(Əkrəm Əylisliyə nəzirə)
Sovet dövründə bir raykom katibi olub: Murad Aşurov. Bunun çox “savadlı” sürücüsü var imiş. Harasa gedəndə Murad müəllim “Qabaqdan sağa dönərsən” deyəndə sürücü əli ilə göstərib soruşurmuş: “Murad müəllim, belə sağa?”
Bunu bir dostumuz xatırladı və dünən mənə zəng vurub danışdı. Özü də seçkinin gülməli əhvalatına nəzərən. Yəqin xəbəriniz var, baş nazirimiz Artur müəllim builki deputatxana seçkisində saxtakarlığa yol vermişdir. Qanuna görə ultrabənovşəyi mürəkkəb səsverməyə gedən adamın sol əlinin baş barmağına vurulmalıdır, Artur müəllim isə sağ əlinə vurdurub, bu da fotojurnalistlərin kamerasına yaxalanıb. Kim bilir, bəlkə də Artur müəllim hansısa onbaşının dəstəsinə daxil olaraq seçki karuselində iştirak edibdir. Maaşı azdır, onunla necə dolansın?
Əlbəttə, qanuna görə seçici - indiki halda Artur müəllim - ultrabənövşəyi mürəkkəbi başqa barmağına da vurdura bilər. Yalnız o halda ki, iraq olsun, sol əlinin baş barmağı olmasın. Baş nazirimizin isə son məlumatlara görə bütün barmaqları, maşallah, yerindədir və həmişə yerində olmasını uca kosmosdan diləyirik! İlahi, amin! Hare Krişna! Om mani padme xum! Erkir paqanem ter Astvats! (Axırıncı duanı məxsusi SOKAR üçün yazdım, bax, sözümüz sözdür ha, qazpulu verməyəcəyəm, mənim qazımı kəsəni də Astvatsa tapşırıram).
Ancaq dostumuzun versiyasına görə, Artur müəllim sağla solu tanımır və seçki komissiyasının barmaq mürəkkəbləyən əməkdaşına “Bu sağa?” deyə sual veribdir. Nə biləsən...
Başqa bir olduqca ciddi durum MTN-in keçmiş şefi, respublikanın əməkdar reketi Eldar müəllimin ətrafında yaranıb. Hər gün onun bir dəstə qohumunu, tərəfdarını MTN-dən işdən çıxarırlar. Hətta bir gün Mahmudovun 80 qohumunun işdən çıxarıldığı yazılmışdı, sanki MTN Hindistan Tayfa Nazirliyi imiş. (Orda doğrudan da belə nazirlik var, sadəcə, funksiyası Hindistanda saysız-hesabsız olan tayfa və klanlar, kastalar və qəbilələr arasında münasibətləri tənzimləməkdən ibarətdir). Ancaq daha güclü müqayisə obyekti tapmışam. Bu saat MTN-lə AXCP arasında qəribə bənzərlik yaranmışdır, çünki orda da sədr Əli Kərimlinin və başqa aktiv cəbhəçilərin qohum-əqrəbalarını işdən çıxarır, zindana salırlar. Kef onda olar ki, işdən çıxarılan MTN əməkdaşları alternativ “MTN” düzəltsinlər. Adını da KMTN, BAMTN, RAZMTN qoymaq olar. (Abreviaturaların açmasını yazmıram, qan düşər. Nəyimə gərəkdir ağrımaz başıma buz bağlayım?)
MTN və başqa dövlət idarələrində adi hala dönmüş həbsləri, işdən qovulmaları yeni iqtisadi siyasətlə də bağlamaq olar. Neft gəlirləri azaldığı üçün ixtisar aparırlar - vəssalam. Bu ixtisarlar bütün sahələri bürümüşdür. Srağagün DİA Holdinqə daxil olan Sinerji Pro mühəndislik şirkətindən də bir qrup yoldaş məktub yazıb, deyirlər hamımızı ixtisar elədilər. Daha heç kim gözəlləşən, hasarlaşan, ənlikləşən, kirşanlaşan Bakımıza tamaşa eləmək istəmir, hamı qan ağlayır.
Amerikanın neft şirkətləri ofislərini bağlayıb Abşerondan qaçırlar - dünən Şlumberqer şirkətinin burdakı törəmə qurumu getdi. Fikrimcə, neft pulları əvvəlki səviyyədə qalsa heç Eldar müəllimi və onun yəcuc-məcuc qəbiləsi kimi sayı bilinməyən qohum-əqrəbalarını da ixtisara salmazdılar. Yemək yoxdursa, birinci ən yekə qarnı olanı kəsirlər. Bu, kənd təsərrüfatında qızıl qaydadır. Biz isə tarixən aqrar ölkə olmuşuq, bir az arada neft-qaz çıxarmaqla dəyişmədik. Hətta neft pullarının ən sel vaxtında da Bakının mərkəzində çobanlar tütək çalıb qazonda sürü otarırdılar. Danalar ipini qırıb AzDrama-nın qənşərində tozanaq qoparırdılar.
Yazını isə sözümüzü açdığımız adamın - Artur müəllimin indi təzədən aktuallaşan və dövləti əhəmiyyət daşımağa başlayan qızıl kəlamı ilə bitirmək istəyirəm: “İqtisadi böhranı yaradan əsas səbəb insanların qışda təzə xiyar yeməsidir. Baha qiymətə təzə xiyar alırlar, inflyasiya artır. Nə məcburdur qışda təzə xiyar yeyəsiniz? Turşusunu yeyin, mən həmişə qışda xiyar turşusu yeyirəm. Təzə xiyarı isə yayda yeyirəm”. Sitatın sonu.
