Dünən Bakının yağışdan çıxıb yağmura düşməsi, yiyəsiz qalması haqda yazını bitirəndən az sonra xəbər lentində sanki məni təsdiqləyən bir açıqlamaya rast gəldim. “Azəravtoyol” təmsilçisi demişdi ki, biz küçədə yağış barmaqlığını təmizlədik, su axdı aşağı, ancaq altdakı kollektor bizə tabe deyil, yəqin suyu çəkib aparmaq gücü azdır, o üzdən su qalxıb təzədən küçəni basmışdır. Sitat: “Yolların kənarlarındakı yağış barmaqlıqlarının suyu sonda mərkəzi kollektora qoşulur və ola bilsin ki, həmin kollektor da yağış sularını tam qəbul edə bilmir, nəticədə belə problem yaranır. Həmin mərkəzi kollektor isə ”Azəravtoyol" ASC-nin nəzarətində deyil".
Əla söhbətdir, vallah. Gərək kanalizasiyanın tabe olduğu “Azərsu” (açığı, ehtimal olaraq - kanalizasiya pulunu eyni idarə topladığı üçün - yazdım, yoxsa heç bilmirəm kimə tabedirlər, istəsələr Gənclər və İdman Nazirliyinə tabe edərlər, yiyəsiz ölkədir) da belə açıqlama versin: “Günah Torpaq Komitəsindədir, kanalizasiya sularını torpağa yaxşı çəkmirlər”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi suyun təbiətdə dövranını düzgün tənzimləmədiyi üçün günahkar sayılmalıdır. Yaxşı işləsələr o qədər bulud göydə nə gəzir? Elə bilirsiniz zarafat edirəm? Qətiyyən. Dünən elmi məqalə oxudum, BDU-nun bir alimi deyirdi ki, vikinqlər Holfstrim cərəyanına minib Amerikanı kəşf eləməyə gediblər. Halbuki Holfstrim Amerikadan “üzü bəri” axır.
Bugünlərdə dövlət başçısının sərəncamı ilə rayonlardakı mədəniyyət və turizm idarələri ləğv olundu. Yaxşı addımdır, onsuz bir işə yaramırdılar. Ancaq yerində yaradılan regional qurumlar da karikaturadır. Örnək üçün, Bakı Mədəniyyət və Turizm İdarəsi indi olub Bakı Mədəniyyət və Turizm Baş İdarəsi. Guya buna bir “baş” sözü artıranda idarə aktivləşir, başı işləyir? Boş şeydir. Heyf o binadan ki, 2003-də yapistlər Müsavat Partiyasından yağmalayıb bu mənasız mədəniyyət idarəsinə verdilər.
Yaxud Füzuli rayonu həmin sərəncamda Kürdəmir regional mədəniyyət və turizm idarəsinə tabe etdirilib. Halbuki Füzulidən Kürdəmirə getmək üçün elə bir babat turizm şirkəti lazımdır. Bəlkə buna görə ediblər? Nə biləsən. Ara yerdə imkan düşüb, mədəniyyət və turizm naziri Əbülfəs müəllimdən xahiş edirik, ölkəyə çaşıb gələn beş-on turistə hörmətlə yanaşsınlar. Yoxsa Novruz günlərində İrandan gələn turistlər Bakıda pul dəyişməyə yer tapmırdılar.
Bunlar hamısı düzələn işlərdir, yaxşısı budur sizə başıma gələn əhvalatı yazım. İbrət götürənlər götürsünlər, götürməyənlər də dombalaq aşa, yaxud Kürdəmir regional mədəniyyət və turizm idarəsində işə düzələ bilərlər.
İki gün qabaq əlimdə gül küçədə gedirdim. Qəfildən üç cavan oğlan qabağıma çıxdı, biri soruşdu ki, bu gülün adı nədir. Deyəsən, mənə çatana qədər nəsə mübahisələri olmuşdu, çünki mən cavab verəndən sonra sual verən oğlan o birilərinə dönüb razılıqla “Gördünüz?” dedi. Ancaq məsələ ondadır ki, mən ya tələsdiyimdən, ya bu gülün adından həmişə zəhləm getdiyindənmi (altşüurda belə işlər olur, adam adları özü hiss etmədən dəyişdirir, bu haqda Freydin araşdırması var, özümdən yazmıram) gənclərə yanlış bilgi verdim. Dedim bu gül qladiolusdur. Ancaq gerçəkdə əlimdəki gül kalla gülü idi. Uca millətimizin əsasən kala adıyla tanıdığı (düzgün yazılış iki l hərfiylədir), enli yarpaqlı bu ağ gülü hamınız görmüsünüz.
Əgər mən o gənclərə gülün doğru adını desəydim bunun nəsə fərqi olacaqdımı? Yanlış bilgi onların həyatında, ümumən dünya tarixində hansısa mənfi dəyişikliyə səbəb ola bilərmi? İnanmazsınız, ancaq mən bu haqda düşünürəm. Bu yapistlər isə 23 ildir Azərbaycan xalqına hər cür yalan danışırlar, ancaq bu yalanların pis nəticələri heç veclərinə deyildir.
Hər halda, mən o üç gəncdən qəzet vasitəsilə üzr istəyirəm. Qardaşlar, o gül kalla gülü idi.
31.03.2016, 07:25
194 baxış
Zamin Hacı
Gülün adı