Medianews.az
Klinqonların dil problemləri
301 baxış

Klinqonların dil problemləri

img1389634
Korrupsiya, gizli offşor hesabları üzrə qalmaqallı “Panama sənədləri”ndə Azərbaycandan ümumən 127 şəxsin adı varmış. Gürcüstanın 82 vətəndaşı, Ermənistanın isə cəmi 27 vətəndaşı bu sənədləri “şərəfləndirmişdir”. Demək, bizim analoqu olmayan lider dövlətə çevrilməyimiz daha bir isbatını tapmışdır. Bizim korrupsionerlər kəmiyyət etibariylə yaxın qonşularımızdan çoxdur, hətta fikir verdinizsə, gürcülərlə erməni “Panama”çıların cəmi bizimki qədər eləmir. Səbəbin biri odur ki, bizim hakimiyyət vətənpərvərdir. 
“Təki vətən sağ olsun!” deyə hayqıraraq dövlətin, xalqın pullarını çırpışdırıb xarici hesablara yatırırlar. Bəli, bizim Qarabağ boyda dərdimiz var! Dərddən başlarını itiriblər. (Bunun anekdotu da var, bilənlər bilməyənlərə danışsın, qəzetə yazmaq hələ ki, mümkün deyildir). Hələ biri də var, onu yazmasam əlim quruyar: “Bunlar yeyib doyublar, başqası gəlsə daha pis olacaq”.
Ancaq xarici dövlətlərdə dərd yoxdur, o üzdən gülməli işlər görürlər. Təzəlikcə məşhur “Paramaunt Pikçerz” kino şirkəti ilə Klinqon Dili Cəmiyyəti arasında hüquqi dartışma yaşanmışdır. Belə xəbərləri oxumaqdan çox xoşum gəlir. Birincisi, ona görə ki, Qərbin milli dəyərlərimizdən, ağsaqqala hörmət, muğamat, kəlağayı və motal pendirindən uzaq düşərək nə qədər deqradasiyaya uğradığını görüb təsəlli tapıram. İkincisi, fikirləşirəm, ey dadi-bidad, gör başqa xalqların problemi nədir, biz də burda deputat Hadı Rəcəblini, nə bilim, Səmranın sinəsini müzakirə edirik.
Qayıdaq klinqonların probleminə. Əslində qalaktikada belə bir xalqın olub-olmadığını kimsə qəti deyə bilməz. Bu klinqonları isə “Paramaunt Pikçerz” şirkəti 1984-cü ildə məşhur “Ulduz yolu” (ingiliscə “Star trek”) filmi üçün uydurmuşdur. Guya planetlərin birində belə xalq yaşayır, öz dilləri var və sairə. Elə o vaxtdan bəri filmin azarkeşləri bu dildə danışanların cəmiyyətini qurublar, klinqon dilində kitab buraxırlar, hətta bəzi fanatlar evlilik andını klinqon dilində içirmiş. Şirkət isə məhkəmə iddiası qaldırıb ki, klinqon dilinin müəlliflik hüququ bizə məxsusdur. “Klinqonlar” da qarşılıqlı iddia irəli sürüblər, deyirlər bu qədər adamın danışdığı dilin müəlliflik hüququ ola bilməz və sairə. Kim bilir, bəlkə də bizim Artur müəllim və Elmar müəllim elə klinqon dilində danışırlar, o üzdən biz onları yaxşı anlamırıq?
Mən də burdan qəzetimiz vasitəsilə klinqon xalqına dəstəyimi ifadə edirəm, ana dili önəmli məsələdir! Doğransam da dilim-dilim, Yaşayacaq, ana dilim! Yeri gəlmişkən, bugünlərdə bizim bir xalq şairimiz öldü, xalqın heç xəbəri olmadı. Nə üçün xalq öz şairini tanımır? Onun şeirlərini zorla oxutdursaydılar, heç belə vəziyyət yaranmazdı. Xalqı özbaşına qoysan, kəfəni yırtar. Ölkəmizdə belə adamlar çoxdur: xalq artistidir, ancaq xalqın qabağında indiyə qədər bir oyun çıxartmayıbdır. Hakimiyyət üçün oynayıbdır. Yaxud Dağıstanın milli qəhrəmanı mükafatı almış adam bizdə general işləyir, bütün döyüş xəritələri də əlinin altındadır. Elə bil bədən tərbiyəsi müəlliminə riyaziyyat dərsi tapşırmısan, özü də rəssamlıq institutunda. Buna görə inkişaf olmur. Bir dəfə statistika açıqlanmışdı, sən demə Bakıda avtobus sürənlərin çoxu AMEA Geologiya İnstitutunun əməkdaşları imiş. Sürücülər isə geoloq işləyirmiş. Öz yeri səhv düşmüş digər xalq şairi demişkən, müsibətik biz, səhv düşəndə yerimiz.
Sonda bir uğurlu faktı hörmətli oxucuların nəzərinə yetirim: sən demə, klinqon dilində “uğur qazanmaq” sözünə “qapla” deyirlər. Məncə, bu faktın özü klinqonların azərbaycanlılardan törəndiyini mütləq şəkildə sübut edir, inanmayanın “gözü çıxsın” - deputatxana müavini Valeh müəllimin təbiri ilə söyləsək. (Təbir yazdım ki, oxucular savadıma şübhə etməsin). Diqqət edin, “qapla” sözünün “qapazla” kökündən gəlməsi şübhəsizdir. Qapazlamaq isə uğurun birinci şərtidir. Qaplan kimi qapazlayıb qabağa getmək və sairə - bunlar hamısı eyni kökdən, qap-qab-qabla sözlərindən yaranmışdır. Hətta ola bilsin gop-gopla da həmin kökdəndir, çünki uğurun şərti həmçinin babat gopa basmaqdır.

Bizə qoşulun