Medianews.az
Təkrarlanan tarix
277 baxış

Təkrarlanan tarix

img1389634 Bundan öncəki “Kimin günü xoş keçir” adlı yazımda həlak olan əsgərlərimizə verilən qiyməti tənqid etmişdim. Gələn reaksiyalardan, məktub və zənglərdən hiss elədim ki, bu temada xeyli narazı insanlarımız var, hakimiyyət nümayəndələri isə onları dinləmək istəmir, şikayətləri qulaq ardına vururlar. Örnək üçün, aprelin əvvəlindəki döyüşlərdə həlak olan polkovnik-leytenant Raquf Orucovun qəhrəmanlıqları haqda mətbuatda çox yazılıb. (Mən özüm də 12 aprel tarixli “Polkovnik Orucovun əziz xatirəsinə” başlıqlı yazımda bu mövzuda yazmışam – Z.H.). Mayın 14-də, bir neçə gündən sonra Orucovun qırx mərasimi olacaq, lakin indiyə qədər ordu və ölkə rəhbərliyi onun igidliyinə qiymət verməmişdir. Təəssüf ki, aprel döyüşlərində həlak olanların təltifi haqda qərarların gizliliyinin səbəbi məlum olur – istəmirlər insanlar müqayisə aparsınlar. Əgər kimlərsə igidliklə həlak olubsa, orden-medalını niyə açıq yazmırsınız? Orucova gələndə, onun Milli Qəhrəman adı alacağını həm komandirlik elədiyi əsgərlər, həm zabit yoldaşları, həm də gözüyaşlı ailəsi çoxdan gözləyir. Onun bu ada sağlığında layiq olması haqda çoxlu sübutlar var ikən, həlak olandan sonra da adının verilməməsi onu tanıyanları çox incidir. Ümid edək müvəqqəti anlaşılmazlıqdır. Ümumən baxanda, tarix qəhrəmanlara namərd münasibət, qorxaqların isə şişirdilməsi faktları ilə doludur. Elə bu gün qeyd elədiyimiz 9 may Qələbə günü bunun tipik örnəklərindən sayılmalıdır. Vaxtilə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” deyirdilər, ancaq indi o əsgərləri kim yada salır? Biləcəridə 1941-1945 qəhrəmanlarının xatirəsinə obelisk var idi, bir neçə il qabaq icra hakimi Xaləddin əkə həmin obeliskin qabağına gips büstlər qoydurub... Qarabağ şəhidlərinə abidəyə çevirdi. Biz o savaşa Böyük Vətən Müharibəsi deyirdik, indi İkinci Dünya Savaşı deyirik, çünki SSRİ adlı biabırçı, qaniçən “vətən” artıq yoxdur. Tarix dərsliklərində bizə öyrədilənlərin də çoxu gop çıxdı. Misal üçün, 28 pamfilovçu-nun guya bir diviziya alman əsgərinin qabağını kəsməsi, Moskvaya buraxmaması və həlak olması əhvalatı var idi. Sən demə tamamilə yalan imiş, hətta müharibədən sonra həmin 28 nəfərdən bir neçəsi əsrilikdən qayıdıb, özünə aid “Sovet İttifaqı Qəhrəmanı” güzəştlərini, pulu-zadı tələb edibmiş. Deyiblər, a kişi, sən həlak olmusan, nə pul?! SSRİ hərbi prokurorluğu araşdırma aparıb, pamfilovçular haqda əhvalatın bir sərxoş jurnalistin uydurması olduğu ortaya çıxıb. Ancaq həqiqəti ortaya çıxartmaq yerinə yalanı ört-basdır ediblər, on illərlə sovet məktəblilərinin beyninə yeritməyi üstün biliblər. Yaxud, biz “600 min azərbaycanlının davaya getməsi, 300 min nəfərin isə ölməsi” rəqəmi ilə böyümüşük. Amma Rusiya mənbələri orduda həlak olan cəmi 58 min azərbaycanlı haqda yazır. Bunun hansı düzdür? Almanlara əsir düşüb “üzü bəri” döyüşən 40-70 min arası azərbaycanlı əsgər hansı statistikaya aiddir? Ümumiyyətlə, SSRİ-nin hərbçilərə münasibətində bir milçək, böcək baxışı varmış. O üzdən, 5 milyona yaxın itkin düşmüş əsgərin ailəsi SSRİ dağılana qədər normal pensiya da ala bilmədi. Halbuki, o 5 milyonun çoxu qəhərmanlıqla həlak olmuşdu, sadəcə, bir normal hesab-kitab olmamışdı, adlarını yazıb yuxarı ötürən olmamışdı. Ona görə indiyə qədər də Ukrayna, Belarus bataqlıqlarından sovet əsgərlərinin cəsədləri tapılır. İkinci cəbhənin, ABŞ və Britaniyanın davada önəminin sıfırlanması, lend-liz proqramının heç olmamış kimi yazılması da bu sıradan idi. Əgər Qarabağ davasında vuruşanları da həmin “tarixçilər” yazacaq, həmin ali baş komandanların varisləri qiymətləndirəcəksə, dəyişən bir şey olmayacaq.

Bizə qoşulun