Kədərli xəbərlərin ardı-arası kəsilmir. Otüstü hokkey üzrə komandalarımızı ləğv ediblər. Özü də ikisini birdən! Heç olmazsa qadınlar üçün komandanı saxlamaq lazım idi, dünyada Azərbaycan qadınlarının otüstü hokkey oynadığını nümayiş etdirirdik. Nə olsun komanda üzvləri saxta şəkildə milliləşdirilib pasport verilən koreyalı, çinli, pakistanlı qadınlardan ibarət idi? Çox adam bilmirdi biz Çan Çun Kon xanımı ASAN-Xidmət-in sehirli çubuğu ilə beşcə dəqiqəyə Canan Əliyevaya, Kim Donu isə Kim Məmmədovaya çevirə bilərik. Əsas komanda ruhu idi. Ona qalsa bizdə qadın ombudsman da var, heç kim, o cümlədən Kim Məmmədova onun nə işlə məşğul olduğunu ömründə öyrənə bilməzdi. Ot üstündə top qovmağa nə vardı? Bu, siyasət idi.
Neft pulları sel kimi gəlirdi, biz hətta buz üstündə hokkey, kriket, beysbol, Amerika futbolu, sumo güləşi, yağlı güləş və sairə - dünyada olan bütün idman növləri üzrə federasiyalar qayırıb dövlətçiliyimizi tanıdırdıq. Nazir çox, federasiya çox... Hər nazirə yemləmək üçün azı 4-5 idman federasiyası verilirdi. Sonra bədbəxtçilik basdı, neft pulu azaldı. İlk həyəcan siqnalını hələ ilin əvvəlində pulsuz qalıb piket keçirən (piket dağıdan yox ha!) cüdoçular çalmışdılar. Sonra “Bakı”, “İnter” futbol komandaları domino daşları kimi çökməyə başladılar. Proses davam edir. Hokkeyin ardınca hansı idmanın başını bağlayacaqlar - neft tanrısı bilir...
Vəziyyət o qədər acınacaqlı, biabırçıdır ki, yapistlər Rusiyaya yalvarıb 2019-cu ildə 2-ci Avropa Oyunlarını keçirməyi xahiş edibmişlər. Bundan qabaq isə Niderlanda yalvarmışdılar. Amma hər iki dövlət bu xahişi rədd edib, deyiblər bizim hansısa dövlətlərin idmançılarına yedirtməyə müftə pullarımız yoxdur, biz Azərbaycan kimi olmaq istəmirik. Yeri gəlmişkən, rusların açıqladığı biabırçılıq başqa bir faktı da ortaya qoyub: yapistlər bu gülünc oyunları Azərbaycan büdcəsinə soxuşduranda, xərcləri xalqımızın belinə şəlləyəndə demişdilər yarış hər 2 ildən bir keçiriləcəkdir. İndi isə 2019-cu ildən danışılır. Demək 4 il uzatmağa məcbur olublar. Hətta bu halda da “qaz” tapılmayıb.
Hərçənd, dilxor olmayaq, bəlkə elə 2-ci Avropa Oyunları da Azərbaycanda olsun? Bu yarışı bir növ, himayəmizə götürək, hər 2-4 ildən bir minlərlə xarici idmançılar qonaq gəlsin, bizim hesabımıza yeyib-içib əylənib, dombalaq aşıb getsinlər? Məqsəd respublikamızı, həqiqətlərimizi, Qarabağ dərdimizi, 3 Pinqvin binasını, bulvardakı kaktusları, toylar kralı Manaf müəllimin muğam festivalında möhtəşəm çıxışını, Namiq Qaraçuxurlunu, Aqşin Fatehi, Habil müəllimin kamanını, Anar müəllimin qəlyanını dünyaya tanıtdırmaqdırsa, niyə bunu dəfələrlə təkrar etməyək? Bunun nəyi pisdir?
Bir az yarışın büdcəsi məsələsi problem olar, ancaq o da indiki dövlətçilik siyasətimiz baxımından çox asan, həmçinin, ASAN həll edilə bilən bir şeydir. Hər yarış qabağı bir-iki nazir, 3-4 bankir tutub soysan onların pulu ilə hətta yay olimpiadası qayırmaq mümkündür. İşləmək lazımdır.
Söz düşmüşkən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şefi Əli müəllimi bayıra atıblar, nədənsə hamı bu idarənin adının birinci hissəsinə diqqət çəkir. Onu dinləyiblər, bundan pul alıblar və s. Bəs yüksək texnologiyalar? Yoldaşlar, bu da önəmli məsələdir. Azərbaycanda yüksək texnologiyalar sahəsində böyük işlər görülmüşdür. Məsələn, şəxsiyyət vəsiqəsi dəyişdirmək əvvəlki kimi 30 ilə, 300 sənədə, 500 manata, 600 dava-dalaşa, 700 söyüşməyə, 800 didişməyə başa gəlmirdi.
Yaxud, yüksək texnologiyalı aftafa və sabunlar düzəldilib milli yaltaqların istifadəsinə verilmişdi. Ələtlə Hacıqabul arasında dərədə isə milli “Silikon vadisi” fəaliyyət göstərirdi. Bəs indi bunların taleyi necə olacaq? Əli müəllimin yüksək texnologiyalar sahəsində də yeyintiyə qurşandığı aşkara çıxsa, biz başımıza haranın daşını salaq? Bir düzgün sahə yoxdurmu?
Sonda dövlət rəhbərliyinə bildirim ki, könüllülük əsasında, maaşsız otüstü hokkeyçi olmağa hazıram. Təki vətən yaşasın! Vətəndaşlarımızı da aktivliyə səsləyirəm. Gəlin idmana yazılaq. Vətən dardadır. Arxada stadiondur!
