Medianews.az
Almaniyada kanalizasiya
334 baxış

Almaniyada kanalizasiya

zamin yeni raz Bakıdakı özəl universitetlərdən birinin rektoru ali məktəbi cəmi 2 il qabaq bitirən oğlunu özünə prorektor təyin etmişdir. Əhsən. Elə sevindim ki. Millət artıq trendi, inkişaf istiqamətimizi tutaraq düzgün yolla getməkdədir. Rəhmətlik Rac Qapurun kinosunda deyilən kimi, prokurorun oğlu prokuror, oğrunun oğlu oğru olacaqdır, Ya Qarabağ, ya ölüm, Başqa yolu yox artıq! Ümumiyyətlə, çalışmaq lazımdır kimsə öz atını deputatxanaya üzv də eləsin. Bununla biz Qədim Roma hüququ ənənələrinə çıxış əldə edərək Avrasiya regionunda yeni sivilizasiyanın əsaslarını qoyarıq. Doğrusu, xəbərim yoxdur, bəlkə də artıq kimsə öz atını qanunverici orqana salmışdır. Nə biləsən... Guya hamını tanıyırıq? Örnək üçün, elə o universitet rektorunun oğlunu prorektor, qızını dekan, bacanağını professor, yeznəsini Elmi Şura rəhbəri qoyması haqda xəbərin düz altında yazılmışdı: “Deputat Hacı Salayevin oğlu öz hotelində qumarxana açıb”. Guya siz belə deputatımız olduğunu bilirdiniz? Şəxsən mən bilirdimsə başıma Oqtay müəllimin kreslosu ağırlığına daş düşəydi. Nəinki deputatı və oğlunu tanıyırdım, hətta orda bir hotel adı yazmışdılar, bina şəkli qoymuşdular, izah eləməsələr sanardım harasa xarici ölkədir. Yapistlər düzgün qeyd edirlər, ölkəmizə yadlaşıb getmişik. Ancaq qürur duyduğumuz insanlar da vardır. Türkiyədə universitet oxuyan iki gənc azərbaycanlı tələbə bonzai adlı narkotikdən yararlanaraq ölümcül duruma düşüblər. Biz onların orda oxuyub gəlib buraları düzəldəcəyinə ümid edirik, onlar isə bonzai çəkirlər. Bəs nə eləsinlər? Axı Azərbaycanda əsas dövriyyə vasitəsi narkotikdir. Yapistlər kimi tutmaq istəsələr, onun cibindən mütləq narkotik də “tapılır”. Minimum 3-5 qram hər kəsin cibində olmalıdır, yoxsa müxalifətçi sayılmaz. Bu gənclər də narkotikin elmini öyrənirlər, düzü bir az pis günə düşüblər, inşallah, sağalıb yeni narkotik biliklər əldə edərlər, bizə öyrədərlər. Açığı, mən onların sayəsində bonzai adlı narkotikin olduğunu öyrəndim, haqqında bilgilər topladım. Sən demə, heroindən 100 qat təhlükəli bir maddə imiş. İlk istifadədə öldürə bilən bir zəhər imiş. Görək gələcəkdə hansı müxalifətçimizin, jurnalistimizin cibindən bonzai “çıxarılacaqdır”. Şeytan detallarda gizlənir, biz hər bir xırda şeyə, o cümlədən zada diqqətlə yanaşmalıyıq. Kosmos əsridir. Dünya xalqları ən kiçik zərrəciyin ən xırda hissəsi boyda olan qravitasiya dalğasını tutur. Yaxud, görürsən kosmosda uçduğun yerdə qarpız dənəsi boyda bir peyk qırıntısı - buna kosmik zibil deyirlər - gəldi girdi raketə, peşmançılıq oldu, təpəsi üstdə gumbultuyla düşdün Bakının analoqu olmayan bulvarında kaktusun üstünə. Bax, mən son vaxtlar elə bu cür xırdaçılıq eləməyə başlamışam, dünyaya inteqrasiyamı bu üsulla edirəm. Azərbaycanın istehsal elədiyi yüksək texnologiyalı cihazların... zarafat edirəm, qorxmayın - milli istehsalımız olan günəbaxan tumlarının və bəzi xırda-mırda şirniyyatın qabını açmaqda çətinlik çəkirəm. Misal üçün, qutunun üstündə “Buradan açın” deyilən bir yazı olur, ancaq həmin yerdən də açmaq olmur. Heç bir önəmi olmayan yazılardır. Hardan dartsan açılmır, mütləq gərək dişinə salıb gəmirəsən. Bu da onunla bağlıdır ki, Azərbaycanda açıq cəmiyyət yoxdur. Hər yer bizim üzümüzə bağlıdır, o cümlədən hansısa qotur və yoluq firmanın zibilxanada istehsal elədiyi günəbaxan tumlarının kisəsi! Sən tum qabını dişinlə-dırnağınla açırsansa, belə vilayətdə necə yaşayasan? Hər şey bundan başlanır. Zarafat eləmirəm. İnternetdə bir videoya baxmışam: Almaniyada asfalt yolda bir az batmış kanalizasiya lyuku qapağının təmiri haqda idi. Bizim şəhərlərdə, yollarda görmüsünüz, asfalt çəkildikcə yol qalxır, lyuk batır, insanlar avtomobillərini taqqıltı ilə bu çalalara salmaqla zülm çəkirlər, bir dövlət idarəsinin də vecinə olmur. Almanlar isə cəmi 1 santimetrə yaxın aşağı düşmüş lyuk qapağını qaldırmaq üçün dastan yazdılar. Bir sürü adam gəldi, bir düjün texnika işə girişdi, lyukun qapağını, yalan olmasın, üç öpüb bir düşləyib qaldırdılar, yolla eyni səviyyədə elədilər. Sən fikirləşirsən ki, rəhmətliyin uşağı, bir lyuk qapağına bu qədər fikir verərlərmi, cəhənnəm olsun... Ancaq alman fikirləşmir. Çünki ölkənin çökməsi adətən elə o lyuk qapağının bir santimetr çökməsindən başlayır.

Bizə qoşulun