda olsun

samir sari kose 1 Bilirəm, əslində hamımız istəyirik ki, bu axşamkı “Eurovision” yarışmasında bizim qız qalib gəlsin. Saytlarda, sosial şəbəkələrdə əksini yazanlara baxmayın. Onlar o qədər də səmimi deyillər, zarafat edirlər. Sosial şəbəkədə baməzə şeylər yazmaq trenddir, bu saat çox adam elə şeylər yazır, lağlağı edir, çünki kədərli statuslar çox oxunmur, heç, türkün sözü, bəyəni də toplamır. Amma bir də görürsən, Nailin, Turxanın məzəli statusunu 1200 adam bəyənib. Ona görə də çox adam daima hər şeyə məzə prizmasından yanaşırlar, insanlara, izləyicilərinə pozitiv enerji vermək istəyirlər, istəmirlər ki, Kənan Hacı və Cəlil Cavanşir kimi onları kədərə boğsunlar. “Eurovision”da bizi təmsil edən Səmranın qalib gəlməsini istəmədiyini, hətta bundan ötrü ağır seyidlərə, eləcə də stasionar ocaqlara nəzir vəd etdiyini yazan həmvətənlər bunu, əmin olun ki, məzə üçün deyirlər (hərçənd sıralarında antimilli ünsürlər də ola bilər). Gerçəkdə hamısı istəyir ki, Səmra qalib gəlsin. Niyə? Çünki hər dəfə hansısa ölkədən babat xal (8, 10, 12) alanda və adamın əziz, doğma bayrağı interaktiv cədvəldə yuxarı sıçrayanda, dost-düşmən ölkələri arxada qoyub ön sıralara yerləşəndə adama ləzzət edir. Elə adam var ki, “Eurovision”da göstərilən şouları izləmir, məhz səsvermə başlayanda qoşulub baxır və başlayır azarkeşlik eləməyə. Bizim bala yaquar şoulara əvvəldən axıra qədər baxır, favoritləri sayır, proqnozlar verir, amma səsvermə zamanı interaktiv cədvəldə yerdəyişmələr başlayanda uşağın başı çönür. Şou qalır bir tərəfdə, onun özünü izləmək daha maraqlı hala gəlir. Elə ki bayrağəmız yuxarı qalxlr, sanasan, “Qarabağ” “Barsa”ya qol vurub, varisdən “Yesss!!!” sədası qopur, ya da hansısa ölkə adımızı heç olmasa 1 xalla anmayanda gül ağzı açılır, dərhal həmin ölkənin adını düşmənlər siyahısına salır. Ha deyirəm ki, bu şou yarışmasıdır, konsertdir, vecinə alma, xeyri yoxdur. Doğrusu, sırf oğlumun (eləcə də onun kimi düşünən və milli qələbə sevinci yaşamaq istəyənlərin) o cür sevinməsini, qürurlanmasını görmək üçün istəyirəm Səmra qalib gəlsin. Tıxac olacaqmış! Cəhənnəmə olsun. 15 ildir ki, tıxaclarda qocalırıq, bir həftə artıq qalanda nə olacaq ki. Onsuz da 18-68 yaş arasındakı milli avtoxuliqanlarımız hər gün yollarda maşın oynadaraq qəza törədir, tıxac yaradırlar. “Eurovision” tıxacının üstün cəhəti odur ki, ölüm olmur, tıxac da təbii tıxac olur. Başqa vaxt Avropaya inteqrasiyadan danışmırdıqmı? Ta inteqrasiya necə olsun? Gəliş-gediş olmasa inteqrasiya olmaz. “Eurovision”un qalibi olsaq, yenə avropalılar axışıb tökülüşəcək paytaxtımıza, pul-para xərcləyəcəklər, özləri ilə suvenir, xalça-palaz, müsbət təəssürat-filan götürüb aparacaqlar. Biz də nə vaxtsa onların ölkəsində müsafir olanda, rastlaşarkən Bakıdan gəldiyimizi bilib deyəcəklər ki, orda olmuşuq. 6 il əvvəl Amerikada olanda bir amerikalıyla ünsiyyətdə olduq. Adı Tom idi, vaxtilə Şəkidə işləmişdi, hələ də “piti, halva, ımmm, ləzzət” deyirdi. Yeri gəlsə, biz Avropanı elə lülə-kababla fəth etməliyik. “Eurovision”un cinsi azlıqların şou-yarışması adlandırıb pisləyənlər də istəmirlər qalib gələk. Çünki azlıqlar gəlib ölkəmizdə gey-parad keçirə bilərlər. Qəti qorxusu yoxdur, əmi canı. Birincisi, o yarışmada iştirak edənlərin əksəriyyəti cinsi azlığa mənsub deyil, çoxu heteroseksual adamlardır. İkincisi, avropalı geylər elə bir sortdurlar ki, öz paradlarını keçirməyə mütləq yer tapırlar. Üçüncüsü, biz Avropaya inteqrasiya layihəmizi beş-altı geyin, göyün kaprizinə qurban verə bilmərik. Lazım gəlsə, biz onları hava limanından üzü bəri keçməyə qoymarıq, ya da onları 2012-ci ildə Norveçdən gəlib bayrağımıza şıllaq atan iranlını danaboyun eləyib, dalına təpik tutuzdurub ölkədən deportasiya etdiyimiz kimi edərik. Xüləs, yaxşı olar ki, bu gecə qalib gələk. O boyda Kristal Hall arenası da hazırdır, qoy gələn il qonaqlı-qaralı olsun. Qonaq yola salmaq, hesab vermək təcrübəmiz də var, şükür ki. Qələbə başqa şeydir. İşdir, erməni qızı qalib gəlsə, özümüzü necə hiss edərik?

Bizə qoşulun