Medianews.az
Aprelin 5-də döyülmüş uşaq kimiydi, indi diş qıcayır
216 baxış

Aprelin 5-də döyülmüş uşaq kimiydi, indi diş qıcayır

xalid kazimli kose 1
Erməni-azərbaycanlı münaqişəsi artıq uzaq ölkələrdə də müzakirə mövzusudur. Həm də təkcə siyasi dairələr, mətbuat sferası yox, sıravi adamlar da Qarabağ konflikti barədə məlumatlıdırlar. 
Görünür, aprelin 2-5-i arasında qəfildən alovlanan müharibə dünyanın bütün informasiya vasitələrində pis-yaxşı operativcəsinə, həm də əsas xəbər kimi işıqlandırıldığından Qazaxıstanda da ən adi adamlar bizimlə Qarabağ münaqişəsi barədə danışırdılar.
Onlardan biri yaşlı taksi sürücüsü idi. O, azərbaycanlı olduğumuzu bildikdə ilk sözü Qarabağ oldu və dedi ki, bu günlərdə şiddətlənmiş müharibə haqqında məlumatlıdır. Ardınca ağsaqqal qazax erməniləri yaxşı tanıdığını, bir zamanlar onlarla müxtəlif kollektivlərdə birlikdə işlədiyini dedi və əlavə etdi ki, tanıdığı bütün ermənilər çox acgöz, hiyləgər və məkrli olub.
Bir neçə başqa yerdə də həm yerli adamlar, həm də rast olduğumuz əcnəbilər bizdən Qarabağ münaqişəsi barədə soruşurdular və lazımi cavabları alırdılar.
 
Belə çıxırdı ki, aprelin əvvəlində başlayan və bitən qısamüddətli müharibə dünya ictimaiyyətinin, xüsusilə də dövlətləri idarə edən dairələrin diqqətini bu münaqişəyə cəlb edə bilib. 
Adam bir az da ondan şübhələnir ki, bu diqqətin mayasını təşkil edən informasiya dəstəyi təkcə Azərbaycan mediasının işinin nəticəsi deyil, daha çox ermənilərin və onlara qahmar çıxanların şivən qoparmasının, öz “dərd”lərini dünyaya sırıyaraq ajiotaj qoparmaq istəmələrinin nəticəsidir.
Gerçəkdən də bu dəfə ermənilər başqa vaxt olduğundan daha çox hay-küy qoparıblar, Azərbaycanı hərbi aqressor kimi təqdim etməyə çalışıblar, amma bütün faktlar əleyhlərinə olduğundan buna nail ola, düz-əməlli dəstək qazana bilməyiblər.
Dünya artıq yalanlara söykənən informasiya müharibəsinə, həm də birtərəfli şəkildə üfürülən təhrif edilmiş həqiqətlərə inanıb həyəcanlanacaq durumda deyil.
Ermənilər artıq özlərini əzabkeş millət kimi göstərə, müsəlmanlar tərəfindən permanent hərbi təcavüzə məruz qaldığı barədə yalanlar uyduraraq, Avropadakı “xristian təəssübkeşliyi”ndən faydalana bilmirlər. Bütöv bir muxtar vilayəti, eləcə də ona bitişik olan bir o qədər ərazini, yeddi rayonu işğal edərək “əzabkeş” kimi görünmək çox çətindir.
Bütün Avropanın üz döndərdiyi, düşmən kəsildiyi Rusiyanın federal subyektlərindən biri halına gəlmiş olması da Ermənistanın əlini, mövqeyini zəiflədən faktordur. Hər kəs Rusiyaya qarşıdır və onun müttəfiqlərinin də hansı dövlətlər olduğunu bilir.
Əslində aprelin 5-dən sonra ermənilərin İrəvanın mərkəzində anti-Rusiya səciyyəli kütləvi aksiyalar keçirməsinin əsas məqsədi dünyaya Rusiya ilə birlikdə olmadıqlarını göstərmək, Rusiyanın əlindən zərər çəkənlərdən biriymiş kimi görünməkdir.
Fəqət artıq çoxları həqiqəti tam təfsilatı ilə bilir. Bu, Qarabağ münaqişəsi ətrafında yeni bir beynəlxalq situasiyanın yaranması deməkdir.
Azərbaycanın dünya birliyinə, Avropaya sürətli inteqrasiyası, uzun illər ərzində avropalıların, digər əcnəbilərin ölkəyə arasıkəsilməz axınının (müxtəlif tədbirlər - forumlar, konfranslar, yarışlar və s. keçirməklə) təşkil edilməsi, eləcə də beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edənlərin aktivliyi sayəsində beynəlxalq ictimai rəy xeyrimizə dəyişməkdədir və belə görünür ki, bu xətti davam etdirmək lazımdır.
Bu, bir acı gerçəklikdir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi hələ xeyli müddət baş tutmayacaq. Aprelin 5-də həyəcandan, qorxudan hər bir variantı gözə alan Ermənistan tərəfi küçədə döyülüb dayısının üstünə qaçan uşaq kimi Rusiyaya sığındıqdan və atəşkəsə nail olduqdan sonra yenidən dişini qıcayıb, hərbçilərimizin mövqeyinə hücumlar təşkil edir.
Deməli, boş-boş oturub gözləmək olmaz, münaqişə davam edirsə, bütün istiqamətlər üzrə güclənməkdə davam etmək gərəkdir. Hərbçilərimiz kimi, siyasilərimiz də, diplomatlarımız da, jurnalistlərimiz də, hətta zaman-zaman “xalq diplomatiyası” ilə məşğul olan ziyalılarımız da arxayınlaşıb yatmamalıdır. Bir sözlə, bu vətəndə özü və gözü olan hər kəs ümumi işə öz faydasını verməlidir ki, tarixən onsuz da kiçilmiş vətənimiz bir az da kiçilməsin.
 
Bizdə artıq torpaq yoxdur. Biz Qazaxıstan deyilik ki, ölkənin bir başından o biri başına çatmaq üçün 7 min kilometrlik məsafə olsun.

Bizə qoşulun