Medianews.az
Sakit qazaxların meyramxana sərgüzəştləri
297 baxış

Sakit qazaxların meyramxana sərgüzəştləri

img2022709 Siz siz olun, heç vaxt şərqdə yaşayanları “monqol”, “əkəbala”, “qıyıqgöz”, “kitayabənzər”, “babay” deyib aşağılamayın, əziz həmvətənlər. Yolunuz düşər, türkün sözü, muhattab olarsınız, yanıldığınızı görüb peşman olar, hətta xəcalət çəkərsiniz. Açığı, mən özüm heç vaxt ciddidən ciddiyə o sayaq məxməri faşistlik eləməmişəm, amma etiraf edirəm ki, Xəzərin o tərəfində (hazırda olduğum yerdən baxsaq, bu tərəfində) yaşayan xalqları yüksək mədəniyyət daşıyıcıları, örnək götürüləsi uluslar hesab etməmişəm. İndi görürəm ki, bizdə xeyli yanlış təəssürat, həqiqətə uyğun gəlməyən, milli təkəbbür və qürrədən doğan axmaq qənaətlər varmış. Hazırda bir az haçalı durumdayam. Fikirləşirəm ki axı niyə ünsiyyətdə olduğumuz sıravi qazaxlar bu qədər sakit, mehriban, gülərüz, sadə, emosiyasızdırlar? Kimsə deyə bilər ki, yəqin siz qaldığınz otelin personalı elədir, ona görə elə düşünürsünüz. Bəlkə də elədir. Amma üç gündür aeroport, otel, restoran, ticarət mərkəzi, küçə və sair yerlərdə gördüyümüz insanların, demək olar ki, hamısı bu cürdür. Məsələn, qazaxlar da küçədə telefonla danışırlar, arxadan danışa-danışa gəlib yanından keçirlər, yalnız tuşuna çatanda nəsə bir hənirti eşidirsən. Küçədə bir kvartal o yanda telefonla danışdığı vaxt anqıra-anqıra “”filankəsə denən, gəlib onun arvadını böyüründən çəkib apararam, borcunu qaytarsın” deyən kişilərin, yaxud avtobusda “aaaz, o məni nə hesab eləyir, həzrət Abbas haqqı, gəlib qıçımı onun gözünə soxaram” deyə qışqıran hikkəli qadınların ölkəsindən gələn adama bu pıçıltıyla danışıq çox qəribə gəlir. Hərçənd burda yaşayan azərbaycanlı həmvətənlərim deyir ki, sən ilk təəssüratlara aldanma, qardaş, sən bir də bunları içəndə görəsən. Deyirlər, bunlar belədir, bir-iki yüz qram içəndən sonra başları çönür, böyürməyə başlayırlar, aqressivləşirlər, gərək kimsə bunları şillələyə-şillələyə, sürüyə-sürüyə evlərinə aparsın. Çoxu belədir, deyilənə görə. Bir dost-qardaş danışır ki, axşam televiziyada ekspert kimi müsahibə verən bir ziyalını ertəsi gün meyramxanada (şadlıq evi, restoran) masaların altında tirlənmiş görmək olar. Qazaxlar özləri bu durumları üçün deyirmişlər ki, ruslar bizə içməyi yaxşı öyrədiblər,amma limitini deməyiblər. (Sanki ruslar özləri limit-filan bilir). Deyim ki, Astanada da pullu oğlanlar çoxdur və onların da Bakıda olan bahalı maşınlardan varlarıdır, buranın küçələri enli, yolu hamar olduğundan o 5,5 motorlu avtomobillərdən “ĞORRRR” səsi çıxarmaq daha asandır, amma qazax gəncləri bunu eləmirlər. Düzdür, bunlar da maşını bərk sürür, amma xoruldatmırlar. Bəlkə də bunu başqa yerlərdə eləyirlər, amma mən hələ bu şəhərdə nə o səsi, nə də siqnal cükkültüsü eşitməmişəm. Bir suyu onsuz da çinlilərə, yaponlara və koreyalıllara oxşayan qazaxlar manqurtlaşıb, türklüklərini unudublar-nədi, küçədə heç nə üstündə mübahisə edib dalaşmır, bıçaqlaşmırlar da. Axtarsan, heç bunlar arvad-zad da döymürlər, görəndə ki, birlikdə yaşamaq çətindir, qaynayıb-qarışdıqları ruslar kimi sakitcə boşanırlar. Həmvətənlərimiz bu xüsusata dair deyirlər, qazax kişiləri bir az, türkün sözü, kılıbıkdırlar, arvaddan qorxurlar. “Burda matriarxal rejimdir, arvad nə dedi, odur”, - deyə beş ildir Astanada yaşayan soyadaşımız öz müşahidəsini bölüşür. Astananın taksi sürücüləri bizim sürücülər kimi politoloq, hər şeyi bilən, hətta məxfi xəbərlərə, özləri demişkən, dostupu olan adamlar deyil. Eləcə, əllərində maşınlarını sürər, susarlar, hətta sən onları söhbətə çəksən, baş hərəkəti və sifət ifadəsi ilə bildirərlər ki, bu mövzuda hər hansı bir bilgiləri yoxdur. Yalnız onlardan biri, bir yaşlı kişi Azərbaycandan olduğumuzu biləndə dərhal Qarabağdakı vəziyyəti soruşdu, ardınca da əlavə etdi ki, əvvəllər bir kollektivdə ermənilərlə işləyib, onların nə qədər acgöz, hiyləgər, etibarsız olduqlarını bilir. Bir nəfər də söhbət edir ki, 3-4 il əvvəl Nazarbaev Azərbaycana səfərdən qayıtdıqdan sonra keçirdiyi müşavirədə (dövlət tv-si müavirədən geniş reportaj verib) nazirlərinə deyib ki, “Avropadan nümunə götürək” deyirsiniz, siz hələ gedin qardaş Azərbaycandan örnək götürün, görün, necə tərəqqidədir. Bəli, içimiz özümüzü yandırır, çölümüz bizdən örnək götürür. Amma əsas məsələ odur ki, qazaxlar bizi nə monqol hesab edir, nə də ruslaşmış millət, gerçəkdən hörmət edirlər.

Bizə qoşulun