Medianews.az
Burcutto qəndi necə aparmışdı
232 baxış

Burcutto qəndi necə aparmışdı

zamin yeni raz Gürcülər ruslardan qaz almaq söhbətini ortaya salanda bizim şanlı yapistlər keçmiş futbolçu, indi Gürcüstanın energetika naziri işləyən Kaxa Kaladzeni qaçaraq Bakıya çağırdılar, əlavə və istədikləri qiymətə qaz verdilər. Bununla eyni vaxtda Bakının bir çox rayonlarında qazın kəsilməsi, təzyiqinin azalması xəbərləri gəldi. Bir aydan çoxmuş belə imiş. Sanki Bakıya veriləsi qazı yığıb gürcülərə saxlayırmışlar. Texniki baxımdan belədirmi - deyə bilmərəm. Açığı, araşdırmağa həvəs də yoxdur. Çünki belə araşdırmaların heç bir tarixi önəmi qalmamışdır. Gözümüzün qabağında olanlara diqqət etmiriksə, alt qatda olanları bilməyin nə mənası? Örnək üçün, keçən həftə bir azərbaycanlı İrana keçid məntəqəsində, Biləsuvar sərhəd-gömrük postunda basabasda öldü. Dəfələrlə sərhəd keçidlərimizdə qonşu ölkələrə xırda ticarət, xəstəlikdən müalicə, işləmək üçün gedənlərin zülüm çəkdiyini, növbələri, basabası göstərən videolar yayılıb, yazılar yazılıb, şəkillər çəkilib - xeyri varmı? Hətta insanların o basabasda ölməsinin də yapistlərə təsiri yoxdur. Dəyirman öz işindədir, çax-çax baş ağrıdır. Öz vətəndaşını qazsız qoyub başqalarına qaz verməyi başqa ata sözümüzlə ifadə edə bilərik: “Aləmi bəzər, özü lüt gəzər”. Sözgəlişi, yapistlərin Strasburqda kilsə təmiri, Pakistana məktəb tikmək kimi karikatur projeləri də bu məsəlin isbatı üçündür. Haşiyə çıxım, bir məsəl var, onu da ölkəmiz üçün tipik saymaq olar: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Belə sarsaq sözü ancaq oxumaq və kitaba nifrət edən millətin ataları düzəldə bilərdi. O üzdən düşüb dünyanı gəzirik, İranda sağlamlıq, Gürcüstanda istirahət, Rusiyada iş, Türkiyədə alver axtarırıq. Kitab oxusaq bunların hamısını öz ölkəmizdə də tapardıq. Üstəlik, gəzə-gəzə kitab oxumaq olardı. Bir neçə gün qabaq fövqəladə hallar atlasımızın hazırlanması haqda prezident sərəncamı çıxmışdı. Sərəncamda nazirliklərə, elmi institutlara tapşırıq verilirdi ki, fövqəladə hallar zamanı hazırlıqlı olmaq üçün Azərbaycanın təbii fəlakət və sairə pis hadisələr törənə biləcək nöqtələri, əraziləri xəritələşdirilsin. Yaxşı sərəncamdır, düzgün yerinə yetirilsə hər dövlət üçün önəmli xəritədir. Örnək üçün, mən təklif edərdim o xəritədə Biləcəridə su çatışmazlığı nöqtələri qeyd edilsin. Binəqədi küçələrinin yağışda dənizə dönməsi, Rəsulzadə qəsəbəsində qışda qazın kəsilməsi, Nərimanovda evlərin zirzəmisində yaşayan həşəratlar, Zığda sürüşən binalar və sairə xəritədə göstərilsin. İnsanlar da hansısa əraziyə köçməzdən qabaq işlərini bilsinlər. Yoxsa gedirlər yolsuz ərazidə ev alırlar, sonra ağlaşma qururlar: “Palçıqdır, uşaq məktəbə gedə bilmir”. Xəritə ilə işləmək lazımdır. Kaladzenin gəlib qazımızı durbaya yığıb aparması əslində bir çox istiqamətdən baxanda maraqlı temalar çıxarır. Örnək üçün, gürcülərin keçmiş tanınmış futbolçusu indi nazirdir, bizim bir tanınmış futbolçu isə dələduzluqda suçlanıb həbsə atılıb. Tarixi baxımdan söhbətə yanaşaraq bir uşaqlıq xatirəmi yazmaq istərdim. Bunu mənə əmim Vahid Əlifoğlu danışmışdı. Ötən əsrin yetmişinci illərinin sonunda kəndimizdə qənd çatışmazlığı yaranır. (Ənənəvi SSRİ problemlərindən biri. İndi bunu bəzi burnufırtıqlı solçu-kommunist uşaqlara izah eləmək çətindir). Camaat dükana gedir, görür qənd yoxdur. Kəndin ortasında sovet sədri Mahmud kişini görürlər, deyirlər, bəs qənd haçan olacaq. Mahmud kişi həmin axşam mərkəzi televiziyanın “Vremya” proqramına baxıbmış. Orda bir süjet veriblər, SSRİ-nin dost və qardaş Pakistan xalqına qənd, şəkər yardımı etməsi haqda imiş. Pakistanın o vaxtkı baş naziri Zülfüqar Əli Bhutto (Benəzir Bhuttonun atası) SSRİ-yə qonaq gəlibmiş. Uzun sözün qısası, camaat Mahmud kişini bezdirir, bu da cavabında yandığından deyir: “A kişi, məndən əl çəkin, axşam televizorda dedilər ki, qəndi Burcutto apardı”.

Bizə qoşulun