
Azərbaycanlı məhbus intihar edib, dövlət bu məsələyə qarışıb, həmin türmənin azı 6 işçisinə cəza verilibdir. Qorxmayın və dövlətçiliyimiz sarıdan qəti narahat olmayın, hadisə Rusiyada olmuşdur. Bizdə dustağın nəinki intiharı, heç döyülüb öldürülməsi də kimsənin vecinə deyildir. Dünyanın bəyənmədiyi, repressiv rejim saydığı Rusiya belə insan haqları məsələsində bizə örnək ola bilərmiş, gör nə gündəyik.
Yeri gəlmişkən, Rusiyada ukraynalı hərbi təyyarəçi Nadejda Savçenkonun məhkəməsi keçirilir, telejurnalistlər az qala o iclaslardan canlı yayım verirlər. Bizdə isə jurnalist Xədicə İsmayılın məhkəməsinə nəinki jurnalistləri, az qala vəkilləri də buraxmırdılar. Totalitarizmin balacası həm də çox xırdaçı olurmuş.
Rusiya ilə müqayisə mövzusu düşmüşkən, keçən aydan bir maraqlı açıqlama yadımda qalıb. Milyarder Araz Ağalarov devalvasiyadan şikayətlənib demişdi ki, indi Rusiyada stadion tikmək onun üçün çətindir. O, Rostov və Kalininqrad şəhərlərində 2 stadion tikir.
Sitat: “Rublun devalvasiyası hər şeyi alt-üst etdi. Devalvasiya üzündən podratçılardan heç biri təsdiq olunmuş büdcə ilə bu işlərin öhdəsindən gələ bilməyəcək. Hazırkı kursla bir obyektin tikintisi təxminən 200 milyon dollara başa gəlməlidir. FİFA tarixində belə şey olmayıb. Bundan əvvəl çempionatı qəbul edən Braziliyada bir stadionun tikintisi 400 milyon dollara başa gəlmişdi. Hələ onlarda iqlim şərtləri bizdən xeyli yaxşıdır”.
Öz ölkənə yadlaşmaq bax budur. Araz müəllim əgər Azərbaycanı yaxşı tanısa bilməli idi ki, yapist dostları“Koroğlu” metrosu yaxınlığındakı futbol stadionunu rəsmi rəqəmlərə görə 750 milyon dollara, qeyri-rəsmi araşdırmalara görə isə hətta 1 milyard dollara tikmişdilər. Bəs sən hansı haqla “tarixdə belə şey olmayıb ki, stadion 200 milyon dollara başa gəlsin” deyirsən? Ar olsun! Vətəni unudanlara, tarixini bilməyənlərə manqurt deyilir! Gəl arada heç olmazsa doğulduğun Nardaranda açılan Bilik Evində kitab arası aç, Kamal Abdullanın mühazirələrini dinlə.
Örnək üçün, mən vətənimizi o qədər yaxşı tanıyıram ki, kiçik bir əlamətdən hansı rayonda kimin icra başçısı olduğunu əzbər deyərəm. Dünən internetdə xəbər gördüm: “Səbayel rayonunda ən böyük paxlava bişirilib, sakinlər onu yeyiblər”. İndi buna əsasən rayonun icra başçısının Eldar Əzizov olduğunu gözüyumulu anlamaq lazımdır, çünki Eldar müəllim hansı rayonda, hansı şəhərdə raykom katibi olsa, orda mütləq ən uzun paxlava, ən dərin tort kimi şirin işlər görür. Gəncədə də belə olub, Sumqayıtda da. Əgər sabah Nyu Yorkun mərkəzində əkiz Paxlava qülləsinin açılışını CNN canlı göstərsə, mən barmağımı dişləmədən məsələni anlayacağam: deməli, Eldar müəllim BMT sədri seçilmişdir! (Buna imkanımız da var, bir ara Təhlükəsizlik Şurasının 15 müvəqqəti üzvündən biri Azərbaycan olmuşdu, həmin 6 ayda Yer kürəsində bir uşağın fırtıqlı burnu qanamadı).
Doğrudur, Araz müəllimi Rusiyada vuran devalvasiyanın bir quyruğu də Səbayelə çatıb və Eldar müəllimi vurub, bu, rayondakı paxlavanın ərazisindən aydın sezilirdi. Şəklini vermişdilər, heç 1 metrlik olmazdı. Halbuki, manatın yaxşı vaxtlarında Eldar müəllimin Sumqayıtda bişirdiyi paxlavanın uzunluğu 21 metr olmuşdu! Gəncədə bişirdiyi tort isə kosmosdan görünürdü.
Sonda bir vacib rayon xəbərini də çatdırım, çünki qəlbimi fərəhləndirən xəbərdir. Binəqədi rayonu Bakıda ən çox cinayət törədilən rayon olaraq 1-ci yerə çıxmışdır! Buna görə ispalkomun sədri Xaləddin müəllimə bir Binəqədi sakini kimi dərin təşəkkürümü bildirirəm, bu arzuya rayonda məskunlaşan Şuşa və Zəngilan qaçqınları da qoşulur. Çünki Xaləddin müəllim rayonda çoxlu otluq, təpəlik düzəltməsəydi, cinayətkarların gizlənib iş görməsi çətin olardı. Binəqədi YAP-ın binası qabağında hətta qamışlıq yaradılıb, istəsən orda qaban ovuna çıxmaq mümkündür, bu isə ov mövsümü olmayanda brakonyerlik sayılır.
Hamının uzun paxlavası olmaz, hər rayon bir şeylə fərqlənməlidir. İndi söz əlaqədar rayonlarındır.