
İndi sizə nəql edəcəyim hadisə 2014-cü ilin iyun ayının 3-də Polşada baş verib. Həmin gün Varşavadakı kral sarayında Krım türklərinin (tatar) lideri və Ukrayna parlamentinin üzvü Mustafa Cəmil Krımoğluya “Solidarnost mükafatı” təqdim edilib.
Mükafatlandırma mərasimindən əvvəl Polşanın prezidenti xaricdən dəvət olunmuş yüksək mənsəbli qonaqlara - prezidentlərə, baş nazirlərə, xarici işlər nazirlərinə ziyafət verirmiş. Ziyafətdə 25-30 qonaq, o cümlədən ABŞ prezidenti Barak Obama da olub. Mustafa Cəmil Krımoğlu Obama ilə üzbəüz oturubmuş. Ziyafət başlamazdan öncə Obama yerindən qalxıb, Krım türklərinin liderinin yanına gəlib, onu təbrik edib və onlar Ukrayna və Krım haqda söhbət ediblər.
Həmin il Rusiya prezidenti Vladimir Putin də Krımoğlu ilə görüşmək üçün ona xüsusi ismarış və elçi göndərmişdi . Onların arasında üzbəüz görüş baş tutmasa da, Putin və Krımoğlu Tatarıstanın eks-prezidenti Mintimer Şaymiyevin araçılığı ilə telefonla danışmışdılar.
Daha sonra Türkiyəyə yolu düşən Krımoğlu Türkiyə prezidenti Abdullah Gül və o zamanlar baş nazir olan indiki prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Hər iki halda dəvət prezident və baş nazirdən gəlmişdi.
Öz ölkəsində Krımoğlu həmişə Ukrayna prezidentlərinin - Kuçma, Yuşşenko, Yanukoviç və Poroşenkonun diqqət mərkəzində olub. Onlar həmişə çalışıblar ki, Mustafa Cəmil bəydən dəstək alsınlar.
Mustafa Krımoğlu isə nə prezidentdir, nə baş nazirdir. O, adi deputatdır, dövlət müşaviridir və Krımda yaşayan etnik azlığın lideridir.
Dünyanın heç yerində ona vəzifəsinə görə hörmət qoymurlar, hətta Ukrayna Ali Radasının üzvü olmasa da, dünya liderləri Mustafa Cəmiloğlu ilə görüşməyi, söhbətləşməyi özləri üçün şərəf bilirlər.
Niyə? Ona görə ki, o liderdir, azadlıq, müstəqillik, mübarizə simvoludur.
Dünya ictimaiyyəti üçün Nelson Mandela kim idisə, Mustafa Cəmiloğlu da odur. Bəlkə onun şöhrəti Nelson Mandelanınkı qədər deyil, amma sürgünlərdə, həbsxanalarda çəkdiyi əziyyət onunku qədərdir, keçdiyi mübarizə yolu heç də Mandelanınkından hamar olmayıb, o da afrikalı siyasi lider kimi sona qədər prinsiplərinə sadiq qalıb.
Obama Krımoğlunun şəxsiyyətinə hörmətlə yanaşan ilk ABŞ prezidenti deyil. Bundan əvvəl bu dövlətin ən parlaq prezidentlərindən biri olan Ronald Reyqan da Mustafa Krımoğlunun şəxsiyyətinə ehtiramla yanaşmış, onun, akademik Andrey Saxarovun və bir başqa dissidentin azad olunması üçün SSRİ rəhbəri Qorbaçova ağız açmışdı.
Mustafa Cəmil bəy Bakıda da olub, çoxsaylı azərbaycanlılarla görüşüb. Elə Ukraynanın özündə də azərbaycanılarla onun sıx əlaqələri var. Sinninin bu çağında (73 yaşı var) o, həmişə siyasi səciyyəli səfərlərdə, görüşlərdə olur, evi də daima qonaq-qaralıdır.
Həyatını öz xalqının xoşbəxtliyi, təhlükəsizliyi, hüquqları üçün mübarizəyə həsr edən bu insan hər yerdə ehtiramla qarşılanır.
Bu baxımdan İstanbulda keçirilən İslam Əməkdaşlığı Təşkilatının sammitində Mustafa Krımoğlunun Azərbaycan prezidenti və xarici işlər naziri Elmar Məmmədyarovla qısa müddətli görüşməsi heç bir halda kimdəsə qəzəb doğura bilməzdi. Prezidentin mətbuat xidmətinin rəhbərinin bu mövzuya dair açıqlaması bir qədər qəribə səsləndi.
Düzdür, vaxtilə Krımoğlunu, eləcə də onun vasitəsilə Krım tatarların öz tərəfinə çəkmək, Krımın aborigen əhalisinin iradəsini əsas götürərək yarımadanın ilhaqını legitimləşdirmək istəyən, ancaq buna müvəffəq olmayan Putin onun dönməzliyindən narazı qalmış ola bilər, amma yəqin ki, Krımoğlunun personasına düşməncəsinə yanaşmaz. Çünki o da krımlı liderin keçmişini, mübarizəsini, əqidə və prinsiplərini bilir.
Rusiya təhlükəli dövlətdir, onu idarə edənlər kinlidir, məkrlidir, onlarla ehtiyatlı olmaq lazımdır, buna söz yox, amma əgər dövlətimizin başçısı Putinin düşmən saydığı Ərdoğanla tez-tez görüşüb-öpüşür, müzakirələr aparırsa, bunun qarşısında Mustafa Krımoğlu ilə görüş heç cür təhlükəli ola bilməzdi.
Ayrıca bu görüş hər bir siyasi liderə şərəf, hörmət-izzət gətirən tarixi hadisə deməkdir.
P.S. Mustafa bəyin sənədində əsl adı belədir: Mustafa Əbdülcəmil oğlu Cəmilov (Krımoğlu).