Milli Təhlükəsizlik Nazirliyindən 250 nəfərə yaxın yarıtmaz işçi qovulmuşdu. 25 nəfərə yaxın general və polkovnik, ən aşağısı mayor rütbəsində “çekistlər” indiki şeflərinin keçmiş iş yerinə - zindana salınmışdılar. Ancaq xeyri olmurdu. Neft dünya birjasında düşə-düşə gedirdi və artıq bir bareli 36,6 dərəcə-dollardan aşağı olmaq üzrədir. Şair demişkən, “əllərin nə yaman soyuqdur, gülüm”. Ölüm soyuğu iqtisadiyyatımızın meyitinə çökməkdədir.
Bayaq şef yazdım, prinsipcə Mədət müəllim MTN-in tam şefi də sayılmazdı. Birinci müavin qoymuşdular. Bu, kadr islahatlarımızın və qarnı ağrıyan sistem islahatlarımızın keçid dövrünün xarakterik cəhətidir: hər hansı idarə müdiri vurulanda o idarəyə birbaşa rəhbər təyin edilmir. Xeyli müddət idarəni müavin, birinci müavin tipində bir zata tapşırırlar. Uzun müddət kəşfiyyat aparılır, kadrlar seçilir. Hazırda Rabitə və Yüksək Texnologiya Nazirliyimiz də beləcə müavin ümidinədir. Kanalizasiya lyuklarında əyləşib telefon naqilindən xalça toxuyan yüksək texnoloji rabitəçilərimiz nazirsiz qalaraq çox darıxırlar. Məncə onlar özlərinə rəhbər tələb eləsinlər. Ağlamayana məmə, həmçinin nazir verilmir. Yaxşı nazir, məməli nazirdir - atalar demişkən.
Nəhayət, dünən MTN üçün əcəl zəngi çalındı, idarə ortadan iki yerə bölündü. İndən belə bizim 2 çekist idarəmiz olacaqdır, Dövlət Təhlükəsizlik Xidməti (DTX) daxili kəşfiyyata, Xarici Kəşfiyyat Xidməti (XKX) isə xarici kəşfiyyata baxacaqdır.
Məncə, administrasiyada oturanlar ASAN xidmətdən çox şövqə gəliblər, xalqın xidmətçisi olmaqlarını hər addımda vurğulamaqla bir az təvazökarlıq edirlər, gərək təzə idarələrin adını “idarə”, “nazirlik” kimi qoyardılar. Xarici Kəşfiyyat İdarəsi - bunun qısaltması da daha yaxşı səslənərdi. XKİ - elə bil amerikavari alınırdı. İndiki halda isə iki yeni dövlət idarəsinin qısa adlarındakı 6 hərfdən tam yarısı - 3 hərf “X” olmuşdur. Bu isə həm insanlarda “iks günü”nün yetişməsi ovqatını yaradır, həm də xırıldamaq, can vermək təəssüratları oyadır. Dilçilik İnstitutunun müdirinin ölməsi bax belə məqamlarda özünü göstərir. Nazirliyin hamısının adını çevirib xidmət qoysan sabah camaat “Motodrom”da “İş, çörək, Qarabağ!” şüarı ilə mitinqə çıxar. Millətin başını çox buraxmaq olmaz, dövlət gərək sərt üzünü göstərsin. Adicə ailədə ər arvadı döyməyəndə arvad fikirləşir yəqin daha məni sevmir, özgələr ilə, hansısa xarici qara qüvvələrlə aşnalıq edir.
Hər halda, olmayan yerdə bu da bir islahatdır, arzu edərdik başqa nazirliklər də parça-parça edilsin, sağ tikələri qulaqları boyda olsun, çünki millətimiz yalnız belə nicat tapacaqdır! Zarafat edirəm, qorxmayın, mən dövlətçilik hissləri güclü adamam. Mən hərdən özümdə elə dövlətçilik hissləri tapıram, heyran qalıram, deyirəm, görəsən, bunu indiyə qədər necə gizli saxlamışam. Məni ən çox narahat edən odur ki, hazırda bir çox dükanlar toyuq yumurtasını hər alıcıya 10 dənədən artıq satmır. Deyirlər, yumurta azdır, gərək hamıya çatsın. Hətta bir dükanda kassanın yanında 20 yumurtanı əlimdən alıb böldülər, dedilər bunun yarısı xarici kəşfiyyat...
Nəsə mövzu qarışdı. Sözüm odur ki, niyə belə durum yaranıb? Toyuqlar yumurtlamır, yoxsa bunda da Eldar Mahmudovun dəstəsinin əli var? Yumurta mövzusunda təzədən, dövlət səviyyəsində beynəlxalq konfrans keçirməliyikmi? Ümidvaram bu suallara Kənd Təsərrüfatı Nazirliyi ətraflı cavab verəcəkdir. Əks halda, gərək onu da iki yerə bölüb Kənd Nazirliyi və Təsərrüfat Xidməti eləyək.
Ən vacib sual isə açıq qalır: indən belə dükançılar pulu hansı idarəyə aparmalıdırlar? Yoxsa hər ikisinə? Birdən neftin qiyməti qalxıb Çovdarov bəraət alsa, fağırı hansı xidmətə bərpa edəcəklər?
15.12.2015, 06:47
269 baxış
Zamin Hacı
Filin dişisi