Medianews.az
Cücələrin seçkisi
228 baxış

Cücələrin seçkisi

zamin yeni raz O məşhur boş sahə şüarındakından təsirlənərək belə yaza bilərdim: “Burada deputatxana seçkisi haqda yazı ola bilərdi”. Sonra bütün sütunu boş qoyub çay içməyə gedərdim. Çünki indiki seçki oyunu haqda heç bir fikrim yoxdur. Müşahidəm də yoxdur. Seçki günü bəzi optimist yoldaşların qanun pozuntuları haqda xəbərlərini də oxumadım. Ancaq bizim sütunu boş qoymaq kimi bir kefimiz yoxdur. Nəsə yazmaq lazımdır. Üstəlik, oxucuya hörməti saxlamaq şərtiylə nəsə yazmalıyıq. Yoxsa nə var buranı “İqtidar açılım etdi, saxtakarlıq bitdi”, “Rejim yenilənir, həbslər davam edəcək”, nə bilim, “Ruslar Qarabağı qaytarır” tipində min cür rəngarəng hap-gopla doldurmağa... Bunun üçün yüksək ağıl tələb olunmur. Hətta Marsda sutkanın 24 saatı çağlayan bulaq tapılması haqda xəbər qayırıb Biləcəri sakinlərinə yanıq verə də bilərdim. Ağlım kəsəndən bəri heç bir seçkiyə belə laqeyd olmamışdım. Dünənki seçki mənim üçün heç nə ifadə eləmirdi. Halbuki mənim seçki xatirələrim saysız-hesabsızdır. Nə sifətlər görmüşəm, bilsəniz... Saxta protokolu Məzahir müəllimə göndərmək üçün qapını bağlayıb guya namaz qılan tarix müəllimləri, əlində tutulan bir topa bülletenin ifşa olunmasını önləmək üçün “Əəə, sən mənim yaxama əl atdın?!” deyə şivən qoparan direktor-müəllimələr, məntəqədə işığı söndürüb qutunu dal qapıdan aparan polislər, müşahidəçinin ağzını-burnunu qana bülənd edən qoçular və sairə və ilaxır. Birdən-birə mənə elə gəldi zaman maşınına minib SSRİ-yə qayıtmışıq. 1 noyabr 2015-ci il yox, hardasa 1985-ci ildir. Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilir. Doğrusu, həmin günün yenidən qayıtmasını çox istərdim. Yalnız ona görə ki, həmin vaxt Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində seçkilərin keçirilməsini təşkil edənlərdən biri olan atam sağ idi. Açığı, atamın həmin dövrdə seçki məntəqələrində hansısa vəzifə tutub-tutmadığını bilmirəm. Ancaq hər seçkidən sonra - prinsipcə SSRİ-də hansısa orqana seçkilər tamamilə formal idi, çünki bəzən heç alternativ də olmurdu, partiya isə bircə dənə idi - atam evə qalın bez tipli, üzərinə şüarlar yazılmış parçalar gətirirdi. Anam o parçalardan... yorğan içliyi tikirdi. Altı uşaqlı ailə üçün xeyli qənaət demək idi. Mənim balaca vaxtlarım “Sov.İKP-yə eşq olsun!”, “Yaşasın oktyabr inqilabı!”, “Lenin yolunda” tipli şüarlar yazılmış yorğan-döşəklərdə keçib. Xüsusən anam yorğanın üzünü yuyanda və hərflər yazılı astar açıqda qalanda çox əyləncəli görünürdü. Bir də seçki qutuları vardı. Yəqin gənclər o qutuları görməyib, yaşlı adamlar isə xatırlayar. Dördkünc, kub formalı, qalın kartona bənzər materialdan qutular idi. Sovetlərin indiki kimi saxta şəffaflıq komediyası oynamağa ehtiyacı yox idi, çünki nə xarici, nə daxili müşahidəçilər olurdu. Ona görə bülletenləri məntəqə sədrləri özləri “quşlayıb” həmin içi görünməyən qutulara doldururdular, hansısa ağzından şorba tökülən sağıcını, briqadiri “yekdilliklə” deputat qayırırdılar. Bax, uşaqlığım bir də o qutuların həyatda daha uğurlu tətbiqinə tamaşa etməklə keçib: atam seçkilərdən sonra o qutulardan evə gətirirdi, anam isə həmin qutularda... ya cücə saxlayırdı, ya da un yığırdı. Balaca, sarı cücələr üçün bu daşınan qutular çox rahat evciyə çevrilirdi. Qutuların eyni materialdan qapağı da vardı və bu qapağın ortasında poçt qutularındakına bənzər yarıq olurdu. Mən adətən o yarıqdan cücələrə baxıb əylənirdim. Həmin yarıqların bülleten atmaq üçün olduğunu yalnız böyüyəndə - müstəqillik dövrümüzdə anladım. 1990-cı ilin deputat seçkilərində. İlk dəfə səsvermə hüququm o zaman yaranmışdı və mən Dərnəgüldəki seçki məntəqəsində Nəcəf Nəcəfova səs vermişdim. Artıq çoxdandır mən səsvermə hüququmdan yararlana bilmirəm. Adımı hər yerdən siliblər. Məhkəmə yolu ilə bərpa etdirməyə də həvəs yoxdur. Üstəlik, SSRİ seçkilərinə qayıdırıqsa, nə mənası var? Heç olmazsa kənd yerlərində qutuları camaata verin, içində cücə saxlasınlar.

Bizə qoşulun