Daimi oxucularımızdan hörmətli Yusif bəy zəng vurub deyir ki, ola bilsin yapistlərin tamah dişləri vardır. Obrazlı olaraq yox, gerçəkdən belə dişləri var və qocalıb çürüdükcə yenilərini əkdirirlər. Kim bilir... Bəlkə də Nazirlər Kabineti nəzdində Tamah Dişlərinin Əkilməsi Dövlət Komitəsi yaradılıb.
Ancaq mən bu diş məsələsinə çox da aludə olmağın tərəfdarı deyiləm, çünki bunlar ölkəmizin hissələrini, təbii sərvətlərimizi, insanları adətən dişləmədən, diri-diri udurlar. Vaxt azdır, çeynəməyə sərf etmək lazım deyil. O üzdən bir də baxırsan ki, indicə salam verdiyin adamı iki metr aralanmamış “happ” elədilər, ötürdülər mədəyə. Çox insanımızı udublar. Sizə elə gəlir onlar həyatda yaşayır, Günəşdən, çiçəkdən, arıdan-böcəkdən həzz alırlar. Qətiyyən. Onlar yapistlərin ölçüsüz qarnında oturub hərdən nəsə səs çıxarırlar.
Diş əkilməsi mövzusu mənə Buratinonun nağılını xatırlatdı. Orda ata Karlo Buratinoya 5 qızıl pul verir, pişik Bazilio və tülkü Alisa isə kələk gəlib pulu onun əlindən alırlar. Deyirlər “Axmaqlar ölkəsi” deyə bir yer var, gəl gedək ora, orda ağacın dibində pulları basdır, “kreks, freks” de, ağac qızıl pullardan yarpaq açacaq. Həmin ağacın bitdiyi çöl isə “Möcüzələr çölü” adlanırdı. Eynilə bizim Azərbaycan. Pulu əlindən alınan xalqı da su arxına atmağa ehtiyac yoxdur, özü intihar eləyir.
Əsl nağıllar diyarında yaşayırıq. Binəqədinin kralı, icra başçısı Xaləddin müəllim bir vaxtlar bütün rayon ərazisində təpəciklər qayırmışdı. Bu təpəciklər qədim türk xaqanları ölərkən qəbirləri üzərində ucaldılan kurqanlara oxşayırdı. Kim bilir, bəlkə də Xaləddin müəllim rayondan yığdıqlarını o kurqanların altında basdırırdı. Ancaq hazırda Xaləddin müəllim silsilə təpələrinin durumu yaxşı deyil. Otlar quruyur, çiçəklər baxımsızlıqdan süpürgəyə dönüb, hətta bir çox təpələri qazıb yerlə bir edirlər. Bəlkə qızılları axtarırlar? Mən ən çox Bakının girişindəki təpənin üstündə çiçəklərdən düzələn iki butaya görə narahatam. Xaləddin müəllim neft pulu azalan kimi o butaları yolub yerinə ot əkdi. Necə deyərlər, verilən buta, düşdü it-bata.
O yandan da başqa oxucular narazılıq məktubları yazırlar, deyirlər Binəqədinin yolları itin günündədir, nə üçün buna bir əlac edən yoxdur, yayda tozdan, qışda palçıqdan yeriyə bilmirik. Nə üçün yerimək istəyirsiniz? Qalın rayon ərazisində, rayonu sevin. Öz millətimizin palçığı da əzizdir, nəinki xaricilərin güzgü kimi asfaltı.
Xarici demişkən, mən son günlər Amerika Birləşik Dövlətlərinin necə əfəl respublika olduğunu bir daha başa düşdüm. Hələ nə yaxşı deputatxanamız onlara sanksiya qoymadı, yoxsa lap batardılar. Təsəvvür edin, guya hegemon dünya lideri olan bir dövlət neçə aydır... bir telefonun kodunu aça bilmir! Qısa yazsam, məsələ belədir: keçən il Amerikada bir terrorçu 14 nəfəri güllələyib öldürüb, özünü də yanılmıramsa polis məhv edib. Terrorçunun “Ayfon” telefonu var, ABŞ xüsusi xidmətləri bunun kodunu açıb içərisinə baxmaq, zəruri məlumatlar əldə etmək istəyir. Ancaq bir problem var ki, 10 dəfə kodu yanlış yığanda telefon içindəki informasiyanı avtomatik məhv edir. İndi dövlət “Apple” şirkətindən xahiş edir ki, kodu açmaqda yardım eləsinlər. Şirkət isə dövlətə üç barmağın konfiqurasiyasını göstərir, deyir açmırıq, belə presedent yaratsaq gələcəkdə hər kəsin telefonuna burun soxarsınız! İş məhkəmədə gedir, gah dövlətin xeyrinə, gah şirkətin xeyrinə qərarlar çıxır, hələlik bir sonuc yoxdur.
Mənim yadıma gəlir ki, 2003-cü ildə yapistlər bir qrup müxalifətçini şərləyib tutanda bizim mobil telefon şirkətləri onların yazışma və zənglərini hakimiyyətə beş qəpiyə, yəni pulsuz-parasız, məhkəməsiz-filansız satmışdılar. İndinin özündə də hər operatorun ofisində bir çekist oturub, müxalif fikirli insanların telefonunun başına istənilən oyunu açırlar. Amerika isə bunu bacarmır.
Ona görə də, Səyavuş müəllim düz deyirdi, biz Amerikadan güclü dövlətik.
10.03.2016, 05:59
262 baxış
Zamin Hacı
Xaləddin müəllimin kurqanları