
“Diktator” sözü təhqiramiz səciyyə daşımır, söyüş deyil. Bir adama, rəhbərə, dövlət başçısına “diktator” adlandırılırsa, o, buna görə özünü həqarətə məruz qalmış saya bilməz.
Əgər hansısa dövlət başçısı öz ünvanına eşitdiyi “diktator” kəlməsindən cırnayırsa, özünü təhqir olunmuş sayırsa, demək, adam artıq gerçəkdən də diktatordur.
Diktator nə deməkdir ki? Diktatura rejimi mövcud olan dövlətlərdə dövlətin qanunlarının fövqündə dayanan və məhdudiyyətsiz hakimiyətə sahib şəxs diktatordur. Hər işə qarışan, daima öz iradəsini yeridən, cürbəcür əmrlər diktə edən, kollegial idarəetməni yaxına buraxmayan, özünə xəyanəti dövlətə xəyanətlə bir tutan ali vəzifəli şəxs diktatordur.
Tarix çox diktatorlar görüb. Əslində tarixin indiyə qədər gördüyü dövlət başçılarının 99 faizi elə diktatorlar olub. Onların adının padşah, sultan, xəlifə, kral, maharaca, imperator, respublika sədri, prezident adlanmasının fərqi yoxdur, hamısı dövləti tək əllə, yek iradəylə idarə ediblər. Hətta 20-ci əsrdə dövlətin ən yüksək vəzifəsinə seçki və ya inqilab yoluyla gələnlərin bir çoxu da sonradan diktatora çevrilib.
Hazırda dünya ölkələrinin üçdə ikisində hakimiyyət başında diktatorlardır. Onlar içində mülayimi, sərti, qəddarı var.
Tarixdən məlumdur: Stalin çox qəddar diktator olub, bu sözü onun nəinki üzünə qarşı, heç dalınca da demək olmazdı. Belə bir cəsarət göstərən adamın təkcə özünü, ailəsini, qohumlarını yox, qonşularını da, salam-əleyki olan digər şəxsləri də ya güllələyər, ya da sürgün edərdilər.
Ancaq dövləti idarə edərkən həmişə öz sözünü, iradəsini yeridən Atatürkə “diktator” deyiblər və o, situasiyadan ağlının gücü ilə çıxıb, o sözə görə repressiya tədbiri həyata keçirməyib. Atatürk şəxsinə ünvanlanmış “siz diktatorsunuzmu” sualına belə cavab verib: “Diktator olsaydım, siz bu sualı burda mənə verə bilərdinizmi?”
Bununla belə, Türkiyənin bu tarixi şəxsiyyəti bildiyimiz demokratlardan olmayıb, dövrünün siyasi konyukturasına uyğun olaraq, vəfat gününə qədər dövləti təkbaşına idarə edib.
Bu gün Türkiyədə “diktator” sözünə görə böyük mübahisə var. Ana müxalifət partiyasının – CHP-nin sədri Kamal Kılıçdaroğlunun prezident Ərdoğanı diktator adlandırması siyasi arenada gərginliyə səbəb olub. Kılıçdaroğluna qarşı kütləvi aksiyalar keçirilir, qaralama kampaniyası aparılır, onun cinayət məsuliyyətinə cəlb olunması təşəbbüsü qaldırılıb, ən azı məhkəməyə verib cərimələtməyi düşünürlər.
Hakim partiyanın lider və funksionerləri CHP liderinin prezidenti təhqir etməsindən danışır, bunun bağışlanmaz olduğunu bəyan edirlər.
Nə baş verib axı? Siyasi rəqabət aparan güclü partiyalardan birinin rəhbəri öz rəqibini ölkəni təkbaşına idarə etməkdə, hər məsələdə öz iradəsini yeritməkdə ittiham edib. Vəssalam. Məgər belə deyilmi?
Ərdoğan hələ deputat seçilməzdən öncə, seçkiləri udmuş AKP-nin rəhbəri olanda da dövlətdə birinci adam idi, baş nazir olanda da, prezident seçildikdən sonra da. Son 14 ildə Türkiyədə yalnız onun dedikləri olur. Hər işdə Ərdoğanın iradəsi yeriyir. 5-6 il öncə Türkiyə ordusunun generalları, donanmasının admiralları kütləvi şəkildə həbsə atılanda məhz Ərdoğan “mən bu davanın prokuroruyam” deyib sinəsinin qabağa vermiş, kütləvi tutquların onun iradəsi ilə həyata keçirildiyini göstərmişdi. Sonradan məlum oldu ki, bütün bu işlər qurama imiş, ordan-burdan tapılan silah-sursat cəbbəxanaları hüquq-mühafizə orqanlarının əməliyyatçıları tərəfindən qoyulur və “aşkarlanırmış”.
İndininn özündə də prezident Ərdoğan hər hansı bir təşəbbüs qaldırırsa, təklif irəli sürürsə, o mütləq əvvəl-axır həyata keçiirlir. Dünən “analar ağlamasın, atəşkəs mühümdür” deyə PKK ilə “çözüm prosesi” başlatmışdısa, bu gün “terror məhv olanaq qədər bu savaş davam edəcək” deyə PKK ilə müharibə aparır. Onun ətrafındakılar “PKK ilə sülhü” necə qızğınlıqla dəstəkləyirdilərsə, indi PKK ilə savaşda o qədər ciddi və qızğındırlar.
Bir Kılıçdaroğlu deyil, Qərb dünyası da Ərdoğanı 21-ci əsrin parlaq diktatorlarından biri sayır. Düzdür, onu hələ ki gicbəsər Kim Çen Inla bir cərgəyə qoymayıblar, amma öz ölkəsində hakimi-mütləq olduğunun fərqindədirlər. Sadəcə, Qərb dövlətlərinin rəhbərləri Putinin, Lukaşenkonun, digərlərinin mövcudluğuna dözdükləri kimi, Ərdoğana da dözürlər, səbrlə onun diktatorluq dönəminin sona yetməsini gözləyirlər.
Arada topun ağzında Kamal Kılıçdaroğlu qalıb.