Medianews.az
Bir anbar bəxtsiz cavan
232 baxış

Bir anbar bəxtsiz cavan

zamin yeni raz Təşəbbüs göstərmək, iş görmək, kitab oxumaq-filan hələ hər şeyi həll eləmir, gərək adamın bəxti də olsun. Gəncədə müəllimləri yığmışdılar icra hakimiyyətinin qabağını silib-süpürməyə. Guya Türkiyə prezidenti Ərdoğan müəllimin səfərinə hazırlaşırdılar. Ancaq Ərdoğan guya dumana görə Gəncəyə getməyəcək, Bakıya gələcəkmiş. Bəs o boyda əziyyət necə olsun? Müəllimlərin zəhməti hara getdi? Belə çıxır ki, vaxtilə Mikayıl müəllim Türk Hava Yollarının pilot və stüardessalarını elə yaxşı edib basıb döymüşdü. Yaxud, Bakının Suraxanı rayonunda gənclər iş tapa bilmir, günlərlə məşğulluq mərkəzinin qapısında sürünürlər. 120 manatlıq iş təklifi alırlar uzağı. O yanda isə Tovuzun Qovlar qəsəbəsində Gənclər Evi istifadəyə verildi. Sitat: “Diqqətə çatdırılıb ki, burada gənclərin intellektual klubu, gənc iqtisadçılar klubu, kompüter dərnəyi, peşəyönümü mərkəzi, istedadların hazırlıq laboratoriyası, elektron kitabxana, karyera mərkəzi, rəqs zalı, toxuculuq və tikiş dərnəkləri, vətənpərvərlik klubu fəaliyyət göstərəcək. Bilyard, tennis və fitnes zallarında yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək”. Görürsənmi? Hər bir şey nəzərə alınmışdır. İstəyirsən bilyard oyna, istəyirsən vətənpərvər ol. Kefin çəksə rəqs elə, çəkməsə istedadını hazırla. Deməli, Suraxanıda doğulan gənclərin sadəcə bəxti gətirməyib. Ata sözündə deyilən kimi, yaxşı rəqqasa vətəni mane olar. Şəkidən də talesiz xəbər var: orda ayı bir kəndliyə hücum edib, onu yaralayıb. Ancaq 51 yaşlı kişi özünü itirməyib, ayı ilə güləşib, heyvan bunu bir az sürüyəndən sonra atıb gedib. (Ehtimal edirəm ki, şəkili ayıya nəsə deyib, ayını gülmək tutub). Kişi hazırda sağ-salamatdır, bir az yaralarını sarıtdırır. Deyə bilərsiniz bunun nəyi bəxtsizdir, ayının pəncəsindən sağ çıxıb. Eh, o zaman sizin dünyadan xəbəriniz yoxdur. Bu dəqiqə bütün dünya baş rolda Leonardo di Kaprio oynayan “Xortdan” (The Revenant) kinosundan danışır, o filmdə isə qəhrəman ayının ağzından sağ çıxırdı. İndi bu şəkili qardaşın da bəxti gətirsəydi haqqında kino çəkilərdi, ancaq uzağı bir həftəyə hamının yadından çıxıb gedəcək. Qayıdaq Tovuza. Orda bir su anbarının açılış mərasimi də keçirilmişdir. (Yeri gəlmişkən, AzərTAc zəhmətkeşlərinin nəzərinə çatdırım ki, “Su anbarı işə salınmışdır” cümləsi gülünc cümlədir. Anbarı necə işə salmaq olar? Buna su uzun müddətdir yığılıb, indi də uzağı açılış törəni eləmək olar, ta işə salmaq mümkün deyildir. Su anbarı artıq içinə su yığılmağa başladığı uzaq vaxtda “işə salınmışdı”). Həmin tədbirdə deyildi ki, həmin bu su anbarının bölgənin kənd təsərrüfatının inkişafında böyük rolu olacaqdır. Lap əla. Kor nə istər, iki göz. Ancaq belə su anbarının lap yekəsini Taxtakörpü-də qayırmışıq, özü də neçə il qabaqdan. İndi gəlin araşdıraq görək həmin Taxtakörpü su anbarının yerləşdiyi bölgədə kənd təsərrüfatı məhsullarının artımına hansı təsiri olmuşdur? Əkinlər anbara qədər hansı məhsulu verirdi, indi nə qədər verir? Kanalın yanında neçə “Məmmədqulu” dolanırdı, indi neçəsi dolanır? Əminəm ki, bu rəqəmləri axtarmağa ehtiyac yoxdur, çünki ümumrespublika durumu göz qabağındadır: kənd təsərrüfatı məhsulunun böyük hissəsi xaricdən gətirilir. Kartofdan taxıla, ətdən yağa qədər. Çünki problem anbarda deyil, problem idarə edənlərin korrupsiya anbarlarının yekəliyindədir. Bax, elə dünən sosial şəbəkələrdə kənd təsərrüfatı nazirimiz Heydər Əsədovun 10-15 min dollarlıq “Vertu” telefonu ilə fotosu yayılmışdı. Nazir bu telefonu hansı pulla alıb? Soruşan olmayacaq. Çünki vaxtında rəhbərliyin telefonuna konturunu yükləyir. Nə qədər adam da həmin fotonu görəndə “Nazir adamdır, 100-200 manatlıq telefon gəzdirəsi deyildi” düşünəcək, deyinmək bizə qalacaq. Çünki bizim də bəxtimiz gətirsəydi belə adamlarla yanaşı yaşamazdıq.

Bizə qoşulun