Medianews.az
Qaz buraxan alimlər
318 baxış

Qaz buraxan alimlər

zamin yeni raz Mənim Hamlet İsaxanlıya heç bir rəğbətim yoxdur, hətta əksinə, gül kimi riyaziyyatçı alim olmasına baxmayaraq mənasız nəzm parçaları quraşdırmağa girişib axırda AzTV-nin evlənmək-boşanmaq verilişlərində ekspertə çevrilməsinə vaxtilə gülmüşəm. Ancaq bugünlərdə onun yaratdığı Xəzər Universiteti tələbələrinin etiraz aksiyasını görəndə Hamlet bəyə yazığım gəldi. Tələbələr ölkəmizdə siyasi-ictimai islahatlar, insan hüquqlarına hörmət, Dağlıq Qarabağın dərhal işğaldan azad olunması kimi tələblər irəli sürmüşdülər. Zarafat edirəm, nəzərə alın ki, bu yazı 1 apreldə klaviaturaya çırpılmışdır. (“Qələmə alınmışdır” ifadəsi artıq arxaizmə dönmək üzrədir). Tələbələr Hamlet İsaxanlıdan tələb edirdilər ki, onlara universitet ərazisində... siqaret çəkməyə icazə versin. Başqa bir etiraz isə imtahanda hər otaqda 4-5 nəzarətçinin olmasından idi. Görünür, bu halda “şparqalka”dan yararlanmaq çətinləşirmiş. Başqa tələblər də var idi: dərs oxumadan qiymət almaq, diplomun 4 ayda əldə edilməsi, yeməkxanada xaş və xəngəl verilməsi, istənilən vaxt koridorda professorun qarnına təpik vurub qaçmaq hüququnun təmin olunması və sairə. Sizə zarafat gəlməsin, təhsil sistemimiz Brejnev deyən kimi, iri addımlarla irəliləyir. Misir müəllimin qaranlıq Misir epoxasından qalma toxumlar cücərib, artıq meşəyə dönmüşdür. Bu yaxında bir professorun intervüsünü oxudum, deyirdi ki, bütün elmlər dini kitablarda yazılıb, qələt eləmişik riyaziyyat-zad öyrənmişik. Deyirdi, insan ölənə qədər öz beyninin cəmi 12 faizindən istifadə edir, gör qalanlarından istifadə eləsə nələr olar. (Açığı, intervüdən sonra məndə qənaət yarandı ki, hörmətli alim öz beyninin heç 2 faizindən də istifadə eləmir). Halbuki internetdə yüngülvari araşdırma aparsa görər ki, beynin guya hansısa faizdən istifadəsi mifdir, yalançı elmlər kateqoriyasından, fantastik kinolar üçün mövzulardan biridir. İnsan beyninin hamısından yararlanır - əlbəttə, söhbət sağlam insandan gedir. Beyinin hər hissəsinin də öz funksiyaları var. Yaxud Azərbaycanda geniş yayılmış mif var, guya genləri dəyişdirilmiş məhsullar (GMO) insanda sağalmaz xəstəlik yaradır. Bunun heç bir elmi sübutu, təcrübədən çıxmış faktları yoxdur. Mətbuat, KİV belə gopların vətəndaşlar arasında yayılmasında mümkün qədər diqqətli olmalıdır, ancaq kimə deyirik? Jurnalist üçün sarılaşmaq daha önəmlidir. Misal üçün, bu yaxında uydurma buraxdılar ki, guya Bakıda hansısa gurultu qopubdur. Kimsə qaz buraxır, sonra bunu “Paytaxtı sarsıdan səs” adıyla özünün şokxəbərburada.az saytında yayır, başqası ona istinad edir və Qaqarin demişkən, “getdik ey!” Yalanın biri bir qəpikdən ucuz olur. Biri deyir mikroqiyamətdir. O biri yazır ola bilməz, mikroqiyamət mikrorayonda olmalıdır. Başqası - Yerin tektonik quruluşu, Bakının geologiyası haqda xəbəri olmayan - yazır ki, guya paytaxt sürüşməyə hazırlaşır, bu da plitələrin səsi imiş. Elə bil Bakı qazandır, bunu plitənin dəmirinə sürtmüsən, səsi çıxıb. Bu gopların yayılmasında AMEA seysmologiya idarəsinin də böyük rolu oldu. Çox savadsız açıqlama vermişdilər: “Qobudakı stansiyamız nəsə qeydə alıb, ancaq bu, zəlzələ deyil”. Sən axı zəlzələdən başqa nə qeydə ala bilərsən? Bəlkə uçan boşqabların siqnallarını tutmaq imkanın var? Yaxud cəhənnəmin dibindən gələn səslərin melodiya yazılışı ilə məşğul olursunuz? “Bir səs eşitmişik, bilmirik nə səsidir” - ancaq bizim AMEA kimi gerizəkalı orqandan xalqa belə xəbər sızdırmaq olar. Sizi alim sayanın kül başına. Necə ki, olur elə. Ancaq ən karikatur izahlardan biri təbii ki, parapsixologiya elmləri doktorumuz, pirşünaslıq üzrə alim, Şeyx Nəsrullah mükafatı laureatı Həmid Herisçi yoldaşdan gəlmişdir. “Yeni Müsavat”ın müxbiri alimdən Bakıdakı səsin səbəbini soruşur (AMEA elə deyəndən sonra, əlbəttə, iş Həmid ağaya qalır), Həmid ağa deyir: “Bunun səbəbi qitəmizdəki maqnit qütblərinin yerini dəyişməsi ilə bağlıdır”. Müxbirin azca savadı olsa deyər ki, bir dəqiqə dayan, hansı qitədən, hansı qütblərdən danışırsan, bizim planetdə cəmi 2 maqnit qütbü var, onun da biri Arktika zonasında, o biri Antarktida materikindədir. Maqnit qütblərinin yerdəyişməsinin, maqnit anomaliyalarının Yerə təsiri isə yüz min illərlə ölçülən, bizim gündəlik hiss etməyəcəyimiz zaman qrafikində olan hadisələrdir. Üstəlik, bu iş gurultu ilə olmur - Formula-1 yarışı deyil. Ancaq müxbir etiraz eləmir. Bəlkə bilsə də eləməz, necə deyərlər, gop da olsa maraqlıdır axı. Bizə maraqlı gop adi həqiqətdən doğmadır. Respublikanı da elə bu üsulla idarə edirlər.

Bizə qoşulun