Medianews.az
Məhəlləmizdəki “İŞİD”
290 baxış

Məhəlləmizdəki “İŞİD”

zamin yeni raz “Azərsu”nun dünən su borusu çəkilən sakinlərə 500 manat borc yazması haqda xəbəri oxudum. Eyni hal dəfələrlə bizim də başımıza gəlmişdir. Vedrə ilə daşıdığımız, maşından aldığımız suya görə üstəlik bu müftəxor idarəyə ikiqat pul ödəmişik. 3 nəfərin qeydiyyatda olduğu mənzilə saxtakarlıqla 5 nəfər “qeydiyyata salıb” əlavə iki nəfərin də aylıq normasının pulunu qoparıblar. Dövlət idarələrinə, harın məmurların villalarına axıdılan suların dəyərini millətə ödətdiriblər. Min cür fırıldaq gəliblər. Öz məişət-kommunal problemlərimdən yazmağı sevməsəm də, bugünlərdə rastlaşdığım məsələni mütləq yazmalıyam, çünki tragikomik bir mənzərə ilə üzləşmişdim. Bu dəfə su idarəsi yox, istilik idarəsinin zibillərindən bəhs edəcəyəm. Demək, Binəqədi rayonunda yaşadığımız məhəllə 5 ədəd iki bloklu, beş qatlı yaşayış binalarından ibarətdir. Sovetlər dağılandan əvvəl istilik sistemi necə işləyib, heç bir məlumatım yoxdur, ancaq son 25 ildə istixana işləmədiyindən bütün camaat kimi biz də istilik batareyalarını, bütün mənzildaxili boruları söküb atmışdıq. Keçən il isə məhəlləyə daş tökdülər, boru-zad yığdılar, dedilər indi istilik ümumi sistemlə veriləcək. Sadəcə, hər kəs mənzildaxili boruları 60-100 manat arasında xərclə (otaq sayına görə) bərpa etməlidir və özü batareyalar quraşdırmalıdır. Baş ağrıtmayım, üst-üstə 450 manata yaxın xərclə bütün boruları çəkdik, batareyaları aldıq, hazırda bizim mənzildə sistem tam hazırdır. Ancaq istilik yoxdur. Səbəbini camaata belə deyiblər: “Keçən ilin büdcəsindəki vəsaitlə ancaq bir binanın yarısına istilik verə bilirik, qalan binaları birləşdirməyə boru yoxdur”. Guya bu ilin yanvarında pul ayrılmalı idi, ancaq o da olmadı. Fikirləşdim ki, gedim şikayət edim (düzü, bilmirdim kimə edim, çünki ölkədə anarxiyadır, camaat bir-birini 400-500 manat borca görə güllələyir), deyim bu istini verməyə qabiliyyətiniz çatmırdısa, bizi niyə doladınız, bu qədər xərc və əziyyətə saldınız? Getdim qazanxananın həmin karikatur binasına. Karikatur ona görə yazıram ki, ətrafda 5 binaya boru çəkilməyib, istilik ancaq bir bloka verilir, ancaq qazanxana bütün sutka elə guruldayır nabələd adam görsə su elektrik stansiyası-zad hesab edər. Yapistlərin bütün işləri kimi - gurultu, zırıltı var, iş və nəticə, fayda və xeyir yoxdur. Qazanxananın qapısına yaxınlaşanda gördüyüm lövhə məni şoka saldı, dönüb qaçdım. Sanki terror yuvasına çıxmışdım. Özünüz baxın, həmin lövhədə belə yazılmışdı: “20 saylı İSİS, 386 saylı qazanxana”. Dəhşət. İndi bunlara necə şikayət edəsən? Adamı tutub başını kəsərlər. Söhbəti anlamayanlar üçün qısa izahat verim: “İSİS” abbreviaturası bizim İŞİD (İraq-Şam İslam Dövləti) kimi tanıdığımız terror qruplaşmasının ingiliscə adıdır. Açması belə yazılır - Islamic State of Iraq and al-Sham. Sən demə, bizim qazanxanadakı İSİS - İstilik Sistemləri İstismar İdarəsi demək imiş! Doğrudan da bizim nəinki istilik, bütün dövlət qurumlarımızın mahiyyətində nəsə bir “İŞİD”lik var, bunlar heç bir dünya qaydalarını, humanizm prinsiplərini qəbul eləmirlər, özləri üçün yaşayırlar. Hətta bizim kommunal xidmətlərin maşınları da İŞİD-dəki kimi, adətən “Toyota” markalı “pikaplar” olur. Problemin mahiyyətini xalqa bu cür gözəl izah etdiyi üçün yüz faiz dövlətə məxsus “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə, şəxsən onun sədri Yaşar Həsənov müəllimə, 20 saylı İSİS-in rəisi Hikmət Əkbərova dərin təşəkkürümü bildirirəm və evdəki “bala-İSİS”-ə çəkdiyim xərcləri halal edirəm: burnunuzdan gəlsin. İnşallah, cəhənnəmdə sizin idarənin bütün rəhbər heyətini yaxşı bir “otopleniyaya” bağlayıb qızardarlar, şeytanlar da sizə baxıb “qarmoşka” çalarlar. Gələn çərşənbə odun yığıb sizin qazanxananın qabağında tonqaldan hoppanmağa acizanə söz verirəm.

Bizə qoşulun