Medianews.az
Pöpüş məsələsi
557 baxış

Pöpüş məsələsi

zamin yeni raz

Yaxud, cordanabənzər qoduşların lüğəti

Son çağlar Azərbaycan cəmiyyətində adlar çox müzakirə olunur. Həm insan, həm əşya adları. Cürbəcür terminlər, anlayışlar diqqət mərkəzindədir. 
Örnək üçün, bir də görürsən kimsə xəbər yazıb: “Son 5 ildə ölkəmizdə iki qıza Həsənağa adı verilib”. Ədliyyə Nazirliyinin adından yazır. Qalırsan mat-məəttəl. Yaxud, siyahı açıqlanır ki, indən belə bu adların uşaqlara qoyulmasına icazə verilməyəcək: “Dilənçi, Dəfinə, Çələng, Cicigül, Cazibə, Düymə, Əyalət, Əcəb, Əmanət, Fağır, Fani, Gerçək, Haqq və sairə”.
Dünən isə deputat-alim-dilçi Nizami Cəfərovun bu yöndə yöndəmsiz açıqlaması vardı. Nizami müəllimə sonra qayıdarıq, hələlik bu etimoloji diskussiyaların psixoloji-sosial köklərinə diqqət edək.
Məncə azərbaycanlıların adlar üzərində düşünməyə başlaması bizim dünyaya yeni gəlişimizlə bağlıdır. Biz hələ indi-indi əşyalara və canlılara ad qoyuruq. Pis anlaşılmasın, biz qədim xalqıq, sadəcə indiyə qədər neft-qaz gəlirləri bizi adlar üzərində düşünməyə qoymurdu. Adamın pulu çox olanda gözü heç nə görmür axı. Nəyə istəsən, nə adı istəsən qoya bilirsən. Bir az da sadələşdirim. Örnək üçün, neft pulu çox olanda Eldar müəllim istənilən sahibkarı MTN-ə gətirib qatığı göstərə, “bu, armuddurmu?” soruşa bilərdi. Sahibkar “bəli, yoldaş nazir, qarpızdır” deyərdi, buna görə döyüb 100 minini alardılar, düzgün cavab isə “pomidor” olardı. Proses təxminən bu cür idi. İndi isə adlar dəqiqləşməlidir. Böhrandır. Kimin kim olduğu bilinməlidir.
Bu baxımdan, dünənə qədər uşağa Dilənçi adı qoysan da gözə girmirdi. Əmanət adı da həmçinin - banklarda nə qədər əmanət batıb, pul ölüb, baş bankir camaatın yastığına əl uzadır, bu durumda uşağa Əmanət adı qoymaq olarmı? Haqq ümumiyyətlə olmaz. Rüşvətxorluğa qarşı mübarizəyə başlamışıq. Cicigül isə hökumətə, Gül bayramına sataşmaqdır. Gerçək də onun kimi. Mən Ədliyyə Nazirliyinin bu yeni ad siyasətini dəstəkləyirəm. Hərçənd, ədliyyə sözünün özü heç bizim dildə yoxdur, nazirliyin adından başqa bunu hansısa yerdə işlədən varsa ərəb olum.
“Hansısa yer” demişkən, vaxtdır, Nizami müəllimin dilçi analizinə baxaq. Görkəmli xəngəlşünas-filoloqumuz bəyan etmişdir ki, orfoqrafiya lüğətinə təzədən baxmalıyıq. Sitat: “Hər hansı azərbaycanlının həyatda cəmi bir dəfə işlətdiyi söz də lüğətə düşməlidir”. Nizami müəllim bunu təzə çapdan çıxan orfoqrafiya lüğətimizdəki bəzi sözlərə dəstək üçün demişdir. Orda “cırt-pırt, cırınqahaçırınq, cordanabənzər, taqq, cacıq, gəllahay” kimi sözlər varmış.
Doğrudan da, əla konsepsiyadır. Məsələn, zırt-zurt, fısss, daramb kimi sözlər lüğətimizə girməlidir. Hər bir azərbaycanlının sözü nəzərə alınırsa, mənim balaca oğlum duduşuna pöpüş deyir, Nizami müəllim bunu niyə lüğətinə salmasın? Kimdən əskiyik? Gül kimi də sözdür.
 
Pöpüş. Romantik səslənir. Öpüşlə də qafiyədir - sabah AYB üzvü şairlər istifadə edər. Yoxsa nə qədər “balta-xalta” qafiyəsi olar? 
O cümlədən, piş-piş, dümbələk, mızqlet kimi sözlər lüğətə salınsın. Mızqleti rəhmətlik dostumuz, jurnalist Elçin Səlcuq çox işlədirdi.
Lüğətdə “abad” sözü abadan, abadanlıq, abadanlanma, abadanlanmaq, abadanlaşma, abadanlaşmaq, abadlanma, abadlaşdırma, abadca, abadıstan və sairə şəklində də verilib, Nizami müəllim bunu da bəyənməyib, deyir abad bəs imiş.
Çox yanlış, hətta zərərli fikirdir. Biz yaxşı bilirik ki, abadlıqla abadca, həmçinin, abadıstanla abadan nə qədər fərqli sözlərdir. Örnək üçün, əgər sən 10 ildə Bakının Xaqani küçəsini 20 dəfə qazıb təmir edə bilmirsənsə, bunu abadlaşdırma işləri adlandırmaq olar. Ancaq Biləcəri-Binəqədi yolu 3 il itin günündə qalırsa, millət palçıqda boğulursa, bu abadca-dır. Abadıstan bulvardırsa, abadanlanmış yer Astaradır.
Təzə lüğətimizdə “qoduş” deyə bir yeni söz də artırılıb. Düzü, bunun mənasını heç mənim kimi dilçi alim də bilmir, amma nə ziyanı? Dilimizi korlayan adamlara qoduş deyə bilərik. Yəqin çoxmənalı sözdür.
Beləcə, biz də zəngin dilli xalqlar sırasına daxil olduq. Təzə lüğətimizdə 120 min söz varmış. Əhsən. Yoxsa bəzi qoduşlar mırıldanırdı ki, dilimiz zəngin deyil. Cordanabənzər ağzıheyvərə cacıqlar, çezala olun.

Bizə qoşulun