Avropa Yay Oyunları bitdi. Amma bu yarışlar haqqında hələ çox danşılacaq, buna şübhəniz olmasın. Özü də daim deyiləcək ki, Azərbaycan Avropanın adına bağlı olan ilk oyunlara ev sahibliyi edərkən onun xeyrindən çox, ziyanına danışan elə Avropanın özü oldu.
Doğrudan da bu, bir sirrdir, az qala bütün seçkiləri “demokratiyaya doğru daha bir addım” sayıb ölkədəki demokratik qüvvələri də özündən narazı salan Avropa qurumlarına bu yay nə olmuşdusa, hələ ki, bilən yoxdur.
Ancaq Avropa nə qədər qərəzli olsa belə, bu, bizə haqq vermir ki, Qarabağ veteranı Tofiq Yaqublunu həbsdə saxlayaq. İsmayıllı hadisələrinin günahkarları indi lacivərd sularda cənnət keyfi çəkirlər, bu hadisələrə heç bir aidiyyatı olmayan Tofiq Yaqublu isə yayın bu qızmarında “zon”da içməli su gəzir…
Qarabağ qazisi İlham Zəkiyevin Avropa Oyunlarının açılış törəninə məşəl gətirməsi, rəqibini məğlub edib ölkəmizə qızıl medal qazandırması yaddaqalan hadisələrdən oldu. Xüsusilə də müharibə veteranının çempion adını Silahlı Qüvvələrimizin yaranma günündə qazanması, medalı aldıqdan sonra ölkə prezidentini də fəxri kürsüyə dəvət etməsi hər bir azərbaycanlıda xoş ovqat yaratdı. Hətta prezident İlham Əliyev də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayındə heyətini qəbul edərkən İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu dedi.
Bu, uzun müddətdir barəsində danışılan “Avropa Oyunlarından sonra nə olacaq” sualına da dolayısı ilə verilən reaksiya hesab edilə bilər. Avropa Oyunları bir daha sübut etdi ki, Azərbaycan qarşısına qoyduğu vəzifələrin öhdəsindən gəlməyi bacardı. Həm dövlət böyük bir yarışlara hazırlığı cəmi 2 ilə yekunlaşdıra bildi, həm idmançılarımız ölkənin adını onlarla dövlətlə rəqabətdə ən azı ikinci pilləyə qaldırmağı bacardı…
Deməli, daha böyük hadisələrin ev sahibliyinə də iddia etməyə haqqımız, cəsarətimiz, bacarığımız var, onu gerçəkləşdirməliyik. Bu gün Azərbaycanı Qarabağa sahiblik etməyimiz düşündürür. Avropa Oyunlarının məşəli ölkənin yalnız 80 faiz ərazisində gəzdirildi. Avropa bunu görmədi, bəlli, amma Azərbaycan dövləti və milləti bu məsələni sinirə bilməz. Biz bu günlərdə də erməni işğalçıların ərazilərimizdə öz məşəllərini yandırmasının şahidi olduq, ərazilərimizi yandırmaqda davam etdilər, hətta erməni idmançılar Bakıda yarışarkən belə. Onu da unuda bilmərik ki, Avropanın bir önəmli təşkilatından işğalçıya bu ağzınlığa görə etiraz gəlmədi. O mənada şübhə yox ki, İlham Əliyev Qarabağda gözlərinin işığını itirən İlham Zəkiyevin qələbəsinə xüsusi önəm verməklə “Qarabağsız Azərbaycan” görmək istəyənlərə mesajını vermiş oldu.
Şübhə etmirəm ki, bu mesaj həbsdəki bir çox dəyərli insanlarımızın, xüsusilə Qarabağ qazisi Tofiq Yaqublunun da ürəyindən oldu. Çünki Tofiq bəy və digər məhbuslarımız da Azərbaycanı azad, bütöv, firavan görmək istəyir. Məncə, yüksək səviyyədə keçirilən Avropa Oyunlarından sonra atılan ən gözəl addım siyasi məhbusların azadlığa buraxılması olardı. Xüsusilə də Müqəddəs Ramazan ayında. Bu, cəmiyyət olaraq birliyimiz istiqamətində növbəti addım, həm də Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyənlərə cavab olardı. Bununla sübut edə bilərik ki, Şərirqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Avropa dəyərlərinə, Avropa oyunlarına da sahib çıxmağı bacarır, vətəndaşına da…
Hüquq müdafiəçilərinin dediyinə görə, hazırda siyasi məhbusların siyahısında 80 nəfərin adı var. Təbii ki, bütün məhbusların azad edilməsi real görünmür. Amma heç olmasa 56 nəfəri əfv etmək olar – Avropa Oyunlarında qazandığımız medalların sayı qədər. Bu da olmasa, ən azı 21 qızıl medalçının sayı qədər. İstənilən halda nəsə etmək, hansısa addım atmaq lazımdır. Bu məqamda atılan addım Azərbaycan cəmiyyətinin sifarişi, istəyi, arzusu kimi dəyərləndiriləcək, daha Qərbin təzyiqlərinin nəticəsi kimi yox.
Ermənistan hadisələri göstərdi ki, Gömrük İttifaqına qoşulmaq Azərbaycan üçün alternativ sayıla bilməz. Budur, ermənilər “Yeni SSRİ”-nin ilk zərbəsini aldılar – 16 faizlik elektrik tarifləri artımı – iqtidar da çarəsizdir, xalq da. Rusiya Azərbaycanı da öz yanına çəkmək istəyir. Hələ istəyinə nail olmayıb, amma Avropanın alternativ qaz ölkəsi olan ölkəyə öz qazını satır. Görün Gömrük İttifaqında olsaq, qarşımıza hansı şərtlər qoyular…