90-cı illərin ortaları idi. Prezident Əliyev məmurları yığıb iclas keçirirdi, Gömrük Komitəsinin yaranmasından keçən üç il ərzində idarənin rüşvət bataqlığına dönməsindən danışırdı. Deyirdi bu cür idarədənsə kaş heç onu yaratmazdıq. Kamera önünə komitənin sədri, suç keçisi olmaq üçün yetərincə böyük qabaritlərə malik və daha çox “suç danası” adlandırılmağa layiq Tahir Əliyev çıxır. Tahir müəllimin tarixi çıxışı efirə verilir, bütün Azərbaycan xalqı ekstaza gəlib qarnını tutur, gülməkdən az qalır partlamaya düşsün: “Heydər Əliyeviç, bizim gömrükdə yığdığımız hamısı rüşvət deyil. İçində rüsum da var. Hamısı puldur da, nə fərqi var?”.
Türkün sözü, il 2000. Məşhur “Aeroport müşavirəsi”. Yenə sükan arxasında Heydər Əliyevdir. Yenə gömrükdə yığılan saysız rüşvətlərdən, bunun nəinki sahibkarlarımızı, hətta xaricdən gələn iş adamlarını da incidib Azərbaycandan didərgin salmasından bəhs olunur. Prezident ölkəmizə yatırım qoymağa gələn, ancaq Binə aeroportunda gömrükçülərin 100 dollar rüşvət istəməsi üzündən qayıdıb başqa ölkəyə uçan yapon biznesmendən bəhs edir. Deyir ki, o yaponla Avropada bir tədbirdə rastlaşıb, adam şikayət edib. Prezident kütləni idarə eləməyin incəliklərinə yüksək bələdliyini göstərib çıxışını belə pafoslu kədərlə bitirir: “Yazıq yapon”...
Həmin müşavirə gömrüyün təzə rəisi ilə - nəinki Tahir Əliyevi, gələcəkdə çoxlarını qatlayıb cibinə qoyacaq fövqəltəbii şəxsiyyətlə məzələnməklə də yadda qalır: “Hanı qızıl saatın? Bura ucuz saat taxıb gəlmisən. Hamınız oğrusunuz”.
İl 2015. Azərbaycan xalqı gömrük rüsumlarını yumşaldan hansısa yeni fərmandan danışır. Köhnə hamam, köhnə tas. Deyəsən qalaktikamız olan Süd yolu bir gün qara dəliyin içində yoxa çıxacaqdır, lakin biz hələ də gömrükdə rüşvət problemini həll edə bilməyəcəyik. Çox mifoloji bir problem halını almışdır. Sanki sərhəddə əjdaha oturub, qurban tələb edir. Sanki orada yığılan pullar kimə gedir, yığan kimlərdir - heç kim bilmir. Başqa dünya xalqları “toyuq əvvəldir, yoxsa yumurta”, “ideya qabaqdadır, yoxsa materiya”, “kainat genişlənir, yoxsa daralır” tipli müzakirələr açarkən bizim uca millətimiz “gömrük birinci yaranıb, yoxsa rüşvət”, “gömrük generallarının qarnı və boynu yekəlir, yoxsa daralır” tipli elmi mübahisələr etməkdədir. Bu mübahisələrdə işıq ucu görünmür.
Köhnə ilə yenini müzakirə və müqayisə etmişkən (əslində bizdə hər şey Eynşteynin nəzəriyyəsi kimi nisbidir, o cümlədən kiminsə təzə, kiminsə köhnə olması; “yeni yaxşı unudulmuş köhnədir” məsəlini də yazaq, lap ağıllı görünək) Milli Təhlükəsizlik Nazirliyi ətrafındakı proseslərə bir vətəndaş etirazımı bildirmək istəyirəm.
Belə olmaz, yoldaşlar. Gör neçə general-mineral tutulub, o boyda nazirlik Qazan xanın obasının kafir hücumundan sonrakı yağmalanmış vəziyyətindədir, lakin biz zəhmətkeşlər hələ də bir normal AzTV süjeti görmürük. Bəs hanı evlərdən çıxan qızıl külçələr, villalar, hovuzlar, qızlar, qızıllar? Belə də tamaşa olar? Xalq təkcə qırmanc və yavan çörək gəvələməklə keçinə bilməz, ona tamaşa da göstərmək lazımdır. Mədəni istirahətimiz, asudə vaxtımızın təşkili lazımdır. Dədə Qorqud demişkən: “Hanı dediyim videoçəkənlər, AzTV-dəki İbrahimlər, İTV-dən İsmayıl Ömərovlar, Qara halqaya salınmalı generallar var ikən, Əcəl aldı, yer gizlədi, Fani efir Nuşirəvana qaldı, Gəlimli-gedimli idarə, son ucu-filan...”
Əylənmək də lazımdır, təkcə kötəkdən həzz almaq düz deyil. 37-ci il repressiyasının qaynar vaxtında Stalin Kremldə gedəndə qabağına aparat işçilərindən biri çıxır. (Soyadı yadımda deyil, olsun İvanov). Stalin bunu görəndə deyir: “Yoldaş İvanov, sizi hələ tutmayıblar?”. Adam evə gələndə arvad-uşaqla vidalaşır, bir neçə ay dəhşətlə gözləyir ki, indi gəlib aparacaqlar. Lakin heç kim gəlmir. 42-ci ildə yenə Kremldə rastlaşırlar, Stalin deyir: “Aaa, İvanov, siz hələ azadlıqdasınız?”. Bədbəxt İvanov yenə bir neçə ay ürək-göbəyini yeməli olur. Müharibə bitir, 45-ci ildə Qələbə münasibəti ilə Kremldə ziyafət düzəldilir. Stalin çıxış edir, deyir: “Doğrudur, çox çətin günlər gördük, ancaq zarafatımızdan da qalmırdıq”. Bu zaman İvanova tərəf dönüb göz vurur: “Düz demirəmmi, yoldaş İvanov?”
Belə işlər də görülsün, yoxsa indi “muzıkantlar” o tərəfdə çalır, xalq da bu tərəfdə oynamalıdır. Bu iş fonoqramla olmur.
