Başımız vətəni sevməyə qarışıb, bu arada vətəndə başqa maraqlı işlər də olmuşdur. Misal üçün, qəzetlər yazır ki, metronun keçmiş müdiri Tağı müəllim keçmiş MTN-in generallarından Çovdarov yoldaşa 3 milyon dollar ödəyibmiş. Kefindən yox, təbii ki. Çovdarov Tağı müəllimi özünün yeraltı cəhənnəmi ilə tanış edəndən sonra metro şefi başa düşüb ki, bura pik vaxtların “28 May” stansiyası deyil, burdan salamat qurtuluş yoxdur, burcuda-burcuda pulu aparıb veribdir. Ancaq sonradan Çovdarov tutulanda bunun da dili açılıb, deyir, pulumu verin.
Rəhmətliyin oğlu, camaat heç metro turniketinin yediyi 20 qəpiyi geri ala bilmir, kimdir sənə 3 milyon qaytaran?
Milyon demişkən, bir polis əməkdaşı haqda da xəbər yayıldı ki, bankda 1 milyon 200 min dolları batıbdır. Başqa bir icra hakiminin qızı Amerikada dollar qonaqlığı veribmiş. Kasıb adamsınız, belə şeyləri bilməzsiniz. (Guya mən özüm dünənə qədər bilirdim). Camaatı qonaq çağırırsan, hərəsinin boşqabına da qabaqcadan 100 dollar qoyursan, bunun da adı olurmuş “dollar qonaqlığı”. Bu varlılardan nə desən çıxar. Hərə bir cür əylənir. Əsas odur vətən sağ olsun!
Vətənimiz isə çox güclüdür, şübhə edənin ağzı əyilər. ABŞ-ı hamı hegemon dövlət sayır, ancaq biz keçən həftə Amerikanın ölkəmizdəki səfiri Sekuta müəllimə Nardaran çimərliyində plastik butulka, selofan kulok, siqaret kötüyü, keçən mövsümdən qalma qarpız qabığı, qarğıdalı cecəyi, uşaq pampersi kimi əşyaları toplatdırdıq. Getmək istəmirdi, məcbur oldu. Elə dünən guya ABŞ-ın gücünü göstərmək üçün səfirliyin avtomobili Bakı küçələrində avtoşluq edibdir. Ay-hay... Xox, qorxduq. Bu hərəkət zibil toplatdırmağın cavabı ola bilməz.
Qayıdaq yaddan çıxan, gözdən yayınan mövzulara. Hamımız Lələtəpəyə yığışan günlərdə Bakını bir erməni ailəsi səssiz-səmirsiz tərk elədi. Bu, arvad-uşağı ilə Azərbaycanımıza pənah gətirmiş Vahan Martirosyan adlı QHT rəhbəri idi. Diqqətli oxucuların yadında olar, keçən il sentyabrda bu ermənini yapistlər bəh-bəhlə Gürcüstandan Bakıya gətirmişdilər, deyirdilər ona sığınacaq vermişik, mən də bu münasibətlə “Kirvə, xoş gəlmisən” adlı cızmaqara eləmişdim. Ermənilər deyirdilər Martirosyan hansısa cinayət törədib, o üzdən aradan çıxıbdır. İndi isə məlum olur Azərbaycan Martirosyan ailəsini öz arzularına uyğun olaraq 3-cü ölkəyə təhvil verib. Bəs nə oldu? Demək, Martirosyan Ermənistanda yaşaya bilmədiyi kimi, burda da yaşaya bilmədi? İndi bizim yapistlərin kirvəsi kim olacaq? Növbəti qonaqpərvərliyimizi, analoqu olmayan uğurlarımızı hansı yetimin vasitəsiylə təbliğ edəcəyik? Təzə erməni tapmamış, köhnəni niyə buraxdınız? Martirosyanın üzərində nə qədər QHT layihəsi, qəzet yazısı vermək olardı... Vah-vah... Heyf oldu getdi hamısı.
Deputatxana da boş durmayıb, bu arada polis haqda qanuna dəyişiklik hazırlamışdır. İndən belə Azərbaycan polisi hansısa bədbəxti tutub dama salmaq istəsə ona Hollivud kinolarında-zadda gördüyümüz şəkildə - hüquqlarını izah etməli, saxlama səbəblərini, cibinə nə üçün nəşə atıldığını, üzünə adam qoyulmasının mənasını aydın deməlidir. Sitat: “Maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə, sadəcə, saxlanmasının əsaslarını yox, səbəbini, şübhənin mahiyyətini bildirməli olacaq. Maddənin bu bəndinə edilən əlavəyə görə isə polis saxlanılan şəxsə hüquqlarını ”ona aydın olan dildə" izah etməlidir" (APA). Yazıq polis... Lap artist olub gedəcəklər.
Gördüyünüz kimi, burada əsas vurğu “ona aydın olan dildə” ifadəsindədir. Yoxsa bəzi müxalifətçilər, jurnalistlər olurdu, tutub dama salırdılar, 3-4 il yatıb Amerika səfiri bir kulok zibil toplayandan sonra əfvə salınıb buraxılırdı, hətta o halda da görürdün mızıldanırlar: “Məni niyə tutmuşdular, məlum deyil, çünki günahsızam”.
Elə olmur axı, qardaşım. Günahın olmasa heç Azərbaycanda dünyaya gəlməzdin, demək, bir günahın olub ki, tutublar. Sadəcə, tutulan anda polis dəqiqliklə adama izaha eləsə ki, bax, Mamed, səni keçən həftə facebookda ağzına gələni yazdığın üçün tuturuq, ya da nə bilim, Qənimət Zahidin qohumusan, ona görə əlli-ayaqlı gedirsən - adam da razı qalar, çıxanda o cür intervülər verməz.
26.04.2016, 07:02
212 baxış
Zamin Hacı
Ona aydın olan dildə