Medianews.az
Andiçmə mərasimi
271 baxış

Andiçmə mərasimi

zamin yeni raz Əsgərliyə getməyim keçmiş müdafiə naziri, hörmətli Səfər Əbiyevin sifarişi ilə baş tutmuşdu. Çox uzunçuluq etmədən, bircə faktı xatırladım: 4 əsgərin alimentar distrofiyadan öldüyü hərbi hissə haqda yazımdan cəmi 2 ay sonra həmin hərbi hissənin əsgəri idim. Sifariş belə verilmişdi. Məhz işin sifarişli olduğunu bildiyimdən heç bir qohum-əqrəbaya bildirmədən hərbi komissarlığa getmişdim, yolasalma “mərasimimdə” şair dostum Xosrov Natil, “Azadlıq” qəzetinin redaktoru Gündüz Tahirli və tam təsadüfən komissarlığın həyətində rastlaşdığım keçmiş tələbə yoldaşım Qahir bəy iştirak eləmişdi. Onlar da günün müəyyən saatlarına qədər. Axşama yaxın artıq komissarlığın həyətində tək qalmışdım. O vaxt Biləcəridəki komissarlığın həyətində mikrofonla adlar oxunur, çağırışçılar bir dəstə toplanır və yaxınlıqdakı vağzala qədər qaça-qaça gedib qatara minirdilər, hərbi hissələrə yollanırdılar. Uzun sözün qısası, adımın çəkilməsi hardasa gecə saat 12-nin yarısında baş tutdu. Məhz o sifariş üzündən. Çünki Gəncə istiqamətinə qatar həmin vaxt çıxacaqdı. Buna görə mən əsgərliyə qaranlıqda getdim. Vətəni qorumağa bu cür getmək insanda heç də yaxşı təəssürat oyatmır. Andiçmə mərasimim Murovda olub. O da yadımda çox uğursuz bir gün kimi qalıb. Çünki himni düzgün oxumurdular, buna görə bir polkovniklə dalaşmışdım. MN əcaib bir qərar vermişdi ki, “Cümlə gənclər müştaqdır” cümləsi oxunmasın. Ritmi pozurmuş! Təsəvvür edin, hansısa nazirlik himnə düzəliş eləmişdi. Yanılmıramsa, himnimizin bu cür oxunması qaydası orduda hələ qalır. Tərxis olunmağım da qaranlığa düşdü, çünki 27 kilometr aralıdakı hərbi hissədən briqadanın qərargahına yanvar ayının qarlı-şaxtalı günündə özümüz, piyada düşməli idik. Günortadan yola çıxıb axşama ancaq çatdıq. Burda zülmət qaranlıqda bizə hərbi bilet və bir-iki manat yol pulu verildi, dedilər, rədd olun gedin, bir də üzünüzü görməyək. Son cümlələrdə ağ elədiyimi fikirləşməyin, təxminən belə yola salındıq. Bu uzun xatirələrlə başınızı ağrıtmazdım, sadəcə, ötən bazar günü bir tanışın oğlu hərbi and içməli idi, mərasimə mən də getmişdim. Marağım vardı ki, görəsən, mənim and içməyimdən keçən 15 ildə silahlı qüvvələrimizdə bu tip mərasimlərdə hansı dəyişiklik olub. Hərbi hissənin yerini, növünü yazmaq istəmirəm, ancaq təəssüratım çox acınacaqlıdır. Təsəvvür edin, yüzlərlə əsgərin andiçmə mərasimi palçıqlı, bataqlıq yolları olan bir yaşayış məskənindəki böyük hərbi hissədə baş tutur. O bataqlığı keçən adamda ordumuz haqda hansı hisslər yaranar? Əsgərlər meydançada düzülüb, valideynlər isə ətrafda bir-birinin belinə minir, sırada uşaqlarını tapmağa çalışırdılar. Təbii ki, o vəziyyətdə kimin uşağı hansı sırada durub, görmək mümkün deyildi. “Ayə, o Kamran deyilmi, bax, əl çalır”, “Əşşi, hamısı əl çaldı, məzələnmə”, “Gərək uşağın üzünə rəng vuraydıq”, “Bir az çəkil mən də baxım”, “A kişi, telefonu yığışdır, çəkmək olmaz” tipli söhbətlər meydan ətrafını bürümüşdü. Yeri gəlmişkən, valideyn öz uşağının andiçmə mərasimini niyə video və fotoya çəkə bilməz, bunun mənası nədir? Cəbhə xətti deyil, ortada hər hansı böyük hərbi sirr, gizli silah yox. Niyə insanları mənasız yerə incidirlər? Niyə imkan vermirlər uşaqlar sabah ordunu xoş şəkildə xatırlasın? Andiçmədən sonra valideynlər hissə ərazisindən kənara qovuldular, əsgərləri də bir neçə saatlığa buraxdılar. Bu zaman yaranan mənzərə də ürəkaçan deyildi. Çox pərakəndəlik, yolda tıxac, basabas, ağız deyəni qulaq eşitmir, bəzi valideynlər elə yolun qırağına palaz-malaz sərib əsgər uşağına yemək verir, kimlərsə çadır qurub çay satır və sairə. Orduda belə tədbirlər üçün hansısa şərait yaratmaq olmazmı? Ən absurdu və gülməlisi isə bizim başımıza gəldi: düzgün məlumat ala bilmədiyimizdən andiçmə mərasimi bitəndən sonra öyrəndik ki, yanına gəldiyimiz uşaq... yaxınlıqdakı başqa hissədə and içibmiş.

Bizə qoşulun