Medianews.az
Xudmani, milli “Suriya”
215 baxış

Xudmani, milli “Suriya”

zamin yeni raz
Dəbdən geri qalmayaq, mövzumuz yenə Milli Təhlükəsizlik Nazirliyidir. Elçibəyin sözü olmasın, əlimizə fağır bir nazirlik düşüb, sağdan da vururuq, soldan da. Ancaq burada bizim bir suçumuz yoxdur. İnformasiya azdır. 
Örnək üçün, MTN-in bu yaxında bir etiraz açıqlaması yayılmışdı: “Bir sıra dövri mətbuat və elektron informasiya vasitələrində intensiv surətdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir. Həmin şayiələrdə guya, Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının ”həbs olunması", habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. Qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir".
Cəmiyyət, media orada nə baş verdiyi haqda heç bir informasiya ala bilmirsə, nə etməlidir? Yeri gəlmişkən, MTN-də 7 nəfərin həbs edilməsi haqda xəbəri - tutulanların adları çəkilməklə - ilk dəfə elə bir informasiya agentliyi yaydı ki, onun rəhbərləri köhnə MTN zabitləridir. İdarədə nə olduğunu onlardan yaxşı kim biləcək? Onların yaydığı da yalandır?
Dövlətçilik, nə bilim, qanunçuluğa söykənən quruluş-zad deyirsiniz, ancaq o, qətiyyən belə olmur. Normal dövlətlərdə xüsusi xidmətlərin kimisə qanunsuz dinləməsi, izləməsi-filan ortaya çıxanda böyük qalmaqal yaranır. Neçə kadrın “başı” havada uçur. Bizdə isə MTN-i XDMX-nin yağmaladığı deyilir. O cümlədən, MTN-in MSK sədrinə qanunsuz qulaq asdığını yazırlar. (Ta onu qırağa qoyaq ki, Məzahir müəllim ictimai faydalı nə danışa bilərdi. Əfruz xala ilə işləyən adamı izləyən məxfi xidmətin peşəkarlığına bir quş). MTN-in qulaq asma funksiyası əlindən alınıb DİN-ə veriləcəkmiş. Eldar müəllimin vaxtilə DİN-dən xeyli kadrı MTN-ə aparması isə ayrı lətifədir. Bunun birini dünən mənə danışıblar, gerçək olduğuna and içdilər.
Mahmudov MTN-ə nazir gedəndə bir yol polisi dostunu da özüylə aparıb, yüksək vəzifə veribmiş. Məxfi xidmətin jraqonlarından biri də “siqnal” sözüdür, bunu yerlərdən, agentlərdən gələn xəbər mənasında işlədirlər. Bir gün idarədə çekistlər söhbətləşirmiş, Abas müəllimə (əski yol polisinin  adı belə olub) də üz tutub həmin gün neçə siqnal aldığını soruşurlar. Abas müəllim qürurla deyir: “Mənim iki siqnalım var. Biri bibipp eləyir, o biri babapp”. Bundan sonra köhnə çekistlər ta dözmürlər, Mahmudova şikayət edirlər ki, bu qədər də olmaz, idarənin adı-sanı var. Ondan sonra Eldar müəllim məcbur olur polis dostunu MTN təsərrüfat idarəsində hansısa işə qoyur.
Söz düşmüşkən, biz MTN-in vaxtilə şərləyib həbsə atdığı jurnalist həmkarımız Pərviz Həşimlinin işində də yenilik gözləyirdik. Amma dünən məhkəmə onun haqqındakı qanunsuz qərarı qüvvədə saxladı. Bu da onu göstərdi ki, idarədə islahat adıyla aparılanlar əslində şoudan başqa bir şey deyil.
Bizim ölkənin Suriyadan fərqlənməsi ilə öyünənlərə isə indi dili açılan bəzi iş adamlarının sözlərini oxumağı məsləhət görərdim. Onların içərisində hətta “Sədərək” yarmarkasında alver edən xırda tacirlər də var. Bütün bu adamların MTN-də incidilməsi sxemi qısa olaraq belədir: “Yolda gedirdim, qara maskalılar tutdular, maşına basıb nazirliyə apardılar. Orda antiterror (!? - Z.H.) idarəsinin rəis müavini mənə işgəncə verdi, barmaqlarını göstərib pul istədi. Hər barmaq yüz min manat rüşvət demək idi” və sairə.
Sizcə bu qorxunc zorakılıq mexanizmi İŞİD-in Suriyada günahsız insanları girov götürüb pul istəməsindən nə qədər fərqlənir? Putinin Suriyada Əsədə köməyə getməsi və guya İŞİD-i vurması ilə bizdə MTN-in girovlarının azadlığa çıxmasının eyni vaxta düşməsi taleyin ironiyasıdırmı?
Kim bilir, bəlkə girovların qılınclanması videoları da var.

Bizə qoşulun