Medianews.az
“Daxili işlərə qarışan” diplomatlar
130 baxış

“Daxili işlərə qarışan” diplomatlar

xalid kazimli kose 1Tarix kitablarında oxuyuruq, Çingiz xandan tutmuş Sultan Süleymana, Şah Qacara qədər, demək olar ki, bütün padşahlar, sultanlar nə zamansa əcnəbi elçiləri öldürdüb, yaxud da rüsvayçılıqla təhqir edərək geriyə, öz ölkəsinə göndəriblər. 
Elçisi öldürülmüş, yaxud təhqir edilmiş hökmdar ləngimədən müharibəyə başlayırdı, çünki elçi, səfir dövlətin namusu sayılırdı.
Günümüzdə də iki dövlətin arası pozulanda ilk təpik səfirlərə dəyir, onları “məsləhətləşmək üçün geriyə çağırırlar”. Yaxud hansısa dövlətə iradlar yarananda onun səfirini ölkənin XİN-nə çağırırlar.
Səfirlərlə ən çox problem yaşayan ölkələr birmənalı olaraq avtoritar rejimə malik olanlar, diktaturalardır. Bu tip ölkələrdə vaxtaşırı diplomatik korpusları qınayır, pisləyirlər. Tez-tez yerli ictimaiyyətə duyurulur ki, filan-filan ölkələrin səfirləri ölkəmizin daxili işlərinə qarışır, ölkənin daxili sabitliyini pozmağa, öz düşmənçilik niyyətlərini həyata keçirməyə çalışırlar.
İctimaiyyət belə iddialara, ittihamlara, iftiralara tez və kütləvi şəkildə inanır. Çünki hamı xaricdə olan çox güclü bir məkrli qüvvənin onları yaxşı yaşamağa qoymadığına əmindir. Yerli hökumətdə təqsir yoxdur, günahın hamısı mənfur əcnəbilərdədir, onlar xalqı xoşbəxt olmağa qoymurlar - total təbliğatla başı tovlanmış xalqın əsas düşüncəsi təxminən belədir.
Srağagün bənzər bir hadisə Türkiyədə yaşanıb. Prezident Ərdoğan “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara nümayəndəsi Erdəm Gülün məhkəməsinə gedən Fransa və Hollandiya konsullarına xəbərdarlıq edərək deyib: “Diplomatiyanın da bir ədəbi var. Sən konsulluq ərazisində hərəkət edə bilərsən, digər şeylər üçün icazə almalısan”.
Beləliklə, əcnəbi diplomatların adi bir məhkəmə ziyarəti “ölkənin daxili işlərinə qarışmaq” kimi yozulub.
2003-cü ildə Norveçin ölkəmizdəki sabiq səfiri Steynar Gilin başına gələnləri xatırlayaq. O zaman cənab Gil ölkəmizdə müxaliflərə qarşı total repressiyanın kükrəyəcəyini duyaraq, cəza maşınının qarşısına keçmişdi, öz diplomatik toxunulmazlığından istifadə edərək, bir sıra liderləri məhkəməsiz cəzalandırılmadan xilas etmişdi. Səfir tələb etmişdi ki, heç kəs işgəncəyə məruz qalmasın, məhkəmə ədalətli olsun, müxalifətçilər haqsız yerə cəzalandırılmasın.
Steynar Gilin istədiyi o idi ki, ölkənin qoşulduğu Avropa konvensiyalarının və ölkə konstitusiyasının tələblərinə riayət edilsin. Bunun qarşısında adamı hoydu-hoyduya götürdülər, barəsində hərzə-hədyan danışdılar. Hətta məscidə içkili daxil olduğu barədə sırf böhtan xarakterli şayiə buraxdılar.
Bir dəfə də Yasamal rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov özünü o qədər belibağlı hiss etmişdi ki, ABŞ səfirliyinin təmsilçisinə, Yasamal məhkəməsindəki siyasi motivli məhkəmə prosesini izləmək istəyən Conatan Henikin qarşısını kəsmiş, içəri buraxmamış, hətta ona ingiliscə “Qou avey” (“Rədd ol”) demişdi. Ondan qısa müddət sonra Ç.Məmmədov vəzifəsindən “qou avey” edilsə də, bu, əslində diplomatik qalmaqal idi.
İndinin özündə də nə vaxt hansısa səfirliklərin təmsilçiləri siyasi motivli məhkəmələrə gedirsə, dərhal qara siyahıya salınırlar. Halbuki məhkəmə ədalətlidirsə, siyasi sifariş əsasında təşkil olunmayıbsa, onun işində diplomatik korpus nümayəndələrinin, əcnəbi jurnalistlərin iştirakının heç bir qəbahət ola bilməz. Məgər müşahidəçilər hakimin əlindən toxmağı alıb, masaya çırpır, “filan şahidi də dinləyək” deyirlər? Xeyr, bir küncdən oturub baxırlar, qeydlər aparırlar, daha sonra məhkəmənin nə dərəcədə ədalətli olub-olmadığına dair rəylərini bildirirlər.
Əgər bir dövlət Avropa ailəsinin üzvü olmaq istəyirsə, olursa, belə şeylərə hazır olmalıdır. Sən onun paytaxtına gedib müxtəlif tədbirlər təşkil edə bildiyin kimi, o da gəlib eyni şeyləri edəcək.
Yoxsa bizimkilər il on iki ay Avropanın qüdrətli dövlətlərinin paytaxtlarında mitinqlər, nümayişlər keçirir, müxtəlif toplantılar təşkil edir, parlamentə tələbnamələr göndərirlər, bu normaldır, amma həmin dövləti təmsil edən diplomat gəlib hansısa məhkəmənin gedişatını izləyəndə, yaxud müxalif siyasi qüvvələrlə görüş keçirəndə, bu, “daxili işlərə qarışmaq” olur.
Varmı belə diplomatik əməkdaşlıq?

Bizə qoşulun