
“Buruqların gəlməz saya,
Ucalırsan günə, aya.
Səs salırsan bu dünyaya,
Gözəl Bakı, gözəl Bakı!
(Zeynal Cabbarzadə)
Deyir dünən Bakının Səbayel və Yasamal rayonlarında nəsə gurultu səsi eşidilmişdir. Bununla əlaqədar camaat narahat olmuşdur, dövlət orqanları isə düz-əməlli bir cavab verə bilməmişdir.
Halbuki, bu gurultunun mənbəyini tapmaq olduqca asan idi. İlk növbədə, səsin çıxdığı rayona diqqət etməliyik. Niyə məhz Səbayel? Binəqədi, Nəsimi, Sabunçu niyə guruldamır? Çünki Səbayeldə dövlət, hakimiyyət orqanlarımız, o cümlədən həşəmətli Yeni Azərbaycan Partiyası yerləşir! Bu gurultu da onların cahanşümul fəaliyyətinin, Azərbaycanın dünyada analoqu olmayan iqtisadi yüksəlişinin səsidir, əks-sədasıdır! Ona görə indi gəlib çatır ki, bir müddətdir neft ölüb, manat çezib, sakitlik yaranıb. Yoxsa gurultu qabaq da olurdu, bərk getdiyimizə görə hiss eləmirdik. Hələ əsas gurultu-zırıltı indən belə gözlənilir, hazırlaşın.
Allah baisin evini yıxsın, yoxsa Amerikaya çatıb onu ötməyimizə az qalmışdı. Uşaq yeməyi istehsal edə bilməməyimizə, adi aftafa buraxmaqda çətinlik çəkməyimizə baxmayın, kosmik dövlət olmuşduq. Elə indi də yanılmıramsa, kosmik dövlətik, sadəcə, peykimizi qarışıqlıqda deyəsən itirmişik. Yoxsa bir xeyrini görərdik, Rabitə Nazirliyinin az qala bütün rəhbərliyini tutub zindana salmazdılar.
Bir az paxıllıq da rol oynayır. Türkiyədir, bizik, ruslardır - ətrafımız düşmənlə doludur. Hamı bizim pisliyimizi istəyir, çünki rəhbərlərimiz yaxşıdır! Başqa millətlər baxırlar, deyirlər kaş bizim də belə prezidentlərimiz olaydı, yandıqlarından ayağımızın altını qazırlar, badalaq vururlar. Misal üçün, Naxçıvanda çıxan “NAZ-Lifan” avtomobilləri planetə səs salmışdı. Alman mühəndislər gecələr gəlib İlandağın ətəyində ilana-çayana yem ola-ola texniki casusluq edirdilər, maşının sirlərini oğurlamaq istəyirdilər. İsveçin kralı, Londonun meri, canım sənə desin, Hollandiyanın baş naziri velosipedi atıb NAZ-Lifan minmişdilər.
Bəs axırı nə oldu? Heç zad. Çinlilər xəbisliklə hissələri göndərməyi dayandırdılar, maşın istehsalı oldu sıfır. Deyilənə görə bu ilin 3 ayında Naxçıvandakı o məşhur zavod bir dənə də maşın buraxmamışdır. (Zavod deyəndə bir az balaca çıxır, əslində onu palatka şəklində istənilən yerdə qurmaq mümkündür, çünki içində heç bir dəzgah-zad yoxdur. Eləcə quru divardır, “zapçast” gəlirdi, ondan bütün maşını qayırırdılar). Çin dövləti NAZ-Lifan-ın mod getməyinə baxıb, indi ancaq özləri buraxmaq qərarına gəliblər. Halbuki, həmin keyfiyyət olmayacaqdır. Gərək maşın Naxçıvanın havasını, suyunu udsun, o zaman bazara iddialı çıxa, yolların ağasına çevrilə bilər. Yoxsa Gəncə də bir ara maşın yığırdı, heç “bir qısmat” bazar ələ keçirə bilmədi.
Üstəlik, uca millətimiz də özünü bir qədər xam aparır. Əziz yoldaşlar, bu hələ harasıdır, gərək siz yayda Bakını tir-tir titrədəcək başqa gurultuya indidən hazır olasınız. Formula-1 yarışlarındakı maşınlar qaz verəndə səsindən bəlkə İçərişəhərin yarısı uçdu. Prinsipcə, uçur-uçsun də, köhnə yerlərdir hamısı. Yerində pinqvin qüllələri tikərik. Təki Xose Alonso, Şimşək Makquin, Meytor, nə bilim, Mixael Şumaxer bizdən narazı getməsin.
Yeri gəlmişkən, bəzi ağzıgöyçəklər donquldanırlar, deyirlər avtomobil istehsal edə bilməyən, xaricdən maşın alışı da son 1 ildə 3-4 dəfə aşağı düşən bir ölkənin sürətli maşın yarışı keçirməsi absurddur, gülüncdür. Heç elə şey yoxdur. Ona qalsa Ermənistan da boşalıb, ancaq hər gün cəbhədən Zakir müəllim bir Kamaz erməni qulağı gətirir. Yaxud, saatlar qabağa çəkilmir, Artur müəllim isə yerində qalır. Bakıda meymun yaşamır, ancaq Hacıbala müəllim hər yerə palma əkmişdir.
Sözümün canı odur ki, bunlar bir-birinə mane olan şeylər deyil. Hünər maşın olmayan yerdə maşın yarışı keçirtməkdir! Çay axmayan yerdə körpü tikməkdir. Səs çıxmayan ərazidə gurultu qoparmaqdır.