Dünən dostumuz, həmkarımız, keçmiş MTN-dəki quldur dəstəsinin şərləyib zindana saldığı Pərviz Həşimli zəng etmişdi. Onun səsini eşitməyimə çox şad oldum, ancaq açığı, elə yerdə idim ki, bu jurnalisti günahsız zindanda saxlayan rejimə ürəyimdə lənət oxudum. Məktəbin həyətində idim və Pərviz bəyin evinə MTN bandası hücum edərkən onun körpə uşağının keçirdiyi stress, qorxu yadıma düşmüşdü. İndi o uşaq Pərviz bəydən nigaran halda məktəbə gedir axı.
Pərviz bəy maraqlı sözlər danışdı. Deyir qazamatın kitabxanasından bir kitab tapıb, AVCİYA-nın sədri, indiki deputat Elxan Süleymanovun hazırladığı həmin kitabda belə cümlə oxuyub: “Azərbaycan xalqının 60 faizdən çoxu milli təhlükəsizlik naziri Eldar Mahmudova böyük rəğbət və inam bəsləyir”. Yeri gəlmişkən, MTN quldur dəstəsinin ifşasından sonra biz hamımız ümid edirdik Pərviz Həşimli azadlığa çıxar, çünki onu ittiham edənlər, ona torba tikənlər məhz həmin dəstənin üzvləri idilər, hətta MTN Antiterror Mərkəzinin rəis müavini, türmədə sirli şəkildə ölmüş polkovnik İlqar Əliyev Pərviz bəyə şəxsən işgəncə vermişdi. Ancaq olmadı. Yapistlər bir daha bizim nə qədər avam, sadəlövh, nəyəsə ümid edən başıboşlar olduğumuzu isbat etdilər.
Pərviz Həşimlinin işindən bir epizod da yazım, oxucular üçün maraqlı olar. MTN-in guya onun maşınından tapdığı tapança vardı. Sonra məhkəmədə bu tapançanın istehsal-seriya nömrəsini elan elədilər. Vəkillər araşdırıb ortaya çıxardılar ki, bu seriya nömrəsinin tam ardı və əvvəli başqa cinayət işlərində var, özü də həmin işlərdəki məhbusların da hamısı siyasi məhbuslardır. Bir az izah edim: misal üçün, Masallıda şərlənib həbs edilən hansısa islamçı var, onun üstündən “çıxan” tapançanın seriya nömrəsi 23-dürsə, Pərviz bəydəki 24-dür, başqa bir zaqatalalı siyasi məhbusdan “tapılan” isə 25-dir. Necə olub ki, tamam fərqli peşə yiyəsi, tamam fərqli regionlarda yaşayan “cinayətkarlar” seriya ardıcıllığı gözləməklə tapança əldə ediblər? Bəlkə bu, onları şərləyən idarənin silahları eyni nöqtədən satın alması ilə bağlıdır?
Əlbəttə, bununla biz heç kimə heç nəyi sübut edə bilməyəcəyik. Azərbaycanda hüququn, qanunun başını çoxdan üzü “Qarabulaq”a tərəf yıxıb kəsiblər. Sadəcə, bizim hüquqlar bir az canıbərk çıxıblar, hələ can verirlər, xırıldasalar da ölmək istəmirlər. Dünən belə hüquqi canvermə prosesi Şəki Apelyasiya Məhkəməsində qayırılmışdır. İsmayıllı hadisələrinə görə suçlanan Tofiq Yaqublu və İlqar Məmmədovun prosesi olmalı idi.
Bu cinayət işi o qədər mənasız, absurd, həyasız bir işdir ki, heç bilmirsən haqqında nə yazasan. Təsəvvür edin, rayonda dərəbəylik yaradan nazir və onun icrabaşı qardaşı çoxdan işdən atılıblar, yanan hotelin yerində ayrı bina tikilib, Avropa Məhkəməsi Yaqublu və Məmmədovun tam günahsız olmasını sübuta yetirib, Azərbaycan hakimiyyətinə onları dərhal azad etmək tələbi qoyub, ancaq bu adamlar hələ də dustaqdır! İndi bu işi guya yenidən araşdırmaq adıyla Şəki məhkəməsinə qaytarıblar. Orda isə tragikomediyanın növbəti pərdələri oynanılıb. Hakim prosesi təxirə salıb, deyib Penisentiar Xidmətin işi çoxdur, dustaqları gətirməyiblər! Əcaibdir. Elə bil dustaq idarəsinin ayrı işləri də var, misal üçün, Ağcabədidə Aqil müəllimə qoşulub soğan əkirlər. Ən gülməlisi isə bu deyil.
Yapistlər bəyan ediblər ki, həmin işlə bağlı yeni zərərçəkən var, özü də adam Türkiyədə yaşayır! Baxış Kəsər adlı bu tipin guya İsmayıllı hadisəsi zamanı... paltosunun ətəyi yanıbmış! Bəs yatıb indi niyə şikayət edir? Guya şikayət eləməyə imkanı olmayıbmış. Paltosu yananda isə mənəvi sarsıntı keçiribmiş.
Bir neçə il də bu Kəsərin yanmış paltosunu İlqar və Tofiq bəyin üstünə atsalar nə olasıdır?.. Əsas odur vaxt keçsin, dustaqlar çürüsün. Paltonun mənəvi sarsıntısı ötəndən sonra da hansısa İran vətəndaşı tapmaq olar, guya bu adam da həmin vaxt İsmayıllıdan keçəndə “Çıraq” hotelindən qığılcım uçub, gəlib bunun saqqalından iki tükü ütmüşdür. İki tükə görə biz İranla təzə dostluğumuzu poza bilmərik ki! Ar olsun, təzədən məhkəmə lazımdır...
26.02.2016, 11:13
431 baxış
Zamin Hacı
İşgəncələrin seriya nömrələri